Bütün xəbərlər
8 mart, 11:54

Azərbaycanda idarəetmədə qadınların iştirakının artması digər sahələr kimi təhsilə də fayda verir. Ölkəmizdə uzun illər rəhbər vəzifədə çalışan qadınlardan biri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor, Əməkdar memar, “Şöhrət” ordeninə layiq görülən Gülçöhrə Məmmədovadır.

Xanım rektor 8 Mart - Beynəlxalq Qadınlar Günündə “Azərbaycan müəllimi”nin qonağı olub.

Həyatıma və fəaliyyətimə hər zaman konkret hədəflərlə yanaşmışam

– Artıq 50 ildir ki, bağlı olduğunuz təhsil müəssisəsində tələbəlikdən rektorluq pilləsinə qədər yüksəlmisiniz. Tələbəlikdən karyeraya gedən bu yol sizin üçün çətin olmayıb ki? 

- Tamamilə haqlısınız. Bu universitetlə bağlılığımın çox uzun və dərin tarixi var. Memarlıq fakültəsinə daxil olduğum vaxtdan bütün həyatım bu universitetlə bağlı olub. Tələbəlik illərindən ictimai işlərlə fəal məşğul olmuşam. 1979-cu ildən artıq pedaqoji fəaliyyətə başlamışam. 

Əvvəlcə kafedrada assistent kimi çalışmışam, daha sonra isə müəllimlik pillələrinin hamısını keçərək baş müəllim, dosent, nəhayət, professor olmuşam. Sonra universitetin rektoru vəzifəsinə qədər yüksəlmişəm. Bu universitetdə müəyyən uğurlar əldə etməyimə və karyeramda yüksəlməyimə, ilk növbədə, elmi fəaliyyətim kömək edib. Çünki universitetdə müəllim kimi uğur qazanmaq istəyirsənsə, elmi fəaliyyətlə məşğul olmalısan, bunsuz mümkün deyil.

Pedaqoji fəaliyyətimin ilk illərindən Qafqaz Albaniyasının memarlığını tədqiq etməyə başlamışam. Düşünürəm ki, çox dəyərli alim, professor Davud Axundovun rəhbərliyi altında elmdə müəyyən nəticələr əldə etdikdən və pedaqoji təcrübə topladıqdan sonra rəhbər vəzifəyə təyin olunmağım üçün müəyyən şərait yarandı.

Əlbəttə, hər bir insanın həyatında çətinliklər olur. Karyera qurmaq özü çətin prosesdir, amma mənə bu sahədə kömək edən amillərin birincisi universitetin çox sağlam və mehriban kollektivinin olmasıdır. Tam məsuliyyətlə deyə bilərəm ki, kollektiv özü gənclərin yetişməsi üçün əlverişli şərait yaradır. Əgər insanın potensialı varsa və o, zəhmət çəkməyi bacarırsa, burada özünü reallaşdıra bilər.

Digər mühüm amil odur ki, mən hər zaman qarşıma qoyduğum məqsədə çatmaq üçün işləmişəm, zəhmət çəkmişəm. Həyatıma və fəaliyyətimə hər zaman konkret hədəflərlə yanaşmışam və nəticə də bu olub.

“Mənim üçün boş vaxt keçirmək, əyləncəyə çox vaxt ayırmaq söhbəti belə olmaz”

– Azərbaycanın azsaylı qadın rektorlarından birisiniz. Müxtəlif vəzifələrdə çalışmaqdan savayı, Milli Məclisin deputatı kimi də fəaliyyət göstərmisiniz. Sizcə, rəhbər vəzifə qadını necə dəyişir? Bu vəzifələr sizə hansı təcrübələri, yeni keyfiyyətləri qazandırıb?

- İki dəfə – 2000-2005 və 2010-2015-ci illərdə Milli Məclisin deputatı olmuşam. Deputat seçilməyimi özüm üçün böyük şans hesab edirəm. Çünki həmin illərdə Azərbaycan ictimaiyyətinə daha yaxından tanınmaq və deputat kimi potensialımı tam şəkildə istifadə etmək imkanı qazandım.

Həmin dövr mənim ictimai xadim kimi formalaşmağımda mühüm rol oynadı. Orada çalışdığım müddətdə çox şey öyrəndim. Peşəkar siyasətçi olmasam da, siyasi və ictimai baxımdan ciddi təcrübə qazandım.

