Elm və təhsil jurnalistikası üzrə təlim proqramı nə vəd edir? – MÜSAHİBƏ
Elm və təhsil sahəsində peşəkar kommunikasiya cəmiyyətlə elm arasında düzgün körpü qurmaq deməkdir. Məhz bu səbəbdən son illər elm və təhsil jurnalistikası ayrıca ixtisaslaşma istiqaməti kimi daha çox diqqət çəkir. Xüsusilə elmi araşdırmaların, təhsil siyasətinin və akademik yeniliklərin ictimaiyyətə aydın dildə çatdırılması bu sahədə peşəkar jurnalist və mütəxəssislərin rolunu artırır. Bu istiqamətdə həyata keçirilən yeni təşəbbüslərdən biri də “OpenScience Media Lab” və “Science and Education Media”nın birgə təşkil etdiyi “Elm və təhsil jurnalistikası və kommunikasiyası üzrə peşəkar inkişaf proqramı”dır.
Proqramın məqsədi, iştirakçılar üçün yaradılan imkanlar və bu sahənin perspektivlərini “OpenScience Media Lab” təşəbbüsünün layihə rəhbəri, “Elm və təhsil jurnalistikası və kommunikasiyası üzrə peşəkar inkişaf proqramı”nın koordinatoru Aysel İbrahimova ilə müzakirə etdik.
“Proqramın əsas hədəfi ölkəmizdə bu sahə üzrə kadr potensialı formalaşdırmaqdır”
– İlk olaraq, “Elm və təhsil jurnalistikası və kommunikasiyası üzrə peşəkar inkişaf proqramı”nın yaranma zərurətindən danışaq. Bu proqram hansı ehtiyacdan doğdu və əsas məqsədi nədir?
– İstər mədəni, istərsə də, texnoloji inkişaf, eləcə də cəmiyyətin rifah səviyyəsi birbaşa olaraq elm və təhsil sahəsinin inkişafı ilə bağlıdır. Elm və təhsilin əhəmiyyətini isə ən yaxşı şəkildə elmi kommunikasiyanın güclü olduğu cəmiyyətlər anlayır.
Elm və təhsil kommunikasiyasının uğuru bu mövzuların ictimai müzakirələrdə mütəmadi olaraq yer almasında özünü göstərir. Onun təsiri isə olduqca geniş bir sahəni əhatə edir. Media gündəlik qərarlarımızın formalaşmasına ciddi təsir göstərir. Bizim məqsədimiz elm və təhsildən yazıb, danışan jurnalistlər və media mütəxəssisləri vasitəsilə bu təsiri müsbət istiqamətə yönləndirməkdir. Elm, təhsil və media ekosisteminin malik olduğu təsir imkanlarından birgə istifadə etməklə insanların daha sağlam seçimlər etməsinə, bunun nəticəsində cəmiyyətimizin inkişafına töhfə verməyə çalışırıq.
Bu cür uzunmüddətli məqsədə xidmət edən proqramın əsas hədəfi sadəcə elm və təhsil jurnalistikası üzrə bilik mübadiləsini həyata keçirmək yox, ölkəmizdə sahə üzrə kadr potensialı formalaşdırmaqdan ibarətdir. Bu məqsədlə gənclərin enerjisi və yaradıcı yanaşması ilə uzun illər elm, təhsil və media sahəsində fəaliyyət göstərmiş peşəkarların təcrübəsini bir araya gətirməyə çalışırıq.
– Azərbaycanda elm və təhsil sahəsində ixtisaslaşmış media mütəxəssislərinə niyə ehtiyac var? Hazırda bu sahədə hansı boşluqları müşahidə edirsiniz?
– Məqsədimiz elm və təhsil mövzularının mediada sadəcə say etibarilə artmasına nail olmaq deyil. Müasir dövrdə insanları faydalı və istifadəyə yararlı məlumatdan uzaqlaşdıran əsas amil informasiya çatışmazlığı deyil, əksinə, informasiyanın həddindən artıq çoxluğudur. Sosial media platformalarının geniş yayılması məlumatı daha əlçatan edib. Lakin bütün istifadəçilərin yayımladıqları məlumatlar etibarlı mənbələrə əsaslanmır və ya ictimai müzakirəyə çıxardıqları məsələlərin həlli yollarını təqdim etmirlər.
Elm və təhsil kommunikasiyasının zəifliyi cəmiyyətdə konspirasiya nəzəriyyələrinə inamın artması, eləcə də insanlar arasında təşviş hallarının güclənməsi ilə özünü göstərir.
