Yazı bacarıqları diqqətdən kənarda: Məktəbdə inşa və imla niyə unudulur?
Son illər ümumtəhsil məktəblərində yazı tapşırıqlarının, yəni inşa və imlanın yerini getdikcə testlərin tutması müzakirə mövzusuna çevrilib. Bu meylin səbəbləri nədir və nəticələri şagirdlərin inkişafına necə təsir edir? 182 nömrəli tam orta məktəbin metodisti Səidə Dünyamalıyeva “Azərbaycan müəllimi”nə açıqlamasında bu məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, kurikulum müəllimə yazı işlərinə geniş yer vermək imkanı yaratsa da, praktikada müəllimlər daha çox test tapşırıqlarına üstünlük verirlər. Bunun əsas səbəbi isə vaxt və idarəetmə rahatlığıdır.
“25–30 şagirdin inşasını yoxlamaq saatlar çəkə bilər. Test isə qısa vaxtda yoxlanılır və dərhal nəticəni görmək mümkündür. Bu baxımdan müəllimlər testləri daha praktik hesab edirlər”, – deyə metodist bildirir.
Digər tərəfdən, obyektivlik məsələsi də testlərin xeyrinə işləyir. Yazı işlərində meyarların hazırlanması, hər şagirdə fərdi yanaşma tətbiqi zaman tələb edir. Test nəticələri isə rəqəmlərlə ifadə olunduğu üçün həm rəhbərlik, həm də valideyn üçün daha aydın görünür və hesabatlılıq baxımından rahatlıq yaradır.
Səidə Dünyamalıyeva qeyd edir ki, buraxılış və monitorinq imtahanlarının əsasən test formatında olması da müəllimləri bu istiqamətə yönəldir:
“Şagirdlərin biliyi sonda testlə yoxlanıldığı üçün müəllimlər də uyğunlaşma yaratmaq məqsədilə dərslərdə testlərə üstünlük verirlər”.
Metodistin fikrincə, problem kurikulumda deyil, tədris mədəniyyətinin sürətlə “rahatlıq mədəniyyətinə” çevrilməsindədir. Yazı işlərinin qiymətləndirilməsi üçün müəllimlərə praktik, hazır meyar nümunələrinin yetərincə təqdim olunmaması da bu prosesi zəiflədir. “Əgər müəllimlərə inşa və imlanın yoxlanılması üçün konkret meyarlar və nümunələr verilsə, onların işi də xeyli asanlaşar”, – deyə vurğulayıb.
O bildirib ki, imla yalnız ibtidai sinif aləti deyil. Orfoqrafik vərdişlərin formalaşması üçün imladan yuxarı siniflərdə də sistemli şəkildə istifadə olunmalıdır. Çünki yazı tapşırıqları eyni anda bir neçə bacarığın, dil ehtiyatı, məntiqi təfəkkür, fikir ardıcıllığı, özünüifadə, yaradıcılıq və oxuduğunu mənimsəmə inkişafına xidmət edir.
Səidə Dünyamalıyevanın sözlərinə görə, testlərin həddindən artıq çoxluğu yazı bacarıqlarını zəiflədə bilər:
“Praktikamızda görürük ki, şagirdlər sərbəst fikir bildirməkdə, cümlə qurmaqda çətinlik çəkirlər. Mətn yaratma bacarığı geriləyir. Dil bacarığı testlə yox, yazmaqla inkişaf edir”.
Səidə Dünyamalıyeva əlavə edir ki, bu baxımdan metodik dəstəyin daha praktik və konkret olmasının vacibdir. Ay üzrə yazı planları, yaşa uyğun mətn bankları, birgə yoxlama məşğələləri, müəllimlərlə yazı işlərinin praktik yoxlanılmasının göstərilməsi və məktəblərdə “yazı həftəsi” kimi təşəbbüslər bu sahədə dönüş yarada bilər.
“Test rahatlıqdır, amma inşa və imla inkişaf deməkdir. Metodik dəstəyin məqsədi müəllimə göstərməkdir ki, yazı əlavə yük deyil, tədrisin əsas hissəsidir. Biz rahatlığa yox, inkişafı hədəfləməliyik”, – deyə metodist fikrini yekunlaşdırıb.



