Vəfadar Misirov: İmtahanlardakı qayda pozuntuları ilə bağlı bəzi şəxslər istintaqa cəlb olunub
“Kütləvi informasiya vasitələrində imtahan qaydalarının pozulması ilə bağlı müəyyən bir şəbəkənin ifşa edildiyi, bəzi şəxslərin hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb olunduğu barədə məlumatlar yayılıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi bütün imtahanlarda qayda pozuntularının qarşısının alınması və imtahanların şəffaf keçirilməsi üçün davamlı tədbirlər görür: “Bu tədbirlər mövcud qaydalarda da öz əksini tapır. Hər imtahandan sonra imtahan zamanı aşkar olunan qayda pozuntuları barədə məlumatlar təqdim olunur: neçə telefon aşkarlanıb, hansı pozuntular baş verib və s. Adlar açıqlanmasa da, ümumi statistika ictimaiyyətlə bölüşülür”.
V.Misirov vurğulayıb ki, bu məlumatları paylaşmaqla ilk növbədə valideyn və abituriyentləri maarifləndirmək, onları xəbərdar etmək istəyirlər: “Çünki imtahan qaydalarının pozulması ciddi nəticələrə səbəb olur. Pozuntu faktı aşkarlandıqda qaydanın səviyyəsinə uyğun tədbirlər görülür və bu, imtahan nəticələrinin ləğvinə qədər gedə bilər. Bu dəfə də belə hallar müəyyən olunub, müvafiq şəxslər izahat üçün çağırılıb, bəziləri istintaqa cəlb olunub. Əsas məqsədimiz bu şəbəkəni təşkil edənləri və bu vasitələri təmin edənləri ifşa etməkdir. Həmin şəxslərlə bağlı istintaq başa çatdıqdan sonra Dövlət İmtahan Mərkəzi ictimaiyyətə əlavə məlumat təqdim edəcək”.



