Kənan Kərimzadə: Şəraitsiz məktəblərimizin sayı 400-ə enib
"Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa dəstəyi, diqqət və qayğısı ilэ həyata keçirilən dövlət strategiyaları, o cümlədən proqramları nəticəsində ölkədə genişmiqyaslı islahat həyata keçirilməkdədir. Bu islahat tədbirləri təhsil sahəsindən də yan keçməyib".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "Təhsildə yeni çağırışlar: keyfiyyətə baxış" regional konfransında çıxışı zamanı səsləndirib.
Nazir müavini qeyd edib ki, son 20 il ərzində 3600-dən çox məktəb Prezident İlham Əliyevin birbaşa dəstəyi, eləcə də Mehriban Əliyevanın rəhbərliyi, Heydər Əliyev Fondunun səyləri nəticəsində ya yenidən tikilib, ya da əsaslı təmir olunub:
"Görülən bu işlərin nəticəsində 1,3 milyon şagirdimizin təlim və təhsil şəraiti yaxşılaşdırılıb. Lakin problemlərimiz də qalıb. 2020-ci ildə 900-ə yaxın şəraitsiz məktəbimiz varı idisə, bugün bu say təxminən 400-dür. Mən düşünürəm ki, növbəti illərdə bu təməl problemlərimizi həll edə biləcəyik".