Rektorluq məsələsinə gəlincə, bu vəzifəyə məni ölkə rəhbəri təyin edib və bu, çox böyük inam, etimad idi. Bütün bu illər ərzində çalışmışam ki, etimadı doğruldum. Bacardığım hər şeyi etmişəm ki, universitetə xeyir verim, təhsil sistemimizə və ümumiyyətlə, ölkəmizə fayda verim.

Dəyişikliklərə gəldikdə, vəzifə insanda, ilk növbədə, məsuliyyət hissini daha da artırır. İnsan getdikcə daha çox iş görmək məcburiyyətində qalır. Bu vəzifəmi yerinə yetirmək üçün öz üzərində daha çox çalışmalısan. İşlər çoxaldıqca onları nizamlamaq, sistemli şəkildə həyata keçirmək bacarığı da formalaşır. Əlbəttə ki, mənim üçün boş vaxt keçirmək, əyləncə və istirahətə çox vaxt ayırmaq söhbəti belə olmaz. Belə bir iş rejimində vaxtın səmərəsiz keçirilməsi mümkün deyil. Həm işdə, həm evdə zamanı ən faydalı şəkildə dəyərləndirirəm. Universitetdə işlər universitetin inkişafına yönəlməlidir, evdə isə fərqli məsələlərlə məşğul olmaq lazımdır.

– Adətən, inşaat sahəsi üzrə ixtisaslara kişilər meyil edirlər. Rəhbərlik etdiyiniz universitetdə bu sahədə disbalans müşahidə edilir?

– Bəli, əvvəllər ənənəvi vəziyyət belə idi: Texniki ixtisaslara qızlar daha az, oğlanlar isə çox gəlirdilər. 2000-ci illərin əvvəlində tələbələrin təxminən 20-25%-i qız, qalanları oğlan idi. Sovet dövründə bu nisbət oğlanların xeyrinə daha çox idi. İndi isə cəmiyyətdə dəyişikliklər baş verib. Qadınlarımız daha da fəallaşırlar, onlar üçün ənənəvi sayılmayan ixtisaslara yiyələnməyə çalışırlar. Düşünürəm ki, bu gün qadınların yiyələnə bilməyəcəyi bir ixtisas yoxdur.

Ümumiyyətlə, bizim universitetdə qızların sayının artması müşahidə olunur. Bu gün tələbə qızların göstəricisi, demək olar ki, 35%-ə çatıb. Bu kifayət qədər böyük faizdir. Elə fakültələr var ki, qızlar çoxluq təşkil edir. Dizayn, Memarlıq fakültələrində oxuyanların əksəriyyəti qızdır. İnşaatda fakültəsində də tələbələrin təxminən 30%-i qız, qalanları oğlandır. Məncə, bu, çox yaxşı göstəricidir.

– Bir xanım olaraq, oğlanların çoxluq təşkil etdiyi universitetə rəhbərlik etməyiniz sizin üçün hər hansı problem yaratmır ki?

– Xeyr, məhz bununla bağlı spesifik bir problem yoxdur. Fərqi yoxdur, tələbə oğlan, yaxud qızdır, onların hər biri bizim övladımızdır. Biz də onların təhsili, tərbiyəsi ilə məşğul olmağa çalışırıq. Bizim universitetdə oxuyan oğlanların arasında çox ağıllı, təhsilinə böyük məsuliyyətlə yanaşan, ictimai işlərdə olduqca fəal olanlar var. Belə tələbələr öz karyeralarını quranda da böyük uğurlar əldə edirlər. Böyük məmnuniyyətlə bu cür məzunlarımızla sonradan da görüşürük.

“Məncə, qadınların rəhbərlik etdiyi kollektivlərdə ab-hava daha sağlam olur”

– İdarəetmədə böyük və uğurlu təcrübəsi olan əsas xanımlardansınız. Səmərəli idarəetmədə kişi və ya qadın fərqi ilə bağlı fikirlərə münasibətiniz necədir? Qadınların rəhbər vəzifələrdə təmsil olunmasının üstünlüyünü nədə görürsünüz, xanımlar bu sahədə baryerlərlə qarşılaşırmı?

