Yeni keyfiyyət mərhələsi və daha perspektivli nəticələr
Azərbaycan Respublikasında təhsil sahəsində yeni keyfiyyət mərhələsinin uğurla davam etdirilməsi, elmi fəaliyyətin, araşdırmaların və bu sahələr üzrə stimullaşdırmaların daha müasir mexanizmlərinin yaradılması günümüzün aktual məsələlərini təşkil edir. İstər elm, istərsə də tədris sahələri üzrə zəruri ixtisaslaşma mühitinin, texnoloji təminatın və infrastruktur təsisatlarının yaradılması regional və milli təhsil səviyyələri üzrə səmərəli tənzimləmələrin mühüm ifadəsidir. Ardıcıl islahatların davam etməsi, hər iki sahənin effektivliyə və artıma söykənən proseslərinə yeni görkəm qazandırır. 5 yanvar 2026-cı il tarixində dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə davamlı regional, milli və beynəlxalq iqtisadi inkişaf proseslərindən, ərazi bütövlüyümüzün təmin olunmasından, davamlı iqtisadi islahatlardan, sosial dayanıqlılıq sahəsindəki tədbirlərin məqsədyönlülüyündən, mövcud potensialın etibarlılığından və uzunmüddətli hədəflərin əlçatan olması sahəsindəki proseslərin həyata keçirilməsindən söz açdı. Həmin müsahibə hər birimiz üçün proqram xarakterli əyani vəsaitdir. Müsahibədə, eyni zamanda, qara qızılın insan kapitalına çevrilməsi, elm və təhsil sahəsindəki tədbirlərin yeni keyfiyyət mərhələsi əsasında davam etdirilən ardıcıl islahatlardan da bəhs olundu. Təbii olaraq, bu islahatlar, həm təhsil sahəsini, həm də həmin sahənin kadr potensialını əhatə edir.
Dövlət başçımızın da qeyd etdiyi kimi, kadr islahatı, elm-təhsil, cəmiyyətin ümumi intellektual səviyyəsi olmasa, onda nadir hallarda hansısa istedadlı şəxs meydana gələ bilər. Cəmiyyətin ümumi intellektual səviyyəsi, bilik səviyyəsi yüksək olanda, orada, necə deyərlər, pleyadalar, belə istedadlı şəxsiyyətlər yaranır.
Təbii olaraq, dövlət başçımızın qeyd etdiyi tövsiyələr, cəmiyyətimizin xoşbəxt gələcəyi üçün olduqca zəruridir və bu sahədə, universitetlərin də qarşısında mühüm vəzifələr vardır. Məhz bu vəzifələrin qürurlu icra mexanizmləri qalib ölkənin inkişaf edən ali məktəbi olaraq Naxçıvan Dövlət Universitetinin reallaşdırdığı layihələrdə daha əhatəliliyinə görə seçilir. Ali məktəbimiz bununla, müstəqillik illərinin olduqca perspektivli, etibarlı və genişmiqyaslı inkişaf dövrünü yaşamaqdadır. Xüsusilə də, son 6 ildən artıq bir dövr ərzində burada həyata keçirilən innovativ mahiyyətli, texnoloji təminatlı və inteqrasiya hədəfli tədbirlər dövlətimizin milli ali təhsil sahəsində gerçəkləşdirdiyi islahatların zəruri tərkib hissəsidir. Hələ 2020-ci ildən etibarən ölkənin milli ali təhsil sahəsində davam edən islahatlarına uyğun olaraq, strukturlaşmanın başladılması, müasir tələblər və çağırışlar əsasında yeni ixtisasların və fakültələrin yaradılması, fəaliyyətlərinin müvafiq qaydalar əsasında tənzimlənməsi sahəsində ilkin addımlar atılmağa başlandı. Prezident İlham Əliyevin əbədiyaşar liderimiz Heydər Əliyevin elm və təhsilin dayanıqlı inkişafı sahəsində başlatdığı qətiyyətli strateji xəttin daha da möhkəmlənməsi sahəsində həyata keçirdiyi tədbirlər ölkəmizdə bütün ali məktəblər kimi, Naxçıvan Dövlət Universitetinin də yüksək elmi, pedaqoji, texniki, innovativ və texnoloji dayanıqlılığına zəmin yaratmışdır.
Bütün bunlar, təbii olaraq, həm milli təhsilimiz üçün:
- sosial-iqtisadi mahiyyətinə görə seçilərək, müasir əmək bazarının dəyişən tələblərinə müvafiq qaydada uyğunlaşmaqla, təşəkkül tapmaqla;
- milli təhsilin daha etibarlı və daha mütərəqqi əsaslarla inkişafına verdiyi töhfələrlə;
- tədrisi ingilis dilində olan ixtisasların açılması və uğurlu qəbul göstəricilərinin əldə olunması ilə;
- alternativ imkanların yaradılması əsasında etibarlı elm və tədris proseslərinin ardıcıllığı ilə;
- dayanıqlı araşdırma və tədqiqat mühitinin əsaslarının ortaya qoyulması ilə güclü potensialın formalaşdırılması və perspektivli nəticələrin əldə olunması ilə modern universitet modelinin yaradılması Naxçıvan Dövlət Universitetinin daha mütərəqqi hədəflərini təşkil edir.
