Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 İyul 2012 - №27

 

Təhsil tariximiz: yeni bilgilər

Peterburqda oxumuş tələbələrimiz

 

(Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında) 

Yazardan bir neçə söz  

Qəzetdə bu silsilədən verdiyimiz yazılarda indiyədək "qayda-qanun gözləməyə" çalışmışıq; başqa sözlə, tələbələri ali məktəbdə oxuma tarixinə görə ardıcıllıqla təqdim etmişik. Ancaq indi bu ənənəni pozmaq, eyni ailədən çıxmış üç qardaşdan bir yazıda söz açmaq niyyətindəyik. Bunu ona görə edirik ki, hər üç qardaşa aid ortaq bilgilər var və onları üç dəfə təkrarlamaq olmaz. Həm də bu qardaşların taleyi bir-biriylə o qədər çulğaşıb ki, onları ayırmaq da "insafdan deyil".

Xatırladaq ki, Oğuztoğrul Tahirli ilə birgə yazdığımız və məşhur "Türk Yurdu" dərgisində dərc edilmiş "Azərbaycanlı siyasət adamı İbrahim bəy Heydərov (Heydəroğlu)" adlı geniş məqaləmizədək ("Türk Yurdu", Ankara, 2011, cild 31, sayı 291, ss. 326-338) Azərbaycan tarixşünaslığında bu qardaşlar və onların nəsli barəsində heç bir bilgiyə rast gəlmirik. "Azərbaycan müəllimi"nin dəyərli oxucuları isə Heydərov qardaşlarını yeni bir baxış bucağından görəcək, onları SPb. Mərkəzi Tarix Arxivinin materialları işığında tanıyacaq.  

Dərbəndin ağaları 

Haqqında söz açacağımız üç qardaş Azərbaycanın 5 min yaşlı ən qədim şəhərlərindən olan ulu Dərbəndin ilkin soylarının varisləri, zaman-zaman bu şəhərə yiyə çıxmış, yurddaşlarına başçılıq etmiş nəcib bir bəy ailəsinin övladlarıdır. Bu ailənin 19-cu yüzildə yetişmiş ən görkəmli nümayəndələrindən biri Nemətulla bəy Hacı Qasım bəy oğlu Heydərovdur (1827-1901). Dərbənddə doğulmuş, təhsilini burada almış Nemətulla bəy 1843-cü ildən ömrünü çar ordusuna xidmətdə, döyüşlərdə keçirib. 1884-də ona general-mayor çini verilib və qalan bütün həyatını o, doğma Dərbənddə yaşayıb.

Nemətulla bəyin qardaşı Minətulla bəy Hacı Qasım bəy oğlu Heydərov haqqında az şey bilirik. O da çar ordusunda qulluq edib, ancaq əsgərliyi erkən yaşda buraxaraq Dərbəndə dönüb və buradakı evində yaşayaraq təsərrüfatıyla məşğul olub. Minətulla bəyin 3 oğlu olub: İsa bəy, Musa bəyQasım bəy. Musa bəy Dərbənddə özəl mülkiyyətiylə gün keçirib və çox da məşhur deyil. İsa bəysə yazımızın qəhrəmanı olan üç qardaşın atasıdır. Bu üzdən öncə Qasım bəydən danışaq.

Qasım bəy Minətulla bəy oğlu Heydərov (1858-1918) Dərbənddə ibtidai, Bakıda real məktəbi bitirib, hüquq təhsili alıb. Az müddət Peterburqda rus ordusunda qulluq edib və ştabs-kapitan rütbəsində ehtiyata buraxılıb. 1878-də Dərbəndə gəlib və ömrünün sonuna qədər burada yaşayıb, Bakı Dairə Məhkəməsində özəl vəkil işləyib. Uşaqları olmayıb.

Qasım bəy Peterburq Tibbi Cərrahiyyə Akademiyasının (TCA) sərbəst dinləyicisi olaraq tələbə yürüş və çıxışlarına qatılıb. 1878-in noyabrında Xarkov Universiteti tələbələriylə həmrəylik məqsədiylə TCA binası qarşısında keçirilən tələbə nümayişlərinin ilk cərgəsində və ilk tutulanlardan olub (jandarmeriyada "nizamsızlıqlarda daha çox suçlu olanlar" sırasında dindirilib). DİN-lə razılaşma əsasında o, vətəninə sürgün edilərək polis nəzarətinə verilib.

