BMU “ADEX 2026”da elmi-tədqiqat nəticələrini təqdim edib
Bakı Mühəndislik Universiteti (BMU) “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (30 sentyabr - 2 oktyabr) elmi-tədqiqat nəticələrini və innovativ həlləri nümayiş etdirib.
"Azərbaycan müəllimi" xəbər verir ki, sərginin ikinci günündə universitetin stendini ziyarət edənlər arasında Milli Məclisin deputatları, müdafiə sənayesi və digər sahələrdə fəaliyyət göstərən tanınmış şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici sərgi iştirakçıları olub. Ziyarətçilərə BMU-da aparılan tətbiqyönümlü elmi-tədqiqat işlərinin nəticələri, onların müdafiə sənayesində tətbiq imkanları və praktiki əhəmiyyəti barədə məlumat verilib.
Sərgidə BMU-nun Kimya mühəndisliyi laboratoriyasında aparılan tədqiqatların nəticəsi olan 11 məhsul və innovativ həll təqdim edilir. Onlar ilkin alışdırma, enerjinin ötürülməsi və gücləndirilməsi, yanma prosesinin tənzimlənməsi və hərəkətverici qüvvənin təmin edilməsi kimi mühüm istiqamətləri əhatə edir. Təqdim olunan həllər arasında müxtəlif tərkiblər, bərk raket yanacağı və nitrosellüloza yer alır.
Tədqiqat nəticələrinin bir qismi müvafiq aidiyyəti qurumlarda praktiki sınaqlardan keçirilib və müsbət nəticələr əldə olunub ki, bu da onların real sənaye ehtiyaclarına uyğunluğunu göstərir.
Sərgidə, həmçinin BMU-nun gənc əməkdaşı tərəfindən LoRa P2P texnologiyası əsasında hazırlanmış “Loko GPS Tracker” innovativ izləmə sistemi nümayiş etdirilir. Mobil rabitə və internet bağlantısının olmadığı ərazilərdə fəaliyyət göstərmək üçün nəzərdə tutulan sistem obyekt və avadanlıqların mövqeyini müəyyənləşdirməyə, koordinatları lokal şəkildə ötürməyə və məlumatları yadda saxlamağa imkan verir. Texnologiyanın pilotsuz uçuş aparatları, axtarış-xilasetmə, elmi-tədqiqat, kənd təsərrüfatı, müdafiə və digər sahələrdə tətbiq potensialı var.




