Xaricdə işləmək təkcə karyera deyil, həm də ölkəni təmsil etməkdir - İtaliyada çalışan azərbaycanlı alim

3 Mart, 2026 - 16:21
Xaricdə işləmək təkcə karyera deyil, həm də ölkəni təmsil etməkdir

Hazırda Kalyari Universitetində İtaliya Turizm Nazirliyinin Milli Bərpa və Dayanıqlılıq Planı çərçivəsində tədqiqat aparan Hüseyn Məmmədov turizm sektorunda rəqəmsallaşma, süni intellekt tətbiqləri və innovasiya qəbulu istiqamətində araşdırmalar həyata keçirir. Gənc alim hazırda fəaliyyətini İtaliya və İspaniyada davam etdirir.

"Azərbaycan müəllimi" AZƏRTAC-a elmi fəaliyyəti və gələcək planları barədə danışan Hüseyn Məmmədovun müsahibəsini təqdim edir .

– Elmi yolunuz necə başladı? Rəqəmsallaşma sahəsinə marağınız necə yarandı?

– Mənim akademik yolum uşaqlıqdan valideynlərimin mənə elmə və təhsilə verdiyi güclü dəstəklə başladı.

İqtisadiyyat üzrə magistratura təhsilimi Siena Universitetində tamamladıqdan sonra beynəlxalq akademik mühitdə fəaliyyətimi davam etdirdim. Daha sonra Urbino Universitetində qlobal tədqiqatlar üzrə və Sevilya Universitetində iqtisadiyyat və biznes üzrə doktorantura təhsilini xüsusi fərqlənmə ilə başa vurdum.

Elmi fəaliyyətim çərçivəsində Oksford Texnologiya və İnkişaf Mərkəzində çalışaraq iqlim dəyişikliyi hesabatının hazırlanmasında rəqəmsallaşdırma eksperti kimi iştirak etmişəm. Rəqəmsallaşma sahəsinə marağım iqtisadi inkişaf və innovasiya üzrə apardığım tədqiqatlar zamanı formalaşdı. Müasir dövrdə rəqəmsal transformasiyanın iqtisadi performans, dövlət idarəçiliyi və biznes modelləri üzərində həlledici rol oynadığını gördükcə bu sahə mənim elmi prioritet istiqamətimə çevrildi.

– İtaliyanın Kalyari Universitetində gördüyünüz işlər barədə məlumat verə bilərsinizmi?

– Hazırda İtaliya Turizm Nazirliyinin Milli Bərpa və Dayanıqlılıq Planı inkişaf proqramı çərçivəsində tədqiqatçı olaraq Kalyari Universitetində çalışıram. Tədqiqat fəaliyyətim əsasən turizm sektorunda rəqəmsallaşmanın determinantlarının araşdırılmasına yönəlib. Xüsusilə muzeylər və mədəniyyət institutlarında rəqəmsal transformasiya proseslərini, innovasiya qəbulunu və süni intellektin tətbiq imkanlarını təhlil edirəm. Məqsəd turizm sahəsində daha dayanıqlı, texnologiya əsaslı və rəqabətqabiliyyətli inkişaf modelinin formalaşdırılmasıdır.

– Siz iki doktorluq dərəcəsinə sahibsiniz. Bu qərarı verməyə sizi nə motivasiya etdi? Bu proses şəxsi və peşəkar baxımdan sizə nə qazandırdı?