Dərbənddə geniş həyətli xüsusi evi və böyük üzüm bağı vardı. O, üzümçülük və şərabçılıqla məşğul olaraq bu sahədə xeyli uğur qazanıb. 1900-cü ildə Dərbənddə olmuş məşhur fransız səyyahı və arxeoloqu baron Jozef dö Bay (1853-1931) "Türklərin yanına. Dərbənddən Yelizavetpola" kitabında onun haqqında fikirlərini belə bildirir: "Dərbəndin başçısı Türkdür, sözün çağdaş anlamında mədənidir, Avropa qaydasında geyinib, yaxşı şərabçıdır, əla idarəçidir; onun söhbəti onun irqindən olan adamlarda necə böyük keyfiyyətlər tapmaq mümkün olduğunu mənə sübut etdi". Elə bu keyfiyyətləri sayəsində Qasım bəy 1900-də Dərbənd şəhərinin başçısı seçilərək şəhər yığıncağının 3-cü və 4-cü çağırışlarında da təkrarən bu vəzifəyə layiq görülüb.

Sankt-Peterburq Rusiya Dövlət Tarix Arxivində Qasım bəy Heydərovla da bağlı bəlgələr tapdıq (fond 733, siyahı 123, iş 149, vərəq 55-58, 194). Bunların birindən öyrənirik ki, Dərbənd şəhərinin başçısı Qasım bəyin çox yaxından qatqısıyla qurulmuş Dərbənd real məktəbinə onun fəxri himayəçi təyin edilməsi məsələsi ortaya çıxarkən çar Nikolay qərar layihəsi üzərində 8 mart 1903-də öz əliylə "razıyam" yazıb (həmin qaynaq, vər. 194).

1909-cu ildə Qafqaz canişini Vorontsov-Daşkov Qasım bəyin soyadını inqilabi fəaliyyətinə görə şəhər başçılığına namizədlər siyahısından çıxarıb və bundan sonra o, müxtəlif ictimai vəzifələr yerinə yetirib. 1904-1908-də Dərbənd qadın progimnaziyası (1900-də yaradılıb) himayə şurasının üzvü olmuş Qasım bəy 1909-da Dərbənd bağçılıq, üzümçülük, şərabçılıq və bostançılıq məktəbinin hamisiydi.

Bu dönəmdə biz Qasım bəyin Azərbaycanın mətbuat həyatıyla sıx bağlılığını görməkdəyik. Belə ki, o, Bakıda nəşr edilən "Həqiqəti-əfkar" qəzetinin (1911-1912) naşiri (redaktoru: Mirzə Cəlal Yusifzadə), "Təzə xəbər" qəzetinin (1912-1915) redaktoru və sahibi-imtiyazı olub. 1914-də o, Müsəlman Milli Komitəsinin yerli bölümünü yaradıb və 1918-də Dərbənddə sovet hakimiyyəti qurulanadək ona başçılıq edib. 1918-də Vladiqafqazda sosial-demokrat partiyasının qurultayı keçirilərkən Qasım bəy də orada iştirak edib. Qurultaydan sonra evə qayıdarkən Məhəmmədqala stansiyasında erməni terrorçuları qatarı saxlayaraq, başda Qasım bəy olmaqla 5 nəfəri (qardaşı Musa bəyin oğlu zabit Hüseyn bəy də onların içindəydi) meşəyə apararaq orada güllələyiblər.

Qasım bəy Heydərovun ümumən Dərbənddə təhsilin inkişafında, özəlliklə qardaşı uşaqlarının ali təhsil almasında böyük rolu olub.

Qasım bəyin böyük qardaşı İsa bəy Minətulla bəy oğlu Heydərov (1851-?) 1869-dan çar ordusunda xidmətə başlayıb. Milis praporşiki olub, üstündə "Şahənşah imperator Aleksandr Nikolayeviçin Özəl qorumasında xidmətə görə" yazılmış gümüş medalla təltif edilib. Onun Hacər Əcvəd xanım İbrahimovadan 3 oğlu və 2 qızı olub. Oğlanları İbrahim bəy, Ömər bəyOsman bəy bu yazımızın baş qəhrəmanlarıdır. 

Heydərov qardaşları 

10. Heydərov İbrahim bəy İsa bəy oğlu (3 avqust 1879, Dərbənd - 23 mart 1949, Ankara) (SPb. MDTA, f.381, s.1, iş 588) 

Ayrıca şəxsi işi yoxmuş 

İndiyədək tanıtdığımız tələbələrin hamısının arxivdə ayrıca şəxsi işi var. Ancaq İbrahim bəyin sənədləri yalnız 588 saylı ümumi bir işin ("Leninqrad Yol Mühəndisləri İnstitutuna qəbul edilmiş şəxslərin ərizələri") 199-209-cu vərəqləridir. Görünür, bu, onun oxuduğu institutun dəftərxana ənənəsindən irəli gəlib. 

Teymurxanşura məktəbinin yetirməsi 

Bəlgələrdən aydın olur ki, 1879-da doğulmuş İbrahim bəy Heydərov Teymurxanşura 6 sinifli real məktəbini, sonra da əlavə sinfi bitirib.

11 iyun 1899-da o, Dərbənddən (ünvan: Dərbənd, Qasım bəy Heydərova) SPb. Yol Mühəndisləri İnstitutunun direktoruna yazdığı ərizədə müsabiqə imtahanlarına buraxılmasını xahiş edib. Ərizəsinə bu sənədləri əlavə edib: Teymurxanşura real məktəbini və əlavə sinfi bitirməsi haqqında şəhadətnamələr; Dərbənd şəhər polis idarəsindən arayış ("hərbi xidmətə çağırılmamalıdır"); doğum haqqında şəhadətnaməsinin tərcüməsi; atasının tam qulluq dəftəri; 3 fotoşəkil; SPb. şəhər rəisi dəftərxanasından verilmiş siyasi etibarlılığı haqqında arayış.  

1900-cü ildə tələbə oldu 

İbrahim bəy 4 sentyabr 1899-da institut rəhbərliyinə yeni bir ərizə yazıb. Orada 23,5 bal topladığını göstərəndən sonra bu balla 1-ci kurs tələbəliyinə qəbul edilməsini xahiş edir. Ərizənin məzmunundan aydın olur ki, bu qədər balla başqaları tələbələr sırasına götürülüb, ancaq İ.b.Heydərova rədd cavabı verilib. Biz "başqaları"nın kim olduğunu dəqiq bilməsək də xristianlar olduğunu düşünməyə haqqımız var, çünki Rusiyanın özəlliklə texniki ali məktəblərinə müsəlmanların girməsinə ən müxtəlif bəhanələrlə əngəl törədilirdi. Hətta zadəganlığı, general-mayor Nemətulla bəy Heydərovun qardaşı nəvəsi olması da nəzərə alınmayıb. Onu yalnız 1900-cü ildə instituta qəbul ediblər. Bu işdə, görünür, həmin il Dərbəndin başçısı seçilmiş Qasım bəy Heydərovun nüfuzu mühüm rol oynayıb. 

1907-ci ilin məzunu 

İ.b.Heydərov SPb. Yol Mühəndisləri İnstitutunu 1906/07-ci dərs ilində bitirib. Şəxsi sənədləri arasında 19 iyun 1907 tarixli diplomunun surəti də saxlanılır. Burada göstərilir ki, o, institutun tam kursunu layihələr tərtib etmək, hər cür inşaat işləri aparmaq və dövlət xidmətində vilayət (quberniya) katibi çinində işləmək hüququyla bitirib.

Oxucularımıza bildirməliyik ki, o dönəmdə Rusiya ali məktəblərində tələbənin bilik və bacarığına uyğun olaraq diplomlar da müxtəlif dərəcələrdə olur və hər dərəcə də onun yiyəsinə bir cür hüquq verirdi. İbrahim bəyinki ən yüksək ixtisaslı mühəndisə verilən diplomdu. İnstitutu bu cür uğurla bitirməsi onun sonrakı həyatına da çox mühüm müsbət təsir göstərdi.  

Kitabxanaya 38 qəpik borcu varmış 

İbrahim bəyin sənədləri arasında institut dəftərxanası müdirinin 2 avqust 1907 tarixli belə qeydi var ki, yol mühəndisi İ.b.Heydərova onun xahişiylə 1695 saylı diplomu, 7 sənədinin əsli və 1 fotoşəkli göndərilib. Onun tələbə kitabxanasına 38 qəpik borcu var. O, bu borcu ödəməklə yanaşı, diplom üçün də 10 manat verib və arxivdə bu haqda 29 dekabr 1907 tarixli 2254 saylı qəbz durur. 

Yol mühəndisinin sonrakı taleyi 

İndiyədək oxuduğunuz məqalələrimiz, adətən, belə bir sonluqla bitib ki, tələbənin məktəbi bitirdikdən sonrakı taleyi haqqında bilgimiz ya çox azdır, ya da heç yoxdur. İbrahim bəy Heydərovda isə tam əksinədir - onun diplom aldıqdan sonrakı həyatı haqqında çox geniş məlumatımız var. Yeri gəlmişkən, bu məlumatların xeyli hissəsini onun indi Ankarada yaşayan 91 yaşlı qızı Fatma xanım Alpengindən və nəvəsi, yaxın dostumuz, görkəmli yazıçı Mina xanım Tanseldən əldə etmişik.

İbrahim bəyin 1907-ci ildən sonrakı olduqca coşqun ictimai-siyasi fəaliyyəti, keşməkeşli həyatı haqqında böyük bir roman yazılsa yenə azlıq edər. Ancaq bir qəzet məqaləsində o zəngin həyatın yalnız ən önəmli ümumi xətlərini ən qısa biçimdə verməyə məcburuq.

