Elmar Qasımov: Ən əsas iş hədəfi düzgün seçməkdir 

5 Mart, 2026 - 12:17
Elmar Qasımov: Ən əsas iş hədəfi düzgün seçməkdir 

“Şagirdlər üçün həyatda ən əsas iş hədəfini düzgün seçməkdir. Hədəf seçmək çox çətin məsələdir. Peşələrin hər biri dəyərlidir. Əsas odur ki, o peşəni sevəsiniz. O peşəni sevsəniz və öyrənsəniz, o sizi yüksəldəcək”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində səsləndirib.

E.Qasımov qeyd edib ki, BANM bu il orta təhsilə bir yenilik gətirib: “Burada yeni bir lisey yaranıb. Rəqəmsal bacarıqlar liseyi artıq fəaliyyət göstərir və bu liseyin 4 komandası bu il “Sabahın alimləri” müsabiqəsinin finalına çıxıb. Mən istəyirdim ki, liseyimiz Azərbaycandakı digər liseylərlə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərsin”.

Rektor “Sabahın alimləri” müsabiqəsinin ölkənin ən nüfuzlu müsabiqələrindən biri olduğunu bildirib.