– Bütövlükdə ölkəmizdə qadınların həm ictimai, həm siyasi fəallığının artmasını müşahidə edirik. Milli Məclisdə deputat qadınların sayı 2 dəfə artıb. Bu, özünü idarəetmədə də göstərir. Bütün bunlar müsbət proseslərdir. Düşünürəm ki, buna yalnız sevinmək lazımdır. 

Məncə, qadınların da idarəetmə bacarığı kişilər qədər mükəmməl, keyfiyyətlidir. İdarəetmədə olan qadınların müəyyən xüsusiyyətləri bəlkə də kişilərdən üstündür. Məsələn, hesab edirəm ki, hər bir müəssisənin qadın rəhbəri oraya bir ailəsi kimi baxır və çalışır ki, hər şey qaydasında olsun. Məncə, qadınlar öz kollektivlərinə daha çox qayğı göstərir, onların sosial məsələlərinin həllinə çalışırlar. Bu bəlkə də məhz qadının təbiətindən, onun daha mərhəmətli olmasından irəli gəlir. Amma bu, heç də o demək deyil ki, qadın idarəçilərin ciddiliyi, yaxud tələbkarlığı azdır. Bu, qətiyyən belə deyil. 

Mənə elə gəlir ki, qadın idarəçilərimiz həm qayğını, həm ciddiliyi, həm tələbkarlığı bir yerdə birləşdirə bilirlər və bu, onların gözəl xüsusiyyətidir. Digər tərəfdən, məncə, qadınların rəhbərlik etdiyi kollektivlər daha təmiz olur, onlarda insani münasibətlər daha düzgün qurulur, ab-hava daha sağlam olur. Hər halda mən çalışıram ki, bizim kollektivimizdə belə mühit mövcud olsun. 

Qadın yaxşı idarəedici olmaqdan ötrü, ilk növbədə, professional olmalıdır. Əgər söhbət universitetdən gedirsə, savadı az olan, ixtisası üzrə güclü olmayanlar ali məktəbdə hansısa bir quruma, kollektivə rəhbərlik edə, hörmət qazana bilməzlər. Daha sonra müəyyən bir elmi səviyyəyə gəlib çatmaq lazımdır. Çünki universitet təhsil və elm mərkəzidir. Ona görə də burada hansısa bir kollektivə, fakültə və ya kafedraya rəhbərlik edən adamın elmi dərəcəsi olmalıdır. Digər tərəfdən, insanlarla işləmək qabiliyyəti, ciddilik, məsuliyyət kimi keyfiyyətlər, təcrübə lazımdır. Bunlar çox vacibdir. Bizim universitetimizdə belə qadınlar çoxdur. Onlar məhz bu göstəricilərinə görə vəzifələrə təyin olunub və ya seçiliblər. Bizdə vəzifələr, əsasən, seçkilidir. Şöbə rəhbərləri təyin olunur, digər vəzifələr – kafedra müdirləri, dekanlar seçilirlər. Universitetin iki prorektoru qadındır və hər ikisi elmlər doktoru, nüfuzlu alimdir. Memarlıq, İqtisadiyyat, İxtisasartırma fakültələrinin dekanları, Xarici vətəndaşlar üçün hazırlıq şöbəsinin rəhbəri qadındır. Universitetin texniki yönümlü olduğunu nəzərə alaraq deyə bilərəm ki, bu say kifayət qədər yüksəkdir. Onlar hamısı gözləntilərimizi doğruldurlar.

“Elmi fəaliyyət üçün zamanım azdır”

– Rektorluq – idarəetmə ilə daha çox məşğul olmaq elmi fəaliyyətinizə necə təsir göstərir?

– Əlbəttə, təsir edir. Hər iki fəaliyyətə eyni dərəcədə qüvvə sərf etmək və eyni səviyyəli nəticə almaq mümkün deyil. Bütün iş günümü, hətta ondan daha da çoxunu universitetə həsr edirəm. Bu iş həm qüvvə, həm məsuliyyət, həm də vaxt tələb edir. Belə olduqda elmi fəaliyyət üçün zaman az qalır. Amma çalışıram ki, elmi fəaliyyət də yaddan çıxmasın. Elmi mövzum çox aktual və maraqlıdır – “Qafqaz Albaniyasının memarlığı”. Mümkün qədər elmi-tədqiqatlarla da məşğul olmağa çalışıram, doktorantlarla işləyirəm.