Son dərəcə yurdsevər və elsevər bir aydın olan İ.b.Heydərov bütün bilik, təcrübə və enerjisini doğma Türk xalqının inkişafı, maariflənməsi işinə sərf etmək istəyirdi. 1907-də onu Bakıda "Nəşri-maarif" cəmiyyəti idarə heyətinin üzvləri arasında görürük. Həmin ilin 14 oktyabrında isə 28 yaşlı mühəndis Dağıstan vilayəti və Zaqatala dairəsindən Rusiya 3-cü Dövlət Dumasına (1907-1912) deputat seçilərək Peterburqa yola düşüb. Əqidəcə sosial-demokrat olan deputat az sonra Dumada rus bolşeviklərinin millətçi velikorus şovinizmi yürütdüklərini, milli azlıqların hüquqlarına tam etinasızlıqla yanaşdıqlarını görərək RSDFP-ni tərk edib və 3-cü sessiyada müsəlman fraksiyasına keçib. Hakimiyyətə ciddi müxalifətdə duran İbrahim bəy çarizmin milli azlıqlara qarşı ədalətsizliklərini, təhsil sistemindəki aşağılayıcı münasibəti, köçürmə siyasətini... kəskin şəkildə tənqid edib. Onun Dumadakı çıxışları Azərbaycan mətbuatında rəğbətlə qarşılanıb və bəziləri hətta kitab şəklində buraxılıb.

1912-də Peterburqdan Bakıya dönən İ.b.Heydərov Bakı Şəhər İdarəsinin (Uprava) üzvü seçilib. Bu, çox mühüm vəzifəydi - o, əslində şəhərin başçılarından biri sayılırdı.

İIbrahim bəy 1913-də A.Babayevlə birlikdə "Dəyanət" və "Şərakət" neft-sənaye cəmiyyətlərini təşkil edərək sahibkarlıqla da məşğul olub.

1916-nın martında "Nicat" cəmiyyəti sədrinin müavini seçilib.

1917-ci il Fevral inqilabından sonra İbrahim bəy Dağıstanda yaradılan Müsəlman Komitəsinin sədri seçilib. Bunu nəzərə alan Zaqafqaziya Xüsusi Komitəsi ("OZaKom") 9 mart 1917-də onu Dağıstan Vilayəti Müvəqqəti İcraiyyə Komitəsinin sədri, 5 aprel 1917-ci ildə isə Dağıstan vilayətinin komissarı (valisi) təyin edib.

12 noyabr 1917-də o, Rusiya Müəssislər Məclisinə üzv seçilib. 1918-in başlanğıcında Tiflisdə, Müəssislər Məclisinə seçilmiş deputatlardan ibarət Zaqafqaziya Seymi yaradılıb. İbrahim bəy də Seymdə Müsəlman Sosialist blokunun üzvü olub. O, Seymin 17 fevral 1918 tarixli qərarıyla yaradılmış xüsusi nümayəndə heyətinin tərkibində Trabzon sülh konfransında iştirak edib (fevral-mart 1918) və bu zaman Türk milləti qarşısında müstəsna xidmətləri olub.

Hələ Trabzonda olarkən - Seymin 13 martdakı 17-ci iclasında Gegeçkorinin başçılıq etdiyi ilk Zaqafqaziya hökumətində İbrahim bəyə ümumi müfəttiş (dövlət nəzarəti naziri) vəzifəsi tapşırılıb. Gegeçkorinin baş nazir olduğu 2-ci kabinədə də o, dövlət nəzarətçisi vəzifəsində saxlanılıb (26 mart 1918).

31 martda Bakıda Leninin göstərişiylə Şaumyan bandasının törətdiyi qanlı qırğından sonra Seym 2 aprel (20 mart) tarixli yığıncağında İbrahim bəy Heydərovu Mustafa MahmudovCavad bəy Məlikyeqanovla birlikdə danışıqlar aparmaq üçün Bakıya göndərməyi qərara alıb. Bakı qırğınından dərhal sonra Trabzondan Tiflisə dönmüş Məhəmmədəmin Rəsulzadə isə qəti şərt qoyub ki, Seym, bolşevikləri Bakıdan çıxarmağa çalışmasa müsəlman fraksiyası Seymdən çıxacaq. (Bundan sonra Seym Bakıya 6 min nəfərlik hərbi qüvvə yollayıb və həmin qüvvə məğlub edilib). Qərardan həmən sonra yola düşən İbrahim bəyi aprelin ortalarında bolşeviklər Bakıda həbs ediblər. Baş nazir Çxenkeli 26 aprel 1918-də yeni kabinəsini elan edib. Burada da İbrahim bəyə keçmiş vəzifəsi - dövlət nəzarətçiliyi ayrılıb, ancaq bu vaxt o, hələ də Bakıda həbsdəydi. Həbsdə olmasına baxmayaraq o, 11 may 1918-ci ildə elan edilmiş Qafqazın Dağlı Xalqlarının Birliyi Cümhuriyyətinin (Dağlılar Cümhuriyyətinin) Ə.Çermoyev tərəfindən təşkil edilən 2-ci hökumətində (11.05.1918-15.12.1918) nəqliyyat, poçt və teleqraf naziri vəzifəsini tutub. 1918-ci il noyabrın sonunda başda sədr Əbdülməcid Çermoyevİbrahim bəy Heydərov olmaqla Qafqaz Dağlıları Birliyinin nümayəndə heyəti Bakıya gəlib. Burada onlar Dağlılar Cümhuriyyətinin tanınması haqqında üç gün (27-29 noyabr) İttifaq dövlətlərinin nümayəndələriylə danışıqlar apariblar.