Təbii olaraq, bu bəhs olunanlar, yaxın, orta və uzaq gələcək üçün Naxçıvan Dövlət Universitetinin həm də:
- beynəlxalq əməkdaşlıqlarının daha üst səviyyədə təşəkkül tapmasında mühüm göstəricilər sistemini təşkil edəcək;
- ikili diplom layihələrinin həyata keçirilməsi ilə ortaq kadr hazırlığının etibarlılığına təminat yaradacaq;
- müəllim və tələbə mobilliyinin genişmiqyaslı araşdırma mühitinin dünyəviliyinin, təmin olunması ilə müşayiət olunan potensialı ortaya qoyacaq;
- daha etibarlı elm və tədris imkanları üçün inkişaf etmiş universitetlərin təcrübələrindən yararlanma sahəsində öncüllüklə fərqlənmiş olacaq;
- dünya miqyaslı tanınmış və görkəmli elm adamları və pedaqoji kadrların tədris proseslərinə cəlb olunması ilə əsaslarını müəyyən etmiş olduğu proseslər, uzunmüddətli artım göstəricilərinin, ali təhsilinin şaxələndirilməsinin və keyfiyyət təminatının daha mütərəqqi bazasını yarada bilmişdir. Eyni zamanda, belə üstünlüklərin əldə olunması universitetin Texnologiyalar parkı müstəvisində yeni bir inkişaf səviyyəsinə faydalı zəmin açacaq.
Ölkə başçısı müsahibədə uzaqgörənliklə bildirdi ki, dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır. Çünki inkişaf etmiş ölkələrin təcrübəsini bilirik. Orada elm daha çox ali məktəblərlə bərabər, yaxud da ki, onların nəzdində inkişaf edir və biz də bu modeli seçmişik. İndi struktur islahatları gedir. Bir çox elmi-tədqiqat institutları bir-biri ilə birləşdirilir.
Artıq Naxçıvan Dövlət Universiteti malik olduğu elmi və pedaqoji potensialını, bu sahədəki resurslarını və texnoloji təminatını möhkəmləndirməkdə, xüsusilə də hüquqi bazasını daha da gücləndirməkdədir. Belə ki, Təbii Ehtiyatlar İnstitutunun, Bioresurslar İnstitutunun və Batabat Astrofizika Rəsədxanasının Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi, ali məktəbin elmi mühitinin daha da etibarlı təşkilinə və idarə olunmasına yeni bir dəstək oldu.
Naxçıvan Dövlət Universitetinin yeni çağırışlar əsasında fəaliyyətinin təmin olunması sahəsində tədbirlərin həyata keçirilməsi məqsədyönlü şəkildə davam etdirilir. Burada tələbəyönümlü tədris proseslərinin təşkili və idarə olunması sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılır.
Naxçıvan Dövlət Universitetinin məqsədi, bütün digər milli təhsil üzrə strateji hədəflərlə yanaşı, eyni zamanda, cəmiyyət üzvlərinin yeni iqtisadi, sosial, mədəni və hüquqi reallıqlar əsas tutulmaqla, çoxistiqamətli sferalar üzrə kadr hazırlığının təmin olunması, bununla da dünya təhsilinə daha dolğun şəkildə inteqrasiya olunan və beləliklə, beynəlxalq ali təhsil müəssisələri ailəsinin bir üzvü olmaqdır.
Dövlət başçımızın müsahibəsində gəncliyə qayğı və diqqətin bütün zamanların aktual məsələsi olduğu bir daha vurğulandı. Məhz Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı olan 2023-2027-ci illər üzrə Dövlət Proqramında “İnsan kapitalının inkişafı” adlanan 9-cu prioritet Naxçıvan Dövlət Universitetinin məqsədyönlü dövlət tənzimlənməsi ilə əhatə olunduğunu bir daha göstərir. Bunlarla yanaşı, həmin hüquqi sənəddə, Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsinin də icra olunması nəzərdə tutulmuş və eyni zamanda, 2023-cü ildə Gimnaziyanın 213 şagirdlə, 2024-cü ilin sentyabr ayında Kembric məktəbinin 74 şagirdlə NDU-nun nəzdinə verilməsi universitetin tədris proseslərindəki etibarlılığın daha da yüksəldilməsinə təminat yaratmışdır.
Naxçıvan Muxtar Respublikasında ali təhsilin keyfiyyətinin artırılması məqsədilə Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndirilməsi, birgə proqramların təşkil olunması, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələr həyata keçirilməsi də, mühüm nəticələr gətirmiş olacaq.
Naxçıvan Dövlət Universitetinin son altı il ərzində müəllifi olduğu layihələr, bütün istiqamətlər üzrə elm və tədris proseslərinin tənzimlənməsinə, daha yenilikçi ideya və təşəbbüslərin ortaya qoyulmasına və nəticə etibarı ilə müasir tələblərin yer almış olduğu potensialın formalaşmasına xidmət edir. Bunlar isə, təbii olaraq, 2020-ci ildən üzü bəri Naxçıvan Dövlət Universitetinin daha çox islahatçı, innovativ, modernləşmənin önündə gedən bir ali təhsil ocağı olmasına təminat yaradır. Eyni zamanda, bu göstərici ilə ali məktəbimiz, regional xüsusiyyətlər üzrə mövcud hüdudları genişləndirərək, milli təhsilin, daha doğrusu, beynəlxalq təhsilin əhəmiyyətli tərkib hissəsinə çevrilməkdədir.
Naxçıvan Dövlət Universitetinin həm mövcud potensialı, həm cari dövrlər üzrə tədbirləri, istərsə də Milli Prioritetləri çərçivəsində reallaşdıracağı layihələr 2026-2027-ci tədris ili üzrə daha dinamik nəticələrlə müşayiət olunacaq.
Cavadxan QASIMOV,
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru



