Uşaqları fastfuddan necə uzaq tutmaq olar?

8 İyul, 2026 - 10:04
Uşaqları fastfuddan necə uzaq tutmaq olar?

Məktəblilər arasında fastfud məhsullarına marağın artması mütəxəssisləri narahat edən əsas məsələlərdən biridir. Bu qidaların uzunmüddətli perspektivdə uşaqlara mənfi təsir göstərdiyini açıqlayan həkimlər bildirirlər ki, qeyri-sağlam qidalanma artıq çəki, həzm problemləri və digər sağlamlıq risklərinin yaranmasına zəmin yaradır. Bu baxımdan valideynlərin qida seçimində nəzarəti və məktəblilərin düzgün qidalanma vərdişlərinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bəs uşaqların fastfuda meylini azaltmaq və sağlam qidalanma mədəniyyətini necə formalaşdırmaq olar?


Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan qida mütəxəssisi Fərid Səfərov bildirib ki, məktəblilər arasında fastfud məhsullarına marağın artması həqiqətən narahatlıq doğuran məsələlərdəndir:

“Lakin burada təkcə fastfudu günahlandırmaq düzgün olmaz. Problemin əsas səbəbləri qeyri-sağlam qidalanma vərdişləri, fiziki aktivliyin azalması, uzun müddət ekran qarşısında qalmaq və yüksək kalorili qidaların tez-tez istehlak edilməsidir.

Bu problemin qarşısını almaq üçün, ilk növbədə, ailədə sağlam qidalanma vərdişləri formalaşdırılmalıdır. Valideynlər uşağa qadağalar qoymaq əvəzinə sağlam seçim etməyi öyrətməlidirlər. Əgər uşaq evdə balanslı və dadlı qidalarla qidalanırsa, fastfuda olan maraq da tədricən azalır”.

Ekspert bildirib ki, məktəbə gedən uşaqlar üçün səhər yeməyi xüsusilə vacibdir:

“Səhər yeməyi yemədən məktəbə gedən uşaqlar gün ərzində daha çox kalorili qəlyanaltılara və fastfud məhsullarına üstünlük verirlər. Məktəb çantasına meyvə, qatıq, pendirli sendviç, qoz-fındıq kimi sağlam qəlyanaltılar qoymaq da düzgün seçim etməyə kömək edir.

Valideynlər həmçinin qazlı və şəkərli içkilərin, paketlənmiş çipslərin, şirniyyatların gündəlik istifadəsini məhdudlaşdırmalı, əvəzində su, ayran, təzə meyvə və evdə hazırlanmış qidalara üstünlük verməlidirlər. Fastfud tamamilə qadağan edilməməlidir, lakin onun istehlakı nadir hallarda və ölçülü şəkildə olmalıdır.

Bununla yanaşı, uşaqların hər gün ən azı bir saat fiziki aktiv olması da artıq çəki və piylənmənin qarşısının alınmasında mühüm rol oynayır. Sağlam qidalanma və aktiv həyat tərzi birlikdə tətbiq olunduqda həm artıq çəki riski azalır, həm də uşaqların fiziki və zehni inkişafı daha sağlam olur”.