İbrahim bəy Heydərov hökumətin səlahiyyətli nümayəndəsi kimi Azərbaycan Cümhuriyyəti ilə öz dövləti arasında 28 noyabr 1918-də müqavilə imzalayanlardan biriydi. Həmin müqaviləyə görə, Qafqazın Dağlı Xalqlarının Birliyi Cümhuriyyəti Azərbaycan Cümhuriyyətindən iki ilə qaytarmaqla on milyon manat faizsiz borc götürürdü.

Kotsevin kabinəsində İbrahim bəyə yollar naziri vəzifəsi verilib (15.12.1918-25.03.1919).

1919-cu ildə Dağlılar Cümhuriyyəti hökumətinin Avropa dövlətləriylə danışıqlar aparmaq üçün Paris sülh konfransına göndərdiyi nümayəndə heyətinə İbrahim bəy də daxil edilib.

1920-ci ilin başlanğıcında İbrahim bəy də ana yurdu Azərbaycana dönüb və Azərbaycanın ictimai-siyasi həyatında, xeyriyyə konsertlərinin, teatr tamaşalarının, o sıradan Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının, Ağa Əminovla birlikdə "Azərbaycan gecələri"nin təşkilində fəal iştirak edib.

Azərbaycan Cümhuriyyəti dönəmində o, üç ay (06.01.1920-10.03.1920) daxili işlər nazirinin müavini işləyib. (Şəfi bəy Rüstəmbəyli İbrahim bəy istefa verdikdən sonra onun yerinə təyin edilib).

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra sosialist İbrahim bəy burada da mühüm vəzifə tutub - Azərbaycan SSR yollar nazirinin müavini olub. Ancaq aradan heç bir ay keçməmiş Fövqəladə Komissiya ("ÇK") onu həbs edib. Həbsin səbəbi kimi İbrahim bəyin Müsavat hökumətinin görkəmli xadimlərinin azad olunmasına yardım etdiyi göstərilir.

1920-nin sonunda dövlət adamlarından birinin müdaxiləsiylə həbsdən azad edilən İbrahim bəy Gürcüstana gedib, 1921-də isə Fransaya mühacirət edib və 1925-ci ilədək ailəsiylə birlikdə orada yaşayıb.

1925-də Türkiyə hökuməti onu mühəndis kimi bu ölkəyə çağırıb. O, Türkiyədə "Heydəroğlu" soyadını qəbul edib.

İbrahim bəy Türkiyəyə gəldiyində Ankara - Kayseri dəmiryolu xətti çəkilirdi. O, bu gün adı belə unudulmuş Qaranlıqdərə adlı bir dağ başında dəmiryolu işçiləri üçün qurulan "qısım" deyilən müvəqqəti yerləşimdə çalışmağa başlayır, ailəsi ilə orada yaşayır. Dəmiryolu Kayseriyə uzanınca ailə Kayseriyə köçür. Oğlu orada məktəbə gedir. Sonra Sivasa doğru uzanan yolda çeşidli qısımlarda çalışır. Ən son 1939-un qışında Ərzincanın içində oturduqları zaman (qızları İstanbulda Amerikan Kollecində, oğlu universitetdə ikən) dəhşətli bir zəlzələ Ərzincanı yerlə yeksan edir. İbrahim bəy mərkəzə alınmasını tələb edərək Ankaraya gəlir. 1940-da onu T.C. Yollar Nazirliyinə işə götürürlər və ömrünün sonunadək burada çalışır.

1949-da Abadlaşdırma Nazirliyi yüksək elmi heyətinin üzvü ikən Ankarada dünyasını dəyişən İbrahim bəy bu şəhərdəki Cəbəci məzarlığında dəfn edilir.

O, 1915-də Dərbənddə general Balakişi bəy Ərəblinskinin nəvəsi - Nisə xanım Cahangir bəy qızı Ərəblinskaya (1900-1943) ilə ailə qurub. Bu evlilikdən onların biri oğul, üçü qız olmaqla 4 övladı dünyaya gəlib: Minnətullah Heydəroğlu (5.9.1918, Bakı-16.8.2006, Burhaniyə), Leyla Heydəroğlu (1920, Dərbənd-1955, İstanbul), Fatma Alpengin (21.11.1921, Tiflis) və Şermin Özgen (22.4.1926, İstanbul-24.1.2011, İstanbul).

