Vətən, səni sevirəm! – Məktəblilər Zəfər sevincini səhnədə yaşadılar

4 Noyabr, 2025 - 16:06
Vətən, səni sevirəm!
Vətən, səni sevirəm!
Vətən, səni sevirəm!

Zaman sanki bir göz qırpımında ötüb keçir. Hər kəsin həyəcan, qorxu, göz yaşı ilə yaşadığı İkinci Qarabağ müharibəsindən beş il ötür. Hər evin, hər küçənin yaddaşında həmin günlərin izi var. O zaman qəlbimizdə bircə arzu vardı: qələbə xəbərini eşitmək. İndi isə noyabr ayı bizə həmin arzunun gerçəkləşdiyini xatırladır. Beş il əvvəl Qarabağ torpağı nəfəsini tutaraq xilaskarını gözləyirdi, indi isə azad nəfəs alır.

Xatırlayıram, mən məktəbdə oxuyarkən hər il keçirilən tədbirlərdə səhnələrimiz, şeirlərimiz torpaq itkilərindən, yandırılmış, itirilmiş yurdlarımızdan, Qarabağ həsrətindən danışardı. Səhnəyə çıxanda qəlbimizdə həm ağrı, həm nisgil, amma bir ümid də vardı: gələn il azad Qarabağda görüşərik” ümidi... 
Bu gün isə həmin səhnələrdə o ümidi reallığa çevirən nəsil dayanır. Artıq məktəblilərimiz qələbənin nə demək olduğunu anlayır, Zəfərin dəyərini uşaq təbəssümü, səmimi baxışlarla yaşadır. Onlar üçün Qarabağ artıq xəritədə itirilmiş torpaq deyil, doğma, azad və qürurlu yurdun adıdır.

Belə tədbirlərdən biri də paytaxtda yerləşən A.Rəhimov adına 247 nömrəli tam orta məktəbdə keçirilib. Uşaqların ifasında səhnəciklər, bədii kompozisiyalar, mahnılar və şeirlər Zəfər Gününün ruhunu sanki bir daha yaşatdı.

Məktəbin qapısından içəri daxil olanda hər birimizin sinəsinə xarıbülbül təsvirli döş nişanı taxıldı. Elə bir nişan ki, qürurun, qələbənin, azad torpağın rəmzi idi. Hər kəs onu qəlbinin üstünə taxarkən o günlərdə döyüşən, canını fəda edənləri bir təşəkkür, minnətdarlıq duyğusu ilə xatırlayırdı. 

Koridorlarda addımladıqca bu hiss daha da güclənirdi. Divarlar, stendlər, masa üzərindəki əl işləri – hamısı zəfərin izlərini daşıyırdı. Rənglər, rəsmlər, xatirələr bir-birinə qarışmışdı. Bəzi əl işlərində bayrağımız yellənirdi, bəzilərində şəhidlərimizin adları yazılmışdı. Uşaqlar, valideynlər və müəllimlər bu bəzəkləri birgə hazırlamışdılar, sanki hər kəs bu günün qüruruna öz payını qatmağa çalışmışdı.

Elə bu an balaca bir oğlan bizə yaxınlaşdı. Adı Ömər idi. Hələ birinci sinifdə oxuyur, inklüziv sinifdə təhsil alırdı. Baxışlarında elə bir sevinc, səmimiyyət vardı ki, dərhal hiss olunurdu: bu uşaq bu günü ürəyinin dərinliyində yaşayır. Ömər söz istəmədən, sanki içindən daşan duyğuları bölüşmək istəyirmiş kimi bədahətən şeirlər söyləməyə başladı. 

Ömərlə yanaşı, inklüziv sinifdə oxuyan başqa bir uşaq isə tədbir üçün xüsusi rəsm hazırlamışdı. Rəsmində ucalan bayraq, arxa fonda azad torpaqlar, bir də böyük hərflərlə yazılmış “Zəfər Günü”. Onların bu sadə, amma dərin ifadələri tədbirin ən saf, ən təsirli anı idi, çünki bu uşaqlar Zəfəri tarix kitablarında yox, həyatdan öyrəniblər.

Vətəndən o yana yoxdur 

Hər şey sevgidən başlayır. İnsan sevgi ilə doğulur, sevgi içində böyüyür, sevgiyə can atır. Ailəyə, el-obaya, insana, həyata olan sevgi – hamısı bir kökdən qidalanır. Amma bu sevgilərin zirvəsində bir duyğu var ki, o, hər şeyin fövqündə dayanır: Vətən sevgisi. Çünki Vətəndən o yana can verməyə torpaq yoxdur...

