VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri ELAN OLUNDU
Fevralın 1-də ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında VI Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, onlayn formatda təşkil olunan olimpiadada iştirak üçün 2133 şagird qeydiyyatdan keçib.
Təşkilat komitəsinin qərarına əsasən 100 baldan 65% və yuxarı, yəni ən az 65 bal toplayan iştirakçılar olimpiadanın final mərhələsinə vəsiqə qazanıblar. Finala vəsiqə qazanan şagirdlərə yaxın günlərdə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, VI Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsinin qalibləri Vyetnamda keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Olimpiadaya hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən universitetdə və mərkəzdə təşkil olunacaq. Bundan əlavə, beynəlxalq olimpiadaya seçilən komanda üzvləri üçün Şamaxı Astrofizika Rəsədxanasında bir həftəlik yay düşərgəsi təşkil olunacaq. “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən isə məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər keçiriləcək.
Nəzərinizə çatdıraq ki, komanda Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir.
VI Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə həyata keçirilir.