Oğlu vəkil Minnətullah Heydəroğlu Türkiyənin tanınmış aydınlarından, hüquqşünas və siyasətçilərindəndi. Bu gün İzmirdə onun adına şahmat turnirləri keçirilir.

Qızı Fatma xanım Alpengin indi Ankarada yaşayır. Bu yazıdakı bilgilərin bir çoxunu ondan öyrənmişik. 

11. Heydərov Ömər bəy İsa bəy oğlu (1884, Dərbənd - may 1973, İstanbul)

(SPb. MDTA, f.184, s.3, iş 820, 1904-cü il)

Təəssüflü bir hal 

SPb. MDTA-da işlədiyimiz zaman, vaxta qənaət üçün, bəzi tələbələrin sənədlərindən qeydlər götürmək əvəzinə, onun şəxsi işindəki bir çox bəlgələrin üzünü çıxarmağa üstünlük verdik. Ömər bəy də həmin tələbələrdəndi. Onun hətta doğum haqqında şəhadətnaməsini köçürmədik ki, surətini çıxarmaq daha məqsədəuyğundur. Çox təəssüf ki, Bakıya gəldikdən sonra, siyahısını verdiyimiz sənədlərin bir çoxunun surətini arxivin çıxarmadığını gördük. Ömər bəydən isə bir vərəq belə çıxarılmamışdı! Artıq iş işdən keçmişdi - necə deyərlər, Əli aşından da olduq, Vəli aşından da. Ancaq yaxşı ki, bir sıra sənədləri bütünlüklə köçürmüşdük. Beləliklə, burada yalnız həmin köçürülmüş bəlgələrdən yararlanırıq.  

"Rus zabitimi olacaqsan?" 

Ömər bəy öncə hərbçi olmaq fikrindəymiş. Sankt-Peterburqa hərbi məktəbə girmək üçün gedərkən böyük qardaşı İbrahim bəy onu "rus zabitimi olacaqsan?" deyə qınayır  və mühəndisliyə yönəldir. Beləliklə, o, sənədlərini I Nikolay adına Mülki Mühəndislər İnstitutuna (MMİ) verir.

12 iyul 1904-də başlanmış 21 vərəqlik şəxsi işinin ilk bəlglərindən öyrənirik ki, 1884 doğumlu Ömər bəy Teymurxanşura real məktəbini bitirib. O, tələbələr sırasına 1904-ün sentyabrında qəbul edilib. 

Qasım bəy Heydərovun verdiyi arayış 

17 noyabr 1904-də Dərbənd Şəhər İctimai İdarəsinin başçısı - Ömər bəyin yaxın qohumu Qasım bəy Heydərovun I Nikolay adına Mülki Mühəndislər İnstitutu direktoruna göndərdiyi 6 saylı arayışda Dərbənd şəhər sakini, zadəganlarından olan Ömər bəy İsa bəy oğlu Heydərovun şəhər ailələrinin 1886-cı ildəki siyahıyaalmasında gerçəkdən bəy olmasının göstərildiyi yazılıb. 

İnqilabın fəsadı 

1905 inqilabı Rusiyanın tarixində bir çox olaylarla yadda qalıb: savaşda Yaponiyaya uduzmaq, çar manifesti, milli qırğınlar törədilməsi (o sıradan erməni-müsəlman qırğını) və b. ilə. Bu dönəmdə ali məktəblərin çoxu bəlirsiz bir zamanadək bağlanmışdı. Ömər bəyin oxuduğu MMİ də onların arasındaydı. 1906-nın iyulunda hələ institutun 1-ci kursunda oxumaqda olan Ömər bəy direktorun adına belə bir ərizə yazıb:

"Şarlottenburq Politexnikumuna girmək istədiyimə görə Siz alihəzrətdən acizanə xahiş edirəm ki, Sizə tapşırılmış institutun tələbələri sırasına 1904-cü ilin sentyabrında qəbul edilməyim və hal-hazırda ikinci semestrdə olmağım haqqında mənə şəhadətnamə verəsiniz. Adıkeçən instituta girməyim üçün həmin şəhadətnamə zəruri şərtdir. Bu Politexnikumda mən Peterburqdakı institutumuz açılanadək qalmaq istəyirəm.

10 (23) iyul 1906-cı il. Berlin, Charlottenburg, Krumme Strasse 68II, Gaidaroff".

Göründüyü kimi, ərizə Berlindən yazılıb. Onun üstündə belə bir dərkənar qoyulub: "I kurs tələbəsi olması haqqında şəhadətnamə verilsin". Şəxsi işdə MMİ-nin 20 iyul 1906 tarixdə onun 1-ci kurs tələbəsi olması, davranışının yaxşılığı haqqında verdiyi həmin şəhadətnamənin surəti saxlanılır.

Oxucumuza bunu da xatırladaq ki, Şarlottenburq Berlinin bir məhəlləsidir, "Politexnikum" isə Rusiyadakı anlayışla "Politexnik İnstitut" deməkdi.  

