Yeni modellə müəllimin əməyi necə qiymətləndiriləcək? – Rəylər

14 Noyabr, 2025 - 14:23
Yeni modellə müəllimin əməyi necə qiymətləndiriləcək?

Müəllim əməyinin təşkili ilə bağlı Elm və Təhsil Nazirliyinin açıqladığı yeni model təhsil sistemində uzun illərdir ki, dəyişməyən qaydaların yenilənməsi istiqamətində ən böyük addımlardan biri kimi təqdim olunur. Son günlər elm və təhsil naziri Emin Əmrullayevin Milli Məclisdə səsləndirdiyi fikirlər isə müzakirələri daha da gücləndirib. Nazir bildirib ki, məktəblərdə daimi və rəqabətli modelə keçid nəzərdə tutulur və bu model müəllimlərə həm daha sabit iş rejimi, həm də daha yüksək maaş vəd edir. Onun sözlərinə görə, əsas məqsəd müəllimlik peşəsini dayanıqlı və cəlbedici etmək, dərs saatından asılı maaş mexanizmini mərhələli şəkildə iş saatı əsaslı sistemlə əvəzləməkdir.

Nazirin açıqlamalarında diqqətçəkən məqamlardan biri də odur ki, yeni sistem könüllü olacaq və yalnız yüksək peşə göstəricilərinə malik, sertifikasiyada yüksək nəticə göstərən müəllimlər bu modelə keçə biləcəklər. Bu müəllimlər həftədə 18-24 saat dərs deyəcək, qalan vaxtlarını isə metodik hazırlığa, fərdi işə və məktəbin daxilində tədrisə dəstək fəaliyyətlərinə sərf edəcəklər. E.Əmrullayev həmçinin qeyd edib ki, hazırkı maaşların aşağı olmasının əsas səbəblərindən biri hər dörd müəllimdən birinin həftədə cəmi 13 saat dərs deməsidir və yeni modelin tətbiqi bu struktur problemi aradan qaldıra bilər.
Müəllimlərin əməkhaqlarının dərs saatına deyil, iş saatına görə müəyyənləşdirilməsi açıqlaması həm müəllimlər, həm də ictimaiyyət arasında suallar doğurub. Bu dəyişikliklərin hansı mexanizmlərlə həyata keçiriləcəyi, maaş artımlarının real təsiri və yeni modelin praktik olaraq necə işləyəcəyi barədə müzakirələr davam edir.

Məhz belə bir mərhələdə təhsil mütəxəssislərinin məsələyə baxışı xüsusi əhəmiyyət kəsb edir. Onların fikirləri həm prosesin hansı istiqamətə doğru getdiyini anlamağa, həm də müəllimlərin qarşıda duran yeniliklərə necə hazırlaşmalı olduğunu dəyərləndirməyə imkan verir.

“Bu islahat könüllü, rəqabətli və yüksək göstəriciyə söykənən bir sistem qurur”

Təhsil mütəxəssisi Kamran Əsədov sosial media hesabındakı paylaşımda bildirib ki, müəllimlərin maaşı ilə bağlı irəli sürülən yeni modelin əsas mahiyyəti müəllimi məktəbə bağlamaq, onun əməyinə real qiymət vermək və peşəni maddi-mənəvi baxımdan daha cəlbedici etməkdir: “Müəllimlərin məktəbdə iş saatı üzrə qalması ilə bağlı fikir mahiyyətcə doğrudur, çünki dərs saatı müəllimin fəaliyyətinin yalnız bir hissəsidir. Müasir təhsil modellərində müəllimin məktəbdə olduğu vaxt təkcə dərs demək deyil, həm də metodik hazırlıq, şagirdlərlə fərdi iş, qiymətləndirmə, layihə dəstəyi, valideynlərlə ünsiyyət, məktəbdaxili təlimlər və komanda işi kimi fəaliyyətləri əhatə edir. Əmək Məcəlləsinin 89-cu maddəsi iş vaxtını məhz bu geniş məzmunla izah edir. 

“Təkcə maaş soruşmaqla yanaşı, təhsil nəticəsi barədə də düşünmək lazımdır”

K.Əsədov əlavə edib ki, bu islahat müəllimi məcbur etmir, əksinə, könüllü, rəqabətli və yüksək göstəriciyə söykənən bir sistem qurur. Dünyanın inkişaf etmiş təhsil sistemlərində müəllim statusunu müəyyən edən əsas mexanizmlər də məhz budur:
“Heç kim “Bu model şagirdə nə verəcək?”, “Təhsilin keyfiyyəti necə artacaq?”, “Uşaqlar niyə oxuduğunu anlamır?” suallarını vermir. Halbuki problem məhz buradadır. Maaş soruşmaqla yanaşı, təhsil nəticəsi barədə də düşünmək lazımdır.

Yeni model infrastruktur boşluğunu ölçmək, inventarlaşdırmaq və resursu ehtiyaca uyğun bölmək üçün yaradılıb. Əvvəlki “saat yığma” sistemi buna imkan vermirdi: məktəb nə qədər dərs saatı yazırdısa, maliyyə də o qədər gedirdi. Zəif məktəblərin ehtiyacı statistikada belə görünmürdü.
Yeni sistem isə iş vaxtına əsaslanan maliyyələşmə ilə region məktəblərinə üstünlük verir, çünki müəllimi məktəbdə saxlayan da, məktəbin resurs planlamasını dəyişən də məhz bu modeldir”.