Tədbirin ilk dəqiqəsi də elə bu sevgi sözləri ilə başladı. Balaca bir qızcığaz səhnədə Zəfəri axtarır, sanki onu hiss etməyə, tanımağa çalışırdı. Ona da anası öyrədirdi Vətəni sevməyi. Biz bu sevgini elə doğulandan öyrənirik, analarımızın laylasında, uşaqlığımızın ilk sözlərində eşidirik.

Arxa fonda səslənən musiqi və ekranda göstərilən görüntülər isə səhnənin təsirini qat-qat artırırdı. İllərlə gördüyümüz, amma hər dəfə ürəyimizi sızladan o kadrlar, dağıdılmış evlər, yandırılmış yurdlar, yollarda qalan insanlar... 

Zəfəri köməyə səsləyən balaca qızcığazın səsinə bu dəfə səhnənin arxa tərəfindən əsgər geyimində gənc oğlanlar hay verdi. O an zalda alqış səsləri eşidildi, amma bu alqış təkcə səhnəyə yox, həmin obrazların arxasında dayanan minlərlə əsl əsgərə idi.

Əsgər geyimindəki oğlanlar Zəfərin simvolu idilər. Onlar təkcə rol oynamırdılar, canını, qanını Vətən uğrunda fəda edən, bu xalqın Zəfər tarixini yazan igidlərin izini daşıyırdılar. Səhnəyə çıxan hər gəncin baxışında inam və qürur hissi vardı. 

Onlar səhnədə elə məğrur dayanmışdılar ki, bu qürurun arxasında müharibədən zəfərlə dönən igidlərimizin ruhu, onların qəhrəmanlığı dayanırdı. Onların varlığı, hekayələri bu gənclərin qəlbində Zəfərin canlı rəmzinə çevrilib.

Bu gecə Şuşadayam, sabaha çox ümid var...

Bu misralar səslənəndə zalda hər kəsin gözləri önündə o qələbə günləri canlanırdı. Şuşanın, azad torpaqların nəfəsi zalın havasına qarışmışdı. 

Səhnədə balaca fidanlar bir-birindən gözəl rəqs nümunələri göstərir, Zəfərə, Vətənə, Qarabağa həsr olunmuş şeirlər səsləndirirdilər. Hər çıxış, hər misra, hər hərəkət Qarabağımızın hər qarış torpağını canı-qanı bahasına geri qaytaran igidlərimizin ruhuna ithaf olunmuşdu. Zalda bu səhnələri izləyənlər arasında şəhid anaları da var idi. Onların baxışlarında həm ağrı, həm də qürur hissi duyulurdu. İllərlə qayğı ilə böyütdükləri övladlarını Vətən uğrunda fəda etmişdilər, amma bu gün o fədakarlığın bəhrəsini, o canların bu azad torpağın dayağına çevrildiyini hiss edirdilər.

Tədbirin keçirildiyi tarix təsadüfi deyildi. 3 noyabr bu məktəbin yetirməsi, Vətən uğrunda şəhid olmuş İsmayıl Kərimlinin şəhadət günüdür. İllər əvvəl bu məktəbin partalarında oturan İsmayıl indi burada qəhrəman kimi anılır. Onun adı məktəbin hər küncündə, uşaqların dilində, səslənən hər “Zəfər” sözündə yaşayır.

Tədbirin sonunda məktəbin direktoru Sitarə Abbasova səhnəyə yaxınlaşıb söz aldı: “Şagirdlərimlə qürur duyuram”, – onun ilk cümləsi belə oldu. Doğrudan da, məktəb bizə yalnız oxumağı, yazmağı, fənlərin sirrini öyrətmir. Məktəb bizə sevməyi, dəyərləri yaşatmağı, Vətənə layiq olmağı öyrədir. Bu bir neçə dəqiqəlik səhnələrin arxasında isə həftələrlə davam edən hazırlıq, həyəcan, zəhmət və böyük sevgi dayanırdı.
Balacalar bu gün təkcə ifaçı deyildilər, onlar bu xalqın gələcəyini formalaşdıran, yaradan, qoruyan bir nəsil kimi səhnədə idilər. Onlar Vətəni sevir, dünəni unutmadan sabaha inamla addımlayırlar. 

Bu səhnədə bir daha aydın oldu ki, Vətən sevgisi nəsildən-nəslə ötürülən ən böyük mirasdır və bu mirası qoruyacaq, ucaldacaq nəsil artıq burada - bu səhnədə böyüyür.