Xarici sənət nümayəndələri İncəsənət Kollecində olublar
Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində ölkəmizdə səfərdə olan xarici sənət nümayəndələri ilə görüş keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, kollecin qonaqları Çin Xalq Respublikasının görkəmli rəssamı, pedaqoqu Jen Quansyu, Qırğızıstanın müasir təsviri sənətinin tanınmış nümayəndəsi Yuristanbek Şıqayev və Qazaxıstanın Xalq rəssamı, sənətşünas alim Jambul Natbayev olub.
Görüş zamanı qonaqlara kollecin fəaliyyəti, həyata keçirilən ixtisas hazırlığı, tələbələrin yaradıcılıq potensialı və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verilib. Tərəflər təsviri sənət və incəsənət təhsili sahəsində birgə layihələrin həyata keçirilməsi, “ustad dərsləri”nin təşkili, müəllim və tələbələr arasında təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər.
Sonra kollecin tələbəsinin müəllifi olduğu, Azərbaycan xalçaçılıq sənətinin ənənələrini əks etdirən əl işi olan xalça qonaqlara xatirə hədiyyəsi kimi təqdim edilib.
Çıxış edənlər belə görüşlərin Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin beynəlxalq əlaqələrinin genişlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və gələcək birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyini vurğulayıblar.