Məhz buna görə ehtiyac duyduğumuz şəxslər yalnız elm və təhsil mövzularını işıqlandıran media nümayəndələri deyil, eyni zamanda həll yönümlü jurnalistikanın prinsipinlərini əsas götürən peşəkar kommunikatorlardır. Belə mütəxəssislər elm və təhsil sahəsində əldə olunan bilikləri cəmiyyət üçün praktik və istifadəyə yararlı formaya çevirə, problemləri işıqlandırarkən təşviş yaratmaq əvəzinə ekspertlərlə birlikdə mümkün həll yollarını da təqdim edə bilməlidirlər.
– Proqram boyunca iştirakçılar hansı istiqamətlər üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər?
– Proqram iştirakçılarını 6 aylıq intensiv inkişaf mərhələsi gözləyir. Bu müddət ərzində onlar həftəlik təlimlərdə iştirak edəcək, təhsil səfərlərinə qatılacaq, mentor dəstəyi alacaq və real iş mühitində təcrübə qazanacaqlar. İştirakçılar Təhsil TV və “Azərbaycan müəllimi” qəzetində təcrübə keçərək əldə etdikləri bilikləri praktik fəaliyyətdə tətbiq etmək imkanı əldə edəcəklər.
Əsas üç istiqamət – elm və təhsil ekosisteminə giriş, jurnalistika, eləcə də ictimaiyyətlə əlaqələr üzrə müasir tendensiyalara əsaslanan bilik və bacarıqlara yiyələnəcəklər, eyni zamanda elm, təhsil və media ekosistemlərinin qarşılıqlı əlaqəsini anlama imkanı qazanacaqlar.
“İştirakçılar məzmunun elmi dəyərini və mahiyyətini itirmədən kommunikasiya etmə bacarığına yiyələnəcəklər”
– İştirakçılar elm və təhsil mövzularını ictimaiyyətə düzgün çatdırmaq üçün konkret olaraq nələri öyrənəcəklər?
– Proqramın sonunda iştirakçılar elm və təhsil mövzularını sadə və anlaşıqlı dildə, lakin məzmunun elmi dəyərini və mahiyyətini itirmədən kommunikasiya etmə bacarığına yiyələnəcəklər. Onlar elmi-tədqiqatların, təhsil sahəsində qəbul olunan sənəd və qanunların necə jurnalist materialına çevrildiyini öyrənəcək, həmçinin inkişaf etmiş ölkələrin elm və təhsil modellərinin inkişaf etməkdə olan ölkələrdə eyni şəkildə tətbiq edilməsinin niyə hər zaman mümkün olmadığını daha dərindən anlayacaqlar.
İştirakçılar elm və təhsil sahəsində ölkə və beynəlxalq səviyyədə aparıcı rol oynayan qurum və təşkilatların fəaliyyəti, bu mövzularda işləyərkən etibarlı və faydalı məlumat əldə edilə biləcək mənbələr, eləcə də elm və təhsil siyasətlərinin formalaşdırılması prosesləri haqqında ətraflı bilik qazanacaqlar.
Nəticə etibarilə, proqram iştirakçıları elm və təhsil ekosistemini sistemli şəkildə anlama, təhlil etmə və bu sahədə peşəkar kommunikasiya qurmaq bacarıqlarına sahib olacaqlar.
– Proqram çərçivəsində mentorluq və real media təcrübəsi imkanları da nəzərdə tutulur. Bu proses necə təşkil olunacaq və iştirakçılar “Təhsil TV” və “Azərbaycan müəllimi”ndə hansı praktiki imkanları əldə edəcəklər?
– Təqdim etdiyimiz inkişaf proqramının əsas üstünlüklərindən biri iştirakçılar üçün mentor dəstəyinin nəzərdə tutulmasıdır. Adətən bu tip təlim proqramlarında iştirakçıların təlimçilərlə əlaqəsi yalnız təlim müddəti ilə məhdudlaşır və sonradan yaranan suallar və ya əlavə dəstək ehtiyacları üzrə davamlı ünsiyyət imkanları məhdud olur. Biz isə iştirakçıları mentorlarla təmin etməklə bu boşluğu aradan qaldırmağı hədəfləyirik.
