Sertifikatlaşdırma müəllimləri müasir yanaşmalardan istifadəyə həvəsləndirib - Deputat
Təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllimlərin inkişafının təmin olunması istiqamətində həyata keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesi son illərin ən mühüm islahatlarından biridir. Bu mexanizm müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasına xidmət edir. Sertifikatlaşdırmanın nəticələri həm müəllimlərin peşəkar fəaliyyətinə, həm də ümumilikdə təhsil sisteminin inkişafına birbaşa təsir göstərən amillər sırasındadır. Bu baxımdan, prosesin gedişi və nəticələri cəmiyyətdə xüsusi maraq doğurur.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin deputatı Vasif Qafarov bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılmasının əsas məqsədi müəllimlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və müəllim peşəsinin nüfuzunun artırılmasıdır.
Deputat qeyd edib ki, bir neçə il əvvəlki vəziyyətlə müqayisədə bu gün məktəblərdə müəyyən müsbət dəyişikliklərin müşahidə olunduğunu söyləmək mümkündür:
“Sertifikatlaşdırma müəllimləri öz üzərində daha çox işləməyə, biliklərini yeniləməyə, yeni tədris metodlarını öyrənməyə və müasir təhsil yanaşmalarını tətbiq etməyə təşviq edib. Eyni zamanda, yüksək nəticə göstərən müəllimlərin əməkhaqlarının artırılması peşəkar inkişaf üçün əlavə motivasiya yaradıb. Bu proses məktəblərdə sağlam rəqabət mühitinin formalaşmasına da müsbət təsir göstərib. Müəllimlərin özünüinkişaf prosesinə cəlb olunması, bilik səviyyəsinin qiymətləndirilməsi və nəticələrə əsaslanan stimullaşdırma mexanizminin tətbiqi təhsilin keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir”.
Deputatın fikrincə, bununla yanaşı, sertifikatlaşdırmanın müəyyən çətinlikləri və müzakirə olunan tərəfləri də mövcuddur. İmtahanlar daha çox nəzəri bilikləri ölçür, halbuki müəllim fəaliyyətinin əsas göstəriciləri həm də sinif idarəçiliyi, şagirdlərlə ünsiyyət bacarığı və praktik pedaqoji təcrübədir.
V.Qafarovun sözlərinə görə, prosesin daha səmərəli nəticə verməsi üçün bir sıra əlavə addımların atılması məqsədəuyğun olardı:
“İlk növbədə, sertifikatlaşdırma yalnız test imtahanı ilə məhdudlaşmamalı, müəllimin dərs müşahidələri, pedaqoji fəaliyyəti və şagird nailiyyətləri də qiymətləndirməyə daxil edilməlidir. Müəllimlər üçün ilboyu ödənişsiz hazırlıq proqramlarının, onlayn kursların və metodiki dəstək mexanizmlərinin genişləndirilməsi vacibdir. Eyni zamanda, zəif nəticə göstərən müəllimlərə inkişaf proqramları vasitəsilə dəstək göstərilməsi daha effektiv nəticələr verə bilər.
Sonda qeyd edilməlidir ki, sertifikatlaşdırma təhsil sistemində keyfiyyətin yüksəldilməsinə xidmət edən mühüm alətdir. Lakin onun uğuru yalnız imtahanın keçirilməsi ilə deyil, müəllimlərin davamlı inkişafına yönəlmiş kompleks dəstək mexanizmlərinin qurulması ilə təmin oluna bilər. Belə olduqda həm müəllimlərin peşəkarlığı artacaq, həm də şagirdlərin təhsil nəticələrində daha nəzərəçarpan irəliləyiş müşahidə olunacaq”.




