Vahid doktorluq dərəcəsi modelinə keçilsin - Deputatdan təklif
“Azərbaycan 30 ildən çoxdur ki, Avropa təhsil sisteminə uyğun olaraq bakalavr və magistr pillələrini tətbiq etsə də, sovet dövründən qalan iki mərhələli elmi müdafiə sistemi hələ də saxlanılır. Magistr dissertasiyalarının elmə real töhfə verməməsi bu mərhələnin səmərəliliyini sual altına alır".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında deputat Vasif Qafarov deyib.
Vasif Qafarov elmi dərəcələrin verilməsi sahəsində mövcud ikipilləli müdafiə sisteminin beynəlxalq təcrübəyə uyğun olmadığını qeyd edərək bu mexanizmin mərhələli şəkildə ləğv edilməsi və vahid doktorluq dərəcəsi modelinə keçid edilməsini təklif edib.
Deputat hazırkı sistemdə elmi dərəcə və adların verilməsinin uzunmüddətli və bürokratik olduğunu, bu prosesin gənc tədqiqatçıların akademik karyerasına maneə yaratdığını deyib. O bildirib ki, beynəlxalq təcrübədə alimlər 40–45 yaşına qədər bütün əsas mərhələləri keçərək formalaşmış mütəxəssis kimi fəaliyyət göstərirlər.
Vasif Qafarov elmi irəliləyişin mərhələlər üzrə deyil, tədqiqatçının real elmi nəticələri – nəşrlər, sitat indeksləri və layihə fəaliyyətləri əsasında qiymətləndirilməsini daha məqsədəuyğun sayıb.
Onun sözlərinə görə, vahid doktorluq müdafiə mexanizminin tətbiqi, müdafiə prosesində xarici ekspertlərin iştirakı və akademik azadlıqların gücləndirilməsi elm və ali təhsilin keyfiyyətini artıracaq.
MM üzvü əlavə edib ki, Elm və təhsil komitəsi bu istiqamətdə qanunvericilik təşəbbüsləri irəli sürməli, 2026-cı ilin yaz sessiyası çərçivəsində təhsil və elm sistemində dərin, sistemli və beynəlxalq təcrübəyə əsaslanan islahatlar əsas prioritet kimi müəyyənləşdirilməlidir.



