Vahid geyim forması həm də bir tərbiyə nümunəsidir - İsmayıl Hacıyev

16 Oktyabr, 2026 - 13:09
Vahid geyim forması həm də bir tərbiyə nümunəsidir

“Vahid məktəbli formasının çox böyük üstünlükləri var. İlk növbədə, məktəblər arasında fərq qoyulmur, şagirdlər eyni geyimdə təhsil müəssisəsinə gəlirlər. Bu, həm də nizam-intizam deməkdir. Vahid geyim forması şagirdlər arasında geyimə görə fərqlərin azalmasına, diqqətin isə biliklərə yönəlməsinə kömək edir”.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib.
Akademik bildirib ki, vahid məktəbli forması ənənəsi təkcə Azərbaycana xas deyil. Tarixən də ölkəmizdə təhsil müəssisələrində vahid geyim nümunələri mövcud olub. Qori Müəllimlər Seminariyasında və Hacı Zeynalabdin Tağıyevin yaratdığı qız məktəbində tətbiq olunan geyim qaydaları buna nümunədir.

İ.Hacıyevin sözlərinə görə, məktəbdə diqqət şagirdin biliyinə, bacarığına və təhsil nailiyyətlərinə yönəlməlidir. Vahid geyim qaydaları bu baxımdan ümumi təhsil mühitinin formalaşmasına və şagirdlər arasında bərabərliyin qorunmasına xidmət edir: “Şagirdlər arasında geyimə görə fərqlərin yaranması onların psixoloji vəziyyətinə və kollektivdə özlərini necə hiss etmələrinə təsir göstərə bilər. Buna görə də məktəbdə müəyyən edilmiş geyim qaydalarına əməl olunması vacibdir. Valideynlər də övladlarının məktəb mühitində rahatlığını və digər şagirdlərlə münasibətlərini nəzərə almalıdırlar”. 

O, müəllimlərin geyim məsələsinə də xüsusi diqqət yetirilməsinin təqdirəlayiq olduğunu  qeyd edib. Bildirib ki, müəllim yalnız bilik verən deyil, həm də tərbiyəçidir. Onun geyimi, davranışı və danışıq tərzi şagirdlər üçün nümunə təşkil edir: “Müəllimin geyimi, fəaliyyəti, davranışı və danışığı şagirdə böyük tərbiyəvi təsir göstərir. Şagird müəllimin hərəkətlərindən gələcək fəaliyyəti üçün nümunə götürür. Buna görə də müəllimlər öz geyimlərinə və davranışlarına diqqətlə yanaşmalıdırlar. Bu məsələ yalnız ümumtəhsil məktəblərində deyil, ali təhsil müəssisələrində də nəzərə alınmalıdır”. 

Akademikdünyəvi təhsil prinsipləri ilə milli-mənəvi dəyərlərin qorunmasının bir-birinə qarşı qoyulmasının dözülməz olduğunu vurğulayıb. Onun fikrincə, məktəbin əsas vəzifələrindən biri şagirdlərə elmi biliklər verməklə yanaşı, onları milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və məsuliyyətli vətəndaşlar kimi yetişdirməkdir.

İ.Hacıyev həmçinin məktəb-valideyn münasibətlərində qarşılıqlı anlaşmanın vacibliyinə diqqət çəkib: "Mən hesab edirəm ki, cəmiyyətdə bu məsələlərlə bağlı qarşıdurmaların yaranmasına yol vermək olmaz. Müəllimlər, ziyalılar və valideynlər uşaqların mənafeyini hər şeydən üstün tutmalıdırlar.

Valideyn istəyir ki, övladı düzgün tərbiyə olunsun və gələcək həyatında uğur qazansın. Bunun üçün ailə məktəblə əməkdaşlıq etməli, müəllim və məktəb rəhbərliyi ilə münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır. Uşaq valideyninin müəllimə münasibətini də müşahidə edir və bu münasibət onun davranışlarına təsir göstərir". 

Akademik hesab edir ki, vahid məktəbli forması və müəllimlərin işgüzar geyim qaydaları məktəb mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Bu qaydaların məqsədi şagirdlərin diqqətini geyim fərqlərindən uzaqlaşdıraraq təhsilə, biliyə və şəxsi inkişafa yönəltməkdir: "Məktəbin dünyəvi təhsil prinsiplərinə uyğun fəaliyyəti, müəyyən edilmiş geyim qaydalarına əməl olunması və şagirdlər arasında bərabər mühitin qorunması vacibdir. 

Əsas məqsədimiz məktəblərdə sağlam, təhlükəsiz və müasir təhsil mühiti yaratmaq, gəncləri elmi biliklərə yiyələnən, milli-mənəvi dəyərlərinə bağlı və vətənpərvər vətəndaşlar kimi yetişdirmək olmalıdır".