– Elmi fəaliyyətə başladığınız zaman qarşınızda qoyduğunuz bütün hədəflərinizə çata bilmisinizmi?

– Elmi fəaliyyətə başlayarkən düşünürdüm ki, bütün alimlərin keçdiyi yolu mən də keçməliyəm. Həmin zaman namizədlik dissertasiyasımı müdafiə etmək mənim üçün qarşıda duran bir məqsəd deyil, bir pillə idi. Bu pillələri adlayıb keçəndən, bilikləri toplayıb elmi dərəcə aldıqdan sonra elmi fəaliyyətlə məşğul olmaq insana zövq verir. Bu, sevdiyin mövzu və sahədirsə, o zaman bu zövq daha da artır və maraqlı olur. Mənim elmi istiqamətim olduqca maraqlı və zövq vericidir.

Əvvəllər imkan düşən kimi, vaxtım daha çox olanda rayonlara gedirdim. Oradakı abidələri gəzib tədqiq edir, fiksasiya aparırdım. Bu, mənə Azərbaycanın rayonlarını daha yaxından tanımaq üçün gözəl imkan yaratdı. Üstəlik, rayonlarımız o qədər gözəldir ki, onların təbiəti, mədəni irsi, insanlarların ünsiyyəti adamda çox pozitiv ruh yaradır. Abidələri tədqiq etmək, onları axtarıb tapmaq, xüsusilə də mənim araşdırdığım abidələr kimi - ucqar kəndlərdə, təbiətin qoynunda, dağların başında yerləşən abidələrlə işləmək doğrudan da adama zövq verir. Bu işimi sevgi ilə görürəm.

Təəssüf ki, indi buna əvvəlki kimi vaxt ayıra bilmirəm. Buna baxmayaraq, imkan yarandıqca yenə də ekspedisiyalara gedirəm. Bu səfərlər yeni materiallar əldə etməyə və elmi-tədqiqat işi ortaya qoymağa imkan verir. 

Fiziklər, kimyaçılar laboratoriyalarda eksperimentlər aparır və bu onlara yeni elmi nəticələr əldə etməyə əsas verir. Bizim fəaliyyətimiz isə birbaşa abidələrlə bağlıdır. Biz gərək abidəni görək, onu yerində tədqiq edək, daha sonra isə toplanan materiallar əsasında masa arxasında elmi araşdırmalara başlayaq. Burada həm arxiv materialları, həm biblioqrafiya, həm də illər ərzində toplanmış təcrübə və biliklər bir yerdə sintez olunaraq sonda elmi-tədqiqat işinin ərsəyə gəlməsinə şərait yaradır.

“İşğal dövründə tamamilə dağıdılmış və indi Yer üzündə olmayan abidələrimizin siyahıdan çıxarılması məsələsinə baxmaq məcburiyyətindəyik”

– Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının sədri kimi hansı işlər görürsünüz?

– Ötən ilin sonunda Qarabağdakı alban monastır komplekslərinin ən böyükləri olan Gəncəsər və Xudavəngi görmək üçün səfər etdik. Məqsəd orada baş verən dəyişikliklərlə tanış olmaq idi. Təəssüf ki, mənzərə üzücüdür. İşğal dövründə ermənilər xristian dini abidələrə qeyri-peşəkar və bərpa prinsiplərinə zidd müdaxilələr edərək onları erməniləşdirməyə çalışıblar. Bərpa işləri müasir standartlara uyğun aparılmayıb, yeni tikililər əlavə edilib, fərqli materiallardan istifadə olunub. Buna görə də mən bu işləri dırnaqarası “bərpa” adlandırıram. Bütün bunlarla bağlı hazırladığımız arayışı Mədəniyyət Nazirliyinə təqdim etdik. 

Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası dövlət tərəfindən mühafizə olunan abidələrin mövcud siyahısındakı qeyri-dəqiqliklərə, buraya yeni abidələrin əlavə edilməsi məsələlərinə baxır. Təəssüf ki, işğal dövründə tamamilə dağıdılmış və indi Yer üzündə olmayan abidələrimizin bu siyahıdan çıxarılması məsələsinə də baxmaq məcburiyyətindəyik. 

Qeyd etməliyəm ki, yalnız işğal ərazisində deyil, digər bölgələrimizdə də bəzi abidələr baxımsızlıqdan dağılıb, yaxud şəhərlərin inkişafı və yenidənqurma prosesləri nəticəsində itib. Hazırda bu məsələləri araşdıran komissiya vasitəsilə ölkəmizdə memarlıq abidələrinin bugünkü vəziyyəti və onların üzləşdiyi problemlərlə daha yaxından tanış olmaq imkanım yaranıb.

– Sizcə, işğal dövründə erməniləşdirilən bu abidələrdəki yad elementləri aradan qaldırmaq, onları əvvəlki vəziyyətinə geri qaytarmaq mümkün olacaq?    

– Ermənilər işğal etdikləri torpaqlarımızda islam abidələrinə qarşı bir siyasət həyata keçiriblər: ya dağıdaq, ya da qoyaq özü dağılsın. Xristian abidələrini isə çalışıblar ki, təftiş etsinlər, özlərinə aid olan müəyyən elementləri, detal və yazıları əlavə etsinlər. 

Bəzi dəyişiklikləri biz adi gözlə görürük. Amma elələri var ki, onu ilk baxışdan görmək mümkün deyil. Burada hansı dəyişikliklərin edildiyini, tarixi necə dəyişdirdiklərini, hansı kitabədə düzəlişlər edilməsini yaxud çıxarılıb yerinə başqasının qoyulduğunu aşkar etmək üçün uzunmüddətli tədqiqat aparılmalıdır. Bu araşdırma ayrı-ayrı mütəxəssislərin cəlbi ilə aparılmalı, ondan sonra hansı işlərin görülməli olduğuna dair qərar verilməlidir. 

Mütəxəssislər deyəndə, tək memar deyil, arxeoloqları, dili bilən, yazıları oxuya bilən şəxsləri də nəzərdə tuturam. Bunun üçün işğaldan əvvəlki dövrdə abidələrimiz barədə tam məlumatlı olmağımız lazımdır ki, biz onun kitabəsini də, dekorunu da bilək, hər daşını tanıyaq. 

Yalnız ondan sonra tam dəqiqliklə deyə bilərik ki, ermənilər kobud dəyişikliklərdən başqa ilk baxışdan görə bilmədiyimiz hansı dəyişiklikləri də ediblər.

“Hərdən bir-birimizə deyirik ki, qadın qadını təbrik etməz”

– Müsahibəmizin Beynəlxalq Qadınlar Gününə təsadüf etməsini nəzərə alsaq, bunu da soruşmaq istərdik. İndiyə qədər bu tarixdə aldığınız unudulmaz, ən dəyərli hədiyyə nə olub?

– Məni təbrik etmək edən çoxsaylı tanışlarım, dostlarım var. Bu bayramın hədiyyəsi, ilk növbədə, güldür.

- Bəs bu bayramda siz özünüz, ilk növbədə, kimi təbrik edirsiniz?

- Əlbəttə, hər bir şəxs, ilk növbədə, anasını təbrik etməlidir. Hələ ana sağdırsa, onun qədrini bilmək, qayğı, sevgi göstərmək mütləqdir.

Təəssüf ki, anam indi həyatda deyil. Bacılarımı, rəfiqələrimi, ölkənin tanınmış qadınları var ki, onları da bu gündə təbrik etməyi özümə borc bilirəm. Düzdür, biz hərdən bir-birimizə deyirik ki, qadın qadını təbrik etməz. Amma bu bayram kiməsə xoş sözlər demək, diqqət göstərmək üçün bir fürsətdir və bundan istifadə etməliyik. Qoy insanlar bir-birinə xoş emosiyalar ötürsünlər, xoş sözlər deməyə xəsislik etməsinlər. Məncə, bunlar savab işlərdir.

“Evdə də uşaqların düzgün tərbiyə edilməsinə, dərslərini vaxtında oxumasına xüsusi diqqət yetirmişəm”

– Daim təhsil sahəsində fəaliyyət göstərmisiniz, elmlə məşğul olmusunuz. Bəs övladlarınız elmə maraq göstərirlərmi? Onlar sizin təhsilləri və gələcəkləri ilə bağlı gözləntilərinizi doğruldublar?