“Heç kimin cəsarət etmədiyi islahat – müəllimin dəyərinin bərpası, nəhayət ki, həyata keçirilir”

K.Əsədov qeyd edib ki, müəllimin nüfuzunu qaldırmaq istəyiriksə, müəllim də məktəbə və sistemə bağlılığını göstərməlidir: “Dünya təcrübəsi də bunu təsdiqləyir. Finlandiya, Estoniya, Sinqapur, Kanada kimi ölkələrdə müəllim məktəbin daimi əməkdaşıdır, dərs yükü 18-25 saatdır, qalan vaxt metodik hazırlıq, şagirdlə fərdi iş, komanda planlamasına ayrılıb. Müəllim saathesabı ilə deyil, məktəbə bağlılıq və nəticəyə görə qiymətləndirilir. Əgər biz inkişaf etmiş ölkələrdən nümunə gətiririksə, onda həmin ölkələrin bizdə olmayan hissələrini də görməliyik: kiçik siniflər, güclü maddi-texniki baza, işə yaxın məktəbdə yerləşdirmə, davamlı metodik inkişaf və məktəbə sadiq müəllim modeli. Bütün bunları etmədən “yalnız maaş artırılsın” demək təhsilin mahiyyətini görməməkdir. Bir sözlə, uzun illərdir ki, hamının danışdığı, amma heç kimin cəsarət etmədiyi islahat – müəllimin dəyərinin bərpası, nəhayət ki, həyata keçirilməyə başlayır”, – deyə o bildirib.

“Müəllimlər üçün də daimi iş modeli yaradılmalıdır”

Təhsil mütəxəssisi Elmin Nuri də bənzər mövqedən çıxış edərək bildirir ki, yeni maaş sistemi ilə rəqabətli, yüksək maaşlı, tam iş günü olan müəllim modeli formalaşdırılacaq: “Müəllimlərin işini daimi və peşəkar əsasda qurmaq lazımdır. Necə ki, hər birimizin 9:00–18:00 iş qrafiki varsa, müəllimlər üçün də daimi iş modeli yaradılmalıdır. Müəllimin həftəlik dərs yükü 18–24 saat olacaq, qalan saatlarda isə digər təhsillə bağlı fəaliyyətlə məşğul olacaq, məsələlər hazırlayacaq, valideynlərlə işləyəcək, şagirdlərlə fərdi yanaşmalar quracaq və s. Bu vəzifəyə yalnız sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlər seçiləcəklər”.
O həmçinin qeyd edib ki, müəllimlərin iş qrafiki ilə bağlı atılacaq addımlar təkcə repetitorluğa qarşı mübarizə deyil, əsas məqsəd məktəbi öz mahiyyətinə qaytarmaqdır. 

Bu sistem şagird davranışlarına da təsir edəcək...

Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq də məsələnin mahiyyətinə toxunaraq qeyd edib ki, atılan addımlar müəllimin dəyərinin artırılmasına xidmət edir: “Təhsilimiz son 30 ildə görmədiyi uğurlu yeniliklərləri görür. Düzdür, bütün addımlar cəmiyyət tərəfindən ilk olaraq qəbul edilmir, amma zamanla hər şey yerinə oturur. Bunlara ilk reaksiya verən müəllimlərimiz olsa da, hamısı müəllimin dəyərinin artırılmasına xidmət edir. Təəssüflər olsun ki, bu gün biz müəllim əməyini çox zaman sinifdə keçilən 45 dəqiqəlik dərs vahidi ilə ölçürük. Halbuki bir 45 dəqiqəlik dərs üçün ən azından iki 45 dəqiqə də o dərsin hazırlanması, qiymətləndirilməsi ayrılmalıdır. Əgər bu sistem düzgün tətbiq olunarsa, bu, təhsilin keyfiyyətinin yüksəlməsi, şagird davranışlarının pozitiv dəyişməsi və müəllim peşəkarlığının artması baxımından çox mühüm bir addım ola bilər. 

Şagird davranışlarına təsir isə birmənalı olaraq yaxşı mənada dəyişəcəyinə əminəm. Müəllimlərin məktəbdə daha çox olması, şagirdlərlə emosional və sosial əlaqə qurmaq imkanını artıracaq. Hazırda bu yük əsasən sinif rəhbərlərinin üzərinə düşür. Halbuki uşağın məktəb mühitində davranış və münasibətinin formalaşması üçün bütün müəllimlərin tərbiyəvi prosesə cəlb olunması zəruridir. Bu yanaşma şagirdlərdə məktəbə bağlılıq hissini gücləndirəcək, geridə qalan şagirdlərlə fərdi iş aparmağa, tərbiyəvi söhbətlərə və klub fəaliyyətlərinin təşkilinə real imkan yaradacaq. Bu sistemin ən mühüm nəticələrindən biri də müəllimin paralel məşğulluq (repetitorluq) zərurətindən xilas olması ola bilər. Əgər əməkhaqqı optimallaşdırılsa, müəllim dərsini bitirib dərhal “başqa qazanc dalınca” getmək məcburiyyətində qalmaz”, – deyə o vurğulayıb.