"Valideynlərimi yormamaq üçün tələbə kreditinə müraciət etdim"
Fidan Cavadlı hələ tələbədir. Bakalavr təhsili alır. II kursdan təhsil krediti ilə oxuyur. Deyir ki, təhsil tələbə krediti o qədər sərfəlidir ki, əgər magistratura təhsili də ödənişli olarsa, onu da kreditlə oxumaq niyyətindədir.
Təhsil tələbə kreditinin “Standart” növündən yararlanır. Hazırda növbəti semestr üçün kredit götürməyə hazırlaşır.
Arzuladığı ixtisasa qəbul olundu
Fidan Cavadlı Şirvan şəhərindəndir. Orta təhsilini Şirvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə aldıqdan sonra Bakı Dövlət Universitetinin tələbəsi olmaq şansı qazanıb. Arzuladığı “Politologiya” ixtisasına ödənişli əsaslarla qəbul olunub. Ödənişli təhsil almaq heç də asan deyil. Bilirdi ki, ödənişli təhsil ailəsi üçün çətinlik yarada bilər. Tərəddüd etsə də, ailəsinin dəstəyindən imtina etməyib: “Bu ixtisas üzrə təhsil almağı çox istəyirdim, valideynlərim də təhsil almağım üçün əllərindən gələni edəcəkdilər”.
Təhsil tələbə krediti çıxış yolu oldu
Birinci kursu ailəsinin dəstəyi ilə oxuyub. Bu bir il ərzində yoldaşları arasında adı tez-tez hallanan Təhsil Tələbə Krediti Fondu (TTKF) və onun layihələri Fidanın da diqqətini çəkib: “Fond haqqında ödənişli əsaslarla oxuyan qrup yoldaşlarımdan ilkin məlumatı aldıqdan sonra dərindən araşdırmağa başladım. Araşdırdıqca çox üstünlüklərini gördüm. Əvvəla, çox sərfəlidir. Fondun dəstəyini aldıqdan sonra normal şərtlərdə onu qaytarmaq çətin deyil. Kreditdən yararlanaraq həm də valideynlərimin üzərinə qoyduğum yükü götürəcəkdim. Məni ən çox bu sevindirdi. Ən böyük üstünlüyü isə yaxşı oxuyanlara verilən güzəştlərdir. Bu amil məni daha yaxşı oxumağa həvəsləndirəcəkdi. Yaxşı oxuyaraq güzəştlər əldə edə biləcəyimi bilmək xüsusilə cəlbedici göründü və müraciət etməyə qərar verdim”.
Asan rəsmiləşdirmə
Təhsil krediti ilə oxumağa qərar verib və müraciət edib: “Çox sadə proses keçərək müraciət etdim. Rəsmiləşmə bir göz qırpımında tamamlandı və təhsil haqqı universitetə ödənildi”.
Yaxşı oxuduğu üçün borcunun 25 faizi silinir
Hazırda Fidan universitetdə təhsilini yüksək akademik göstəricilərlə davam etdirir: “Orta müvəffəqiyyət göstəricim 91-dən çox, yəni 98.6 olduğundan güzəşt olunacaq. Qaydalara görə, kreditin standart növündə hər semestr üzrə tələbənin ortalaması 91-dən yuxarı olarsa, kreditin 25 faiz silinir”.
2023-cü ildən tələbə adı qazanan Fidan II kursun birinci semestrindən, yəni 2024-cü ildən təhsil krediti ilə oxumağa başlayıb. Hazırda III kursda oxuyan tələbə növbəti semestrdə də kredit üçün Təhsil Tələbə Krediti Fonduna müraciət edəcək: “Nəinki bakalavr təhsilimi, sonra lazım gələrsə, magistraturada da təhsil krediti ilə oxuyacağam”.
Faydasını uzun illər sonra da hiss edəcəyi bir təcrübə qazandı
Fidan deyir ki, Fondu tanıyandan sonra əməkdaşlığını gücləndirib. Belə ki, bir çox layihələri olan TTKF-də o da özünün yumşaq bacarıqlarını inkişaf etdirə biləcəyi, ictimai fəal şəxsə çevriləcəyi layihələrdə iştirak edib: “TTKF-nin “Könüllülük proqramı” çərçivəsində, könüllü olaraq fəaliyyət göstərmişəm. 2 ay davam edən könüllü fəaliyyət mənim üçün çox fərqli təcrübə oldu. Vətəndaşlarla işləmək çox maraqlı idi. Bu təcrübə gələcəkdə də yararlanacağım, faydasını uzun illər sonra da hiss edəcəyim bir təcrübə oldu”.
Fidana görə bu təcrübə onun üçün həm də mənəvi baxımdan dəyərli olub: “Vətəndaşlarla iş zamanı təsirləndiyim anlar olurdu. Təhsil üçün kredit götürüb onu çox sadə və rahat yolla qaytara biləcəyini deyəndə qarşımdakı insanın gözlərində, çöhrəsində yaranan ümidi görmək çox gözəl bir hiss idi. Hiss olunurdu ki, onun üçün bir işıq yolu görünür. Xüsusən, qarşımızdakı bir valideyndirsə, bu təsir qat-qat artıq olurdu. Onlar mənə övladlarının arzularını reallaşdıracaq bir açar tapmış kimi təsir bağışlayırdılar”.
Təhsil tələbə krediti ilə oxu, xəyallarının üfüqlərini genişləndir
Fidan üçün bu təcrübə həm də əlində olan məlumatı vətəndaşa ən sadə yolla çatdırmaq üsulu verib: “Vətəndaşla normal şəkildə danışmağı, ona məlumatı anlayacağı şəkildə verməyi öyrəndim. Ən əsası, Fondun işini, bu işin mahiyyətini öyrəndim. Bir daha əmin oldum ki, Təhsil Tələbə Krediti Fondu gənclərin təhsil arzularını reallaşdırmaları, daha böyük xəyallar qurmaları üçün hazırlanan çox böyük layihədir”.