– Övladlarımı heç vaxt nəyəsə yönəltmək fikrində olmamışam. Düşünmüşəm ki, onlar öz seçimlərini etməlidirlər. Bizim sənətlə məşğul olmaq üçün insanda əl qabiliyyəti, bu sahəyə maraq və sevgi olmalıdır. Memar olmaq istəyən şəxsin xüsusi bacarığı və bu sahəyə həvəsi olmalıdır. Buna görə də heç vaxt övladlarımı və ya yaxınlarımı bu sənətə yönləndirməyə çalışmamışam.

İki övladım var və hər biri öz seçdiyi sahə üzrə fəaliyyət göstərir. Oğlum neft mühəndisi, qızım isə hüquqşünasdır. Hər ikisinin öz yolu, öz peşəsi var. Onlardan razıyam və düşünürəm ki, onlar da öz həyat yollarını düzgün qurublar və belə də davam edəcəklər.

– Zahirən sərt və disiplinli qadın kimi görünürsünüz. Ana kimi sizi necə təsəvvür etmək olar?

– Əvvəla, onu deyim ki, xarakterimdə sərtlik var və bunu özüm də hiss edirəm. Ailədə də nizam-intizamlıyam, çünki mən belə insanam. Hesab edirəm ki, işdə bu keyfiyyətlər olmadan uğur qazanmaq mümkün deyil. Düzdür, müasir dünyada fərqli idarəetmə üsulları görürük, amma biz belə öyrənmişik, belə tərbiyə almışıq. Şəxsən mən nizam-intizama və ciddiliyə üstünlük verirəm. 

Mənə elə gəlir ki, bunlar işdə ən vacib şərtlərdəndir. İnsanın xarakteri dəyişmir, işdə necədirsə, evdə də elə olur. Evdə də qanun-qaydaya riayət olunmasına, uşaqların düzgün tərbiyə edilməsinə, dərslərini vaxtında oxumasına xüsusi diqqət yetirmişəm. Təbii ki, bu, onların uşaqlıq və məktəb illərinə aiddir. Uşaqların boş vaxtlarını düzgün dəyərləndirməsi də mənim üçün hər zaman vacib olub. İnanıram ki, bu onların yalnız xeyrinə olub.

Şərhlər

Xəbər lenti

9 aprel, 14:40

"Elmi sahədə islahatlar gənc tədqiqatçılar üçün böyük imkanlar vəd edir" – Qulam Babayev

9 aprel, 14:29

NDU-da “Media və süni intellekt” adlı “dəyirmi masa” keçirilib

9 aprel, 14:28

AzTU-da Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu keçirilib

9 aprel, 14:21

Akademik koordinator Fabian Chavez NDU-da təlim keçib

9 aprel, 14:15

Xarici dil öyrənərkən yol verilən səhvlər – Mütəxəssis açıqlayır

9 aprel, 14:01

Yeni elmi müəssisələr necə qurulacaq? – Nazir açıqladı

9 aprel, 13:34

“Sumqayıt Dövlət Universiteti üçün yeni korpus tikilməlidir” – İcra başçısı

9 aprel, 13:15

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcmasında böyük elmi, intellektual potensial toplaşıb

9 aprel, 12:46

Əhliman Əmiraslanov: Ermənilər təhsilli azərbaycanlılara iş vermirdilər

9 aprel, 12:35

Mehriban Vəliyeva: İdeoloji işlərdə gənclər öndə olmalıdırlar

9 aprel, 12:26

SABAH tələbələri Praqada beynəlxalq seminarda iştirak ediblər

9 aprel, 12:25

Gələcəyin ixtisasları - Maarifçiliyə böyük ehtiyac var

9 aprel, 12:19

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul elan edilir

9 aprel, 12:12

IX siniflər üçün növbəti buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək

9 aprel, 12:05

MDU-da “Yaşıl Texnologiyalar” müsabiqəsi keçirilib

9 aprel, 11:59

AzMİU tələbələri YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiya ediblər

9 aprel, 11:56

Firudin Qurbanov: Torpaqlarımızı qorumaq üçün güclü və bilikli olmaq lazımdır

9 aprel, 11:53

BMU-nun 4 komandası WRC-nin Azərbaycan finalına vəsiqə qazanıb

9 aprel, 11:38

Əminağa Sadıqov: Qərbi Azərbaycan böyük alimlər yetişdirib

9 aprel, 11:30

Deputat: Dövlət başçısının Sərəncamı elmdə yeni mərhələnin başlamasına şərait yaradacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.