“Vaxt azaldıqca həyəcanım artırdı” – 60 bal toplayan müəllim imtahan anlarından danışır

17 İyun, 2026 - 16:04
“Vaxt azaldıqca həyəcanım artırdı” – 60 bal toplayan müəllim imtahan anlarından danışır

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesində ötən il yüksək nəticə göstərən müəllimlərdən biri də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki Ucar rayon M.Tehmirov adına Boyat kənd tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Fəridə Məhərrəmova olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, 6 ildir həmin məktəbdə riyaziyyat fənnini tədris edən müəllim sertifikatlaşdırmanın test imtahanı mərhələsində mümkün 60 balı toplayıb.

Fəridə Məhərrəmova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, imtahanın kompüter vasitəsilə keçirilməsi ilk anlarda müəyyən həyəcan yaratsa da, proses şəffaf və peşəkar şəkildə təşkil olunub:
“Biz riyaziyyatçılar kağıza, qələmə və lövhəyə toxunaraq düşünməyə daha çox öyrəşmişik. Buna görə də kompüter arxasında əyləşib ekrandakı suallarla üz-üzə gəlmək ilk dəqiqələrdə məndə də hər bir həmkarım kimi müəyyən həyəcan yaratdı. Ekrandakı vaxtın sürətlə azaldığını gördükcə həyəcanım birə-beş artdı. Axı qarşımızdakı sadəcə bir sınaq deyil, illərlə verdiyimiz əməyin rəsmi qiymətləndirilməsi idi”.

Müəllimin sözlərinə görə, imtahan zamanı əsas diqqəti zamanın düzgün idarə olunmasına və sualların diqqətlə cavablandırılmasına yönəldib:

“Zamanı düzgün idarə etməyə çalışdım və hər bir suala maksimum diqqətlə yanaşdım. Ümumilikdə imtahan prosesi çox şəffaf və peşəkar şəkildə təşkil olunmuşdu”.

Fəridə Məhərrəmova yaxşı nəticə göstərəcəyinə inandığını, lakin maksimum nəticənin onun üçün xüsusi sevinc və qürur mənbəyi olduğunu qeyd edib:

“Yaxşı nəticə göstərəcəyimə inanırdım, çünki çəkdiyim əziyyətə güvənirdim. 60 bal mənim üçün də çox gözəl və qürurverici bir sürpriz oldu. Çünki riyaziyyat elə bir fəndir ki, ani diqqətsizlik səbəbindən mexaniki səhv etmək riski həmişə var. Bu, sadəcə mənim deyil, mənə inanan, dəstək olan doğmalarımın və məktəbimizin uğurudur”.

Riyaziyyat müəllimi hesab edir ki, sertifikatlaşdırma müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından əhəmiyyətli prosesdir. Bununla yanaşı, o, imtahan nəticələrinə yanaşmada müəllimin illərlə qazandığı təcrübənin, şagird sevgisinin və pedaqoji əməyinin də nəzərə alınmasının vacibliyini vurğulayıb:
“Elə savadlı, illərin təcrübəsinə sahib həmkarlarım var ki, sadəcə monitorun yaratdığı gərginlikdən, şüanın gözü yoraraq diqqəti dağıtmasından və ya ani həyəcandan istədikləri balı toplaya bilmədilər. O rəqəmlər heç bir müəllimin daxilindəki şagird sevgisini və həqiqi savadını tam ölçə bilməz”.

Fəridə Məhərrəmovanın fikrincə, müəllim üçün əsas məsələ yalnız imtahan nəticəsi deyil, həm də gündəlik dərs prosesində şagirdə verdiyi bilik, onda yaratdığı öyrənmə marağı və formalaşdırdığı düşüncə bacarığıdır. O bildirir ki, sertifikatlaşdırma müəllimi öz üzərində işləməyə sövq etməli, eyni zamanda müəllim əməyinə həssas yanaşma ilə müşayiət olunmalıdır.