Çünki məqsədimiz yalnız nəzəri biliklərin ötürülməsi deyil, iştirakçıların bu sahədə peşəkar kimi formalaşmasına hərtərəfli dəstək göstərməkdir. Proqram müddətində onların inkişaf prosesini izləmək, qarşılaşdıqları çətinliklərdə istiqamət vermək və davamlı peşəkar dəstək təqdim etmək əsas prioritetlərimizdən biridir. Mentorlar isə elm, təhsil və media sahəsində təcrübəyə malik peşəkar şəxslər olacaq.
Bununla yanaşı, proqram yalnız mentorluqla məhdudlaşmır. İştirakçılar əldə etdikləri nəzəri bilikləri praktik şəkildə tətbiq etmək məqsədilə Təhsil TV və “Azərbaycan müəllimi” qəzetində təcrübə keçəcəklər. Bu təcrübə onlara elm və təhsil sahəsində maraq göstərdikləri istiqamətləri daha yaxından tanımaq, güclü və inkişaf etdirilməli tərəflərini müəyyənləşdirmək, həmçinin fərdi inkişaf istiqamətlərini formalaşdırmaq imkanı yaradacaq.
– Bu proqram klassik jurnalistika təlimlərindən nə ilə fərqlənir? Elm və təhsil istiqamətində ixtisaslaşmanın özünəməxsus tərəfləri hansılardır?
– Bu proqram çərçivəsində jurnalistika və ictimaiyyətlə əlaqələr sahəsinə dair müasir tendensiyalar elm və təhsil kontekstində tədris olunacaq. Təlimlərin əsas məqsədi iştirakçılara ümumi nəzəri biliklər vermək deyil, onları birbaşa sahənin spesifik ehtiyaclarına uyğun peşəkar bacarıqlarla təmin etməkdir.
Məsələn, data jurnalistikası üzrə sessiyalarda iştirakçılar elm və təhsil sahəsinə aid real nümunələr əsasında məlumatların toplanması, təhlili və vizuallaşdırılması bacarıqlarına yiyələnəcəklər. Böhran kommunikasiyası ilə bağlı dərslərdə isə tədris prosesi məhz elm və təhsil qurumlarının qarşılaşa biləcəyi potensial böhran situasiyaları üzərində qurulacaq.
Xüsusilə təhsil jurnalistikası həssas auditoriyalarla işləməyi tələb edən sahələrdən biridir. Təhsil jurnalistləri tez-tez uşaqlar və yeniyetmələrlə ünsiyyətdə olur, onların iştirak etdiyi və ya onlarla bağlı materiallar hazırlayırlar. Bu isə xüsusi etik yanaşma və yüksək peşəkarlıq tələb edir. Məlumatların məxfiliyinin qorunması, həssas detallardan düzgün istifadə olunması və etik prinsiplərə riayət edilməsi bu sahədə əsas prioritetlərdəndir. Proqram boyunca iştirakçıların bu istiqamətdə həm nəzəri bilik, həm də praktiki təcrübə qazanmaları üçün xüsusi diqqət ayrılacaq.
Qısacası, proqram iştirakçılara ümumi sahə bilikləri deyil, elm və təhsil kommunikasiya¬sı üzrə ixtisaslaşmış, praktiki yönümlü və intensiv peşəkar hazırlıq təqdim edəcək.
– Proqram kimlər üçün nəzərdə tutulub və seçim zamanı hansı meyarlara üstünlük veriləcək? Namizədlərdə ən çox hansı motivasiya və potensialı görmək istəyirsiniz?
– Proqram çərçivəsində əsasən elm və təhsil jurnalistikası və kommunikasiyası sahəsində ixtisaslaşmaq istəyən, elm və təhsil mövzularından yazmağa və danışmağa maraq göstərən, bu marağı gələcək karyera istiqamətinə çevirməyi hədəfləyən gəncləri axtarırıq.
Eyni zamanda məqsədimiz seçilmiş iştirakçıların ölkəmizdə bu sahənin inkişafına töhfə verməyə və bu istiqamətdə bizimlə birlikdə fəaliyyət göstərməyə hazır olan gənclərdən ibarət olmasıdır.
Proqrama jurnalistika, media və kommunikasiya, dövlət və ictimai münasibətlər, təhsil idarəetməsi, eləcə də pedaqoji yönümlü ixtisaslar üzrə təhsil alan III–IV kurs bakalavr tələbələri, magistrantlar və son 3 il ərzində məzun olmuş gənclər müraciət edə bilərlər.
