Yağıntıya görə hansı universitetlər distant təhsilə keçib? – SORĞU
Bu gün Bakıda müşahidə olunan intensiv yağıntı və bir sıra ərazilərdə qeydə alınan subasma halları ali təhsil müəssisələrində tədris prosesinin təşkilinə də təsirsiz ötüşməyib. Bəzi universitetlər dərsləri onlayn formata keçirib, bəzilərində tədris ənənəvi qaydada davam etdirilib.
Bundan başqa, əsas suallardan biri də hava şəraiti ilə əlaqədar dərsə gecikən və ya ümumiyyətlə iştirak edə bilməyən tələbələrə qaib yazılıb-yazılmadığı ilə bağlıdır.
Mövcud hava şəraiti fonunda ali təhsil müəssisələrində dərslərin distant formata keçirilib-keçirilmədiyi və davamiyyətin necə tənzimləndiyi ilə bağlı universitetlərə sorğu ünvanladıq.
“Azərbaycan müəllimi”nin əldə etdiyi məlumata görə, Xəzər Universitetində mövcud hava şəraiti ilə əlaqədar bugünkü imtahanlar ləğv edilib, dərslər isə onlayn təşkil olunub.
Bakı Mühəndislik Universitetində (BMU) dərslər ənənəvi qaydada davam etdirilir. Bildirilib ki, bəzi ərazilərdən ilk dərslərə gəlməkdə çətinlik çəkənlərin sayı azdır və bu hallara fərdi qaydada baxılacaq.
Bakı Dövlət Universitetində (BDU) də tədris ənənəvi qaydada davam edir və davamiyyətin qənaətbəxş olduğu qeyd olunub.
ADA Universitetindən verilən məlumata görə, dərslərin onlayn formata keçirilməsi ilə bağlı ümumi qərar qəbul edilməyib. Bununla belə, zərurət yaranarsa, müəllimlərin təşəbbüsü ilə fərdi dərslər onlayn təşkil oluna bilər. Hazırda davamiyyətlə bağlı ciddi problem müşahidə olunmur. Lakin belə hallar yaranarsa, müəllimlərdən tələbələrə güzəşt etmələri xahiş olunur.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dərslər ənənəvi qaydada davam edir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə onlayn tədrisə keçidlə bağlı hər hansı qərarın olmadığı, dərslərin ənənəvi formada davam etdiyi bildirilib.
Azərbaycan Texniki Universitetində dərslər adi qaydada keçirilir, davamiyyətdə ciddi problem qeydə alınmayıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, yağıntılı hava şəraitinin nisbətən sabitləşməsi nəzərə alınaraq dərslər ənənəvi qaydada davam etdirilir. Yağıntının daha intensiv olduğu ərazilərdə yaşayan az sayda tələbə gecikmə və ya iştirak edə bilməmə ilə bağlı dekanlıqlara məlumat verib və bu halların nəzərə alınması üçün müəllimlərə müvafiq göstəriş verilib. Onlardan xahiş edilib ki, yağış səbəbilə dərsdə iştirak edə bilməyən tələbələrlə fərdi şəkildə məşğul olub, iştirak etmədikləri dərsin bərpa olunması üçün şərait yaradılsın.
Azərbaycan Dövlət Pedaqoji Universitetində də dərslər ənənəvi formada davam edir. Qeyd olunub ki, səhər saatlarında nəqliyyatla bağlı yaranan çətinliklər səbəbindən müəyyən gecikmələr müşahidə edilsə də, bu tarix üzrə yazılan qaiblərin sonradan nəzərə alınması planlaşdırılır.
Ümumilikdə, müşahidələr göstərir ki, mövcud hava şəraitinə baxmayaraq, ali təhsil müəssisələrinin əksəriyyətində tədris prosesi ənənəvi qaydada davam etdirilib.



