Uşaqlıqdan iş həyatına: qanun nə deyir?

6 Fevral, 2026 - 10:01
Uşaqlıqdan iş həyatına:

Uşaqlıqdan yetkinliyə aparan yol təkcə yaşın artması ilə ölçülmür. Bu yol bilik, təcrübə və məsuliyyət hissinin tədricən formalaşdığı bir mərhələdir. Məhz uşaq və yeniyetməlik dövründə ilk əmək vərdişləri yaranır, övladlarımız cəmiyyət içində öz rolunu dərk etməyə başlayır. Bəzən bu, yay tətilində görülən kiçik bir iş ailəyə dəstək məqsədilə atılan ilk addım olur. Hər bir halda, yetkinlik yaşına çatmayan şəxsin əmək fəaliyyəti sadəcə iqtisadi münasibət deyil, onun fiziki, psixoloji və mənəvi inkişafına birbaşa təsir göstərən mühüm amildir.

Onu da qeyd edək ki, uşaqların və yeniyetmələrin iş həyatına cəlb edilməsi bütün dünyada hüquqi baxımdan həssas məsələdir. Bu səbəbdən yeniyetmələrin əmək fəaliyyəti cəmiyyətin ümumi qaydalarına buraxılmır və “böyüklərlə eyni şərtlər” prinsipi ilə yanaşılmır. Hüquqi baxımdan bu sahə xüsusi yanaşma tələb edir. Dövlət, bir tərəfdən,yetkinlik yaşına çatmayan şəxslərin əmək prosesinə cəlb olunmaq, bacarıqlarını sınamaq və sosial həyata adaptasiya etmək hüququnu tanıyır, digər tərəfdən isə onları ağır, zərərli və istismar xarakterli işlərdən qorumağı öz üzərinə götürür.

Məhz buna görə də yetkinlik yaşına çatmayan şəxslərin əmək hüquqları xüsusi hüquqi normalarla tənzimlənir. Əmək qanunvericiliyində onların işə qəbul yaşı, iş vaxtının müddəti, əmək şəraiti, istirahət hüququ, eləcə də təhsillə əməyin uzlaşdırılması məsələləri ayrıca qaydada müəyyən edilir. Bu hüquqi mexanizmlərin əsas məqsədi uşaq və yeniyetmələrin əmək fəaliyyətini məhdudlaşdırmaq deyil, onu təhlükəsiz, ədalətli və inkişafyönümlü şəkildə təşkil etməkdir.

Azərbaycanda bu məsələ necə tənzimlənir?

Ölkəmizdə yetkinlik yaşına çatmayan şəxslərin əmək fəaliyyəti ümumi qaydalarla deyil, xüsusi normativ-hüquqi sənədlər əsasında tənzimlənir. Bu sənədlər yeniyetmələrin əmək hüquqlarını tanımaqla yanaşı, onların sağlamlığını, təhsilini və normal inkişafını qorumağı əsas məqsəd kimi müəyyən edir.

Bu sahəni tənzimləyən əsas normativ-hüquqi sənədlər Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalardır.

Azərbaycan Respublikasının Konstitusiyası uşaqların hüquqlarının dövlət tərəfindən qorunduğunu təsbit edir və məcburi əməyin yolverilməzliyini müəyyən edir. Bu ümumi prinsip əmək qanunvericiliyinin əsasını təşkil edir. Yetkinlik yaşına çatmayan şəxslərin əmək hüquqları birbaşa və ətraflı şəkildə məhz Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Burada işə qəbul yaşı, iş vaxtının müddəti, əmək şəraiti, qadağan edilən işlər, əlavə təminatlar ayrıca normalarla müəyyən olunub. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu isə uşaqların istismarının qarşısının alınmasını, onların sağlamlığına və mənəvi inkişafına zərər vura biləcək fəaliyyətlərdən qorunmasını nəzərdə tutur. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar, xüsusilə BMT-nin Uşaq Hüquqları Konvensiyası Beynəlxalq Əmək Təşkilatının (BƏT) uşaq əməyinə dair konvensiyaları milli qanunvericiliyin formalaşmasına təsir göstərir və qoruyucu yanaşmanı gücləndirir.

Ölkəmizdə yeniyetmələrin əmək fəaliyəti üçün yaş həddi və əsas şərtlər necədir? 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 249-cu maddəsinə əsasən, yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Əmək Məcəlləsinin 46.4. maddəsində qeyd olunur ki, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.

Yaşı 18-dən az olanların əməyinin tətbiqi qadağan olunduğu işlər 

Əmək Məcəlləsinin 250-ci maddəsində də göstərilir ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.

Daha sonra Əmək Məcəlləsinin 251-ci bəndində bildirilir ki, yaşı 18-dən az olan işçilərin bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.
Həmçinin Əmək Məcəlləsinin 91.2. bəndində göstərilir ki, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilərə 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, eləcə də hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Yaşı 18-dən az olan işçiləri gecə vaxtı, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsinin qadağan olunması Əmək Məcəlləsinin 254-cü maddəsində təsbit olunub. Həmçinin axşam saat 20:00-dan səhər saat 07:00-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir.

Əmək müqaviləsinin ləğv edilməsində yaşı 18-dən az olan işçilərin təminatı 

Yaşı 18-dən az olan işçilərin təminatı ilə bağlı Əmək Məcəlləsinin 255-ci maddəsində qeyd olunur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz.

Məcəllənin 252-ci maddəsində yaşı 18-dən az olan şəxslərin işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilməsi və onların 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməsi də öz əksini tapıb. 

“İşləyə bilər, amma qorunaraq və nəzarət altında”

Bir məqamı da xüsusi qeyd edək ki, qanunvericilik onu da açıq şəkildə bildirir ki, yetkinlik yaşına çatmayanların əmək fəaliyyəti təhsil hüququnu məhdudlaşdırmamalı, məktəbə davamiyyətinə və dərs prosesinə mane olmamalıdır.

Göründüyü kimi, bu qaydaların məqsədi yeniyetmələri əmək bazarından kənarlaşdırmaq deyil. Əksinə, məqsəd onların ilk iş təcrübəsini təhlükəsiz şəraitdə qazanmasını təmin etmək, istismarın qarşısını almaq, fiziki və psixoloji inkişafı qorumaqdır. Yəni yeniyetmələrin işləməsinə hüquqi baxımdan yanaşma belədir: “İşləyə bilər, amma qorunaraq və nəzarət altında”.