Qısaca desək, təhsil və media ekosistemlərindən ən azı biri üzrə müəyyən ixtisas biliyi və təsəvvürə malik, bu sahədə inkişaf etməyə motivasiyalı olan gəncləri proqramda iştirak etməyə dəvət edirik.
– Proqram ilin sonunadək davam edəcək. Bu müddət ərzində iştirakçıları hansı fəaliyyətlər, seminarlar, ustad görüşləri və səfərlər gözləyir?
– Namizədləri dinamik və intensiv keçəcək 6 aylıq proqram gözləyir. Proqram yalnız təlim otaqları ilə məhdudlaşmayacaq. İştirakçılar üçün mütəmadi olaraq elm və təhsil qurumlarına səfərlər təşkil ediləcək, həmin qurumların fəaliyyəti, xüsusilə ictimaiyyətlə əlaqələr istiqamətində həyata keçirdikləri işlərlə yaxından tanış olmaq imkanı yaradılacaq.
Bununla yanaşı, hər modulun sonunda iştirakçılar qrup tapşırıqları üzərində çalışacaqlar. Bu tapşırıqlar iştirakçıların əldə etdikləri bilikləri praktik şəkildə tətbiq etmələrinə xidmət etməklə yanaşı, onların gələcək peşəkar fəaliyyətində istifadə edə biləcəkləri portfolio nümunələrinin formalaşdırılmasına da töhfə verəcək.
– İştirakçılar proqramı uğurla başa vurduqdan sonra onlar üçün hansı karyera imkanları yarana bilər? Bu sahədə gələcək perspektivləri necə qiymətləndirirsiniz?
– Biz gənclər arasında bu sahəni həm də onun gələcək perspektivlərini göstərərək populyarlaşdıra bilərik. Elm və təhsil jurnalistikası və kommunikasiya spesifik sahə olduğu üçün həm ölkəmizdə, həm də dünyada bu sahə ilə məşğul olan mütəxəssislərin sayı çox deyil. Bu isə rəqabətin sahə üzrə o qədər də güclü olmadığı mənasına gəlir. Və maraqlısı budur ki, bu cür xüsusi ixtisaslaşma tələb edən sahələr əmək bazarında daha yüksək dəyərlə qiymətləndirilir.
Digər tərəfdən, süni intellekt texnologiyalarının media sahəsinə təsirinin artdığı bir dövrdə elm və təhsil kommunikasiyası daha dayanıqlı karyera istiqamətlərindən biri hesab oluna bilər.
Hazırda əmək bazarında tələblə müqayisədə təklifin daha az olduğunu və sahə üzrə ixtisaslaşmış mütəxəssis çatışmazlığının hiss edildiyini müşahidə edirik. Bu isə gənclər üçün mühüm imkan yaradır. Yeni formalaşan və getdikcə aktuallaşan bir sahədə ixtisaslaşmaq onların gələcək karyeralarına ciddi investisiya hesab oluna bilər.
Məhz bu səbəbdən proqramı həyata keçirməkdə əsas məqsədimiz gələcəyin, özü də yaxın gələcəyin elm və təhsil jurnalistlərini, eləcə də ictimaiyyətlə əlaqələr üzrə peşəkar mütəxəssislərini yetişdirmək və onları sektora qazandırmaqdır.
– Sonda elm və təhsil jurnalistikası ilə maraqlanan gənclərə nə demək istərdiniz? Bu sahəyə gəlmək istəyənlər niyə bu proqramdan yararlanmalıdır?
– Müsahibənin bu hissəsinə qədər əsasən proqramın və ümumilikdə sahənin iştirakçılara qazandıracağı imkanlardan danışdıq. İstəyirəm, sonuncu suala cavabımı onların bu sahə vasitəsilə yarada biləcəkləri təsirə ayıraq.
Medianın təsir gücü və gündəlik qərarlarımızdakı rolu hər kəsə məlumdur. Onlar hazırlayacaqları hər media məhsulu, ictimaiyyətə ötürəcəkləri hər mesaj ilə gələcək alimlərin, təhsil liderlərinin yetişməsində vasitəçi ola bilərlər. Artıq bir yeniyetmənin özünə seçəcəyi rol modelini də media müəyyən edir, seçəcəkləri karyera yolunu, dostları ilə etdikləri söhbətin mövzusunu da.
Elm və təhsil kommunikasiyası ilə məşğul olan şəxslər insanların daha sağlam seçimlər etməsinə birbaşa töhfə verə bilərlər.