Qardaşı İbrahim bəyə məktub 

Yuxarıdakı ərizədən bir həftə sonra Ömər bəy böyük qardaşı İbrahim bəyə rusca məktub yazaraq, onun sənədlərini institutdan götürüb təcili Berlinə göndərməsini xahiş edib. Məktubun tərcüməsini imlasını dəyişmədən aşağıda veririk:

"Əziz İbrahim! Bu məktubu alan kimi bizim İnstituta get, kağızları götür, notariusda birisinə ver ki, almancaya çevirsinlər, əsllərini yenə İnstitutda saxla, almanca surətləri buraya İşxanovun adına mənə çatdırmaq üçün göndər. Bəlkə də mənzilimi dəyişəcəyəm.

Mən əmi ilə Rus Konsulunun yanında oldum, o, Politexnikuma məni oraya qəbul etmələri üçün məktub yazdı. Direktor Konsulun məktubunu sənin göndərəcəyin kağızlarımla birgə Nazirə verəcək; yalnız bundan sonra buradakı Politexnikumla bağlı durumum aydınlaşacaq. Burada imtina etsələr Darmştadta gedəcəyəm. Hər bir halda sən mənim xahişimi təcili yerinə yetir. Əmi sənə teleqram vurmağımı istəyirdi, ancaq mən düşündüm ki, işin mahiyyətini sənə məktubla anlatmaq daha yaxşıdır. Mən bu məktubla birgə direktorumuzun da adına məktub yazaraq göndərdim. Sən onu da zərfə qoy və xahiş etdiyim şeyləri mənə tezliklə göndərməsini rica et.

Dünən biz eşitdik ki, Dumanı qovublar və Rusiyada indi nələr olacağı haqqında milyonlarca gümanımız yaranıb. İbrahim, əmi xahiş edir ki, Piterə belə tez getməyəsən, mən isə rica edərdim ki, Yefimtsevgil şəhərə və Piterə dönənədək onlarda qalasan, onlarda otaq kirayələyəsən.

Mənim bəlgələrimi tezləşdir, xərci nə qədər tutacaqsa əmi göndərəcək.

Ünvan: Almaniya, Berlin, Charlottenburg. Bismark Strasse 19 III. A bei Schulz Herrn İschanoff  für Omar Gaidaroff".

İbrahim bəy institut direktorunun adına ərizə yazaraq qardaşının sənədlərinin verilməsini sürətləndirməyi xahiş edib və bu məktubu da öz ərizəsinə qoşub.

Ömər bəyin məktubundakı "əmi"yə gəlincə, bu söz rusca "dyadya" kimi işlədilib, "dyadya" isə bizim dildə həm "əmi", həm də "dayı" anlamları verir. Ankaradakı qohumları bu haqda bizə bir bilgi verə bilmədilər. Ancaq Ömər bəyin əmilərinin Berlinə getmək imkanı olduğunu düşündüyümüzə görə "əmi"yə üstünlük verdik. 

Ömər bəyin Şarlottenburqda, yaxud Darmştadtda oxuyub-oxumaması haqqında əlimizdə heç bir bilgi yoxdur. Bu məktubla tanış etdiyimiz Ankaradakı qohumları isə ümumən Almaniya məsələsindən tam xəbərsiz olduqlarını bildirdilər. Ancaq Ö.b.Heydərovun institutu 1915-də bitirməsini, bu zaman 1906-cı ildən 9 il keçməsini nəzərə alsaq, aradakı bir neçə ilin Almaniyada təhsilə sərf edildiyini düşünə bilərik.

Ömər bəyə 22 oktyabr 1912-də Dərbənddən verilmiş tibbi arayışda onun qızdırmadan (malyariyadan) xəstələndiyi göstərilib. Görünür, bu xəstəlik uzun çəkib, çünki 18 may 1913-də direktorun adına yazdığı ərizədə xahiş edib ki, 1914-cü ilin 1 yanvarınadək olan bütün zaçotlarının verilmə vaxtı xəstəliyinə görə uzadılsın.

Ömər bəy Heydərov Mülki Mühəndislər İnstitutunu 1915-də bitirib və bu haqda ona 2060 saylı diplom verilib. 

Sonrakı taleyi 

Qardaşı İbrahim bəy kimi, Ömər bəy də həyatını doğma Azərbaycanla bağlayıb. Düzdür, onun buradakı çalışmaları haqqında bilgimiz çox da geniş deyil, ancaq birinci Cümhuriyyət (1918-1920) dönəmində Bakıda yol sistemində işlədiyini bilirik.

Minətullah bəyin nəvəsi olan Ömər bəy onun qardaşı, general Nemətullah bəyin nəvəsi ilə (qızı Hürnisə xanımın qızı Bikə xanımla) Dərbənddə ailə qurub. Onun böyük oğlu Əli 1918-də burada doğulub.