– İki doktorluq dərəcəsi almaq qərarımın əsas motivasiyası tədqiqat mövzumu fərqli akademik mühitlərdə və elmi məktəblərdə daha dərindən araşdırmaq istəyi idi. Mən Urbino Universitetində Qlobal Tədqiqatlar (iqtisadiyyat, biznes və hüquq) üzrə, Sevilya Universitetində isə iqtisadiyyat və biznes üzrə doktorantura təhsilini xüsusi fərqlənmə ilə başa vurmuşam. Doktorantura müddətində Sevilya Universiteti vasitəsilə İspaniyanın Elm və İnnovasiya Nazirliyinin layihələrində əməkdaşlıq etmişəm. Bu proses mənə həm metodoloji dərinlik, həm də beynəlxalq akademik şəbəkə və dostluqlar qazandırdı. Eyni zamanda fərqli, elmi yanaşmaları müqayisə etmək və qlobal miqyasda düşünmək bacarığımı formalaşdırdı ki, bu da hazırkı tədqiqat fəaliyyətimdə mühüm üstünlükdür.

– Hazırda İtaliyada və İspaniyada elmi fəaliyyət göstərirsiniz. Xaricdə gənc azərbaycanlı alim kimi çalışmaq sizə hansı məsuliyyəti yükləyir?

– Xaricdə çalışmaq təkcə fərdi karyera deyil, həm də ölkəni təmsil etmək deməkdir. Mən hər akademik təqdimatda və beynəlxalq layihələrdə Azərbaycanı elmi potensialı yüksək olan ölkə kimi təqdim edirəm. Bu, həm peşəkar məsuliyyət, həm də mənəvi borcdur. Milli kimlik mənim üçün dəyərlər və məsuliyyət deməkdir. Akademik mühitdə Azərbaycanla bağlı mövzuları gündəmə gətirir, gənc azərbaycanlı tədqiqatçılarla əlaqə saxlayır və ölkəmizin elmi potensialını beynəlxalq platformalarda vurğulayıram.

– Xaricdə yaşayan azərbaycanlı gənclərə nə tövsiyə edərdiniz? Xüsusilə elm və innovasiya sahəsində karyera qurmaq istəyənlər üçün hansı məqamlar vacibdir?

– Elm və innovasiya sahəsində uğur üçün üç əsas məqam vacibdir: analitik düşüncə, beynəlxalq əməkdaşlıq və davamlı öyrənmə. Texnologiya və süni intellekt sahəsində biliklər artıq bütün sahələr üçün əsas kompetensiyaya çevrilib. Eyni zamanda, şəbəkələşmə və akademik dürüstlük uzunmüddətli uğurun açarıdır.

– Sizcə, Azərbaycan diasporunun elmi və akademik potensialı kifayət qədər görünürmü? Bu istiqamətdə hansı addımlar atılmalıdır?

– Potensial böyükdür, lakin koordinasiya daha da gücləndirilməlidir. Akademik şəbəkələrin formalaşdırılması, ortaq tədqiqat platformalarının yaradılması və dövlət-diaspora əməkdaşlığının sistemli şəkildə qurulması bu istiqamətdə vacib addımlar ola bilər.

– Xaricdə qazandığınız təcrübəni gələcəkdə Azərbaycanla bölüşmək və ya ölkədə tətbiq etmək planlarınız varmı?

– Bəli, əsas məqsədlərimdən biri rəqəmsal transformasiya və süni intellekt sahəsində topladığım təcrübəni Azərbaycanla bölüşməkdir. Xüsusilə dövlət idarəçiliyində süni intellekt tətbiqləri, dataəsaslı qərarvermə mexanizmləri və rəqəmsal idarəetmə modelləri istiqamətində əməkdaşlıq və bilik transferi üçün real imkanlar görürəm.

– Sizi ən çox motivasiya edən nədir? Elmi maraq, ölkəni təmsil etmək, yoxsa qlobal miqyasda təsir yaratmaq istəyi?

-Məni ən çox motivasiya edən elmi maraq və real təsir yaratmaq istəyidir. Elmin praktik nəticə verməsi, siyasət və biznes qərarlarına təsir etməsi mənim üçün əsas motivasiya mənbəyidir. Bununla yanaşı, Azərbaycanı beynəlxalq akademik mühitdə layiqincə təmsil etmək də mənim üçün xüsusi əhəmiyyət daşıyır.