1920-də Azərbaycan Cümhuriyyəti yıxıldıqdan sonra ailəsini də götürərək Türkiyəyə mühacirət edən Ömər bəy öncə Sarıqamışda mühəndis işləyib. Qızı Türkan 10.1.1923-də burada, kiçik oğlu Haluk isə 1930-un martında Doğu Bayəziddə doğulub. Bundan bir az sonra Ömər bəy ailəsiylə İstanbula köçüb, orada bələdiyyəyə girərək işləyib və 1973-ün mayında İstanbulda dünyasını dəyişib. 

12. Heydərov Osman bəy İsa bəy oğlu (25.2.1888, Dərbənd-1917, Petroqrad)

(SPb. MDTA, f.14, s.3, iş 61325, 1912-ci il) 

121 vərəqlik şəxsi iş 

Osman bəyin şəxsi işini ələ götürəndə xeyli sevinmişdik - 121 vərəqlik (!) bu işdə çoxlu maraqlı sənədlərin olacağını düşünmüşdük. Ancaq işlə tanışlıq başqa şey göstərdi - sən demə, o, müxtəlif səbəblər (ən çox da dərsburaxma və imtahanlara girməmə) üzündən dəfələrlə universitetdən çıxarılıb, sonra yenidən bərpa edilib, hər dəfə də çoxlu sənədlər toplanıb. Bu sənədlərin tarix üçün elə bir önəmi olmadığını düşündüyümüzə görə onlardan yalnız bir neçə ən önəmlisi üzərində dayanacağıq. 

Attestat 

Milis praporşikinin oğlu Osman bəy Heydərova verilmiş attestatda onun Dərbənd real məktəbinə girərək orada 1 sentyabr 1902-ci ildən 8 iyun 1908-ci ilədək oxuduğu və əsas bölmənin tam kursunu bitirdiyi göstərilib. Qiymətləri belədir: 1 fəndən "5", 7 fəndən "4", 6 fəndən "3". 

Doğum şəhadətnaməsi 

Türkcə və rusca yazılmış doğum şəhadətnaməsinin ana dilimizdəki mətnini imlasına toxunmadan veririk:

"1898-minci sənədə avğust ayının 25-minci günündə verildi həmin şəhadətnamə Dərbənd əhli Osman bəy puraporçik İsa bəy Heydərovun oğluna ol xüsusdan ötrü ki, onun atası İsa bəy Heydərovdur və anası Hacər Əsvəd xanım İbrahimovdur və onların şəri oğludur və nikahların əqd edib Məhəmməd qadi Hacı Xəlil qadi oğlu və sinni ondur, təvəllüd olub min səkkiz yüz səksan səkkiziminci ildə fevral ayının 25-minci günündə, ona binaən bu şəhadətnaməni təsdiq etməkçün qol qoyub möhürü səbt qıldım.

Mən müdiri-şəriət məzhəbi-sinani-Dərbənd Abdullah Molla Qırxlarqulu oğlu". 

Hüquq fakültəsinin tələbəsi 

Osman bəy Heydərov 1909-un oktyabrında SPb. Universitetinin hüquq fakültəsinə kənar dinləyici kimi girib, 1912-nin sentyabrında hüquq fakültəsinin tələbələri sırasına götürülüb. Təhsilhaqqını ödəmədiyinə və imtahanları vermədiyinə görə 1914-ün fevralında universitetdən çıxarılıb. Xalq Təhsili Nazirliyi icazə verdikdən sonra 26 fevral 1915-də yenidən ikinci semestrə qəbul edilib. İmtahanları vermədiyinə görə 26 noyabr 1915-də yenidən qovulub, 1916-nın martında yenidən bərpa olunmasına icazə verilib. 12 iyun 1919-da o, 1917-ci ilin yazına görə təhsilhaqqını ödəmədiyi üçün Petroqrad Universitetindən sonuncu dəfə çıxarılıb. Bu vaxt o, həyatda deyildi.

Bu tarixləri göstərsək də oxucuların onlardan yanlış nəticə çıxarmasını istəməzdik - Osman bəy universitetdən savadsızlığına, yaxud tənbəlliyinə görə çıxarılmırdı. Qardaşı İbrahim bəyin nəvəsi Mina xanım Tanselin bizə bildirdiyinə görə, o, rus ordusunun zabitiydi və bolşeviklərin Peterburqda Qış sarayına hücumu zamanı (oktyabr 1917) həlak olub.

Beləliklə, nəsillikcə sosialist olan Heydərovların bu nümayəndəsi də siyasi fəaliyyətə daha üstünlük verdiyinə görə öncə təhsilini, sonra isə həyatını ideyaya qurban verib.

Azərbaycan ziyalılığının tarixində mühüm rol oynamış Heydərov qardaşları haqqında qısa bilgini əks etdirən yazımıza burada son veririk.

 

Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
[email protected]
Tel.: +994-50-612-68-13

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov