Qəbələdə özünüifadə və karyera bacarıqları ilə bağlı təlim keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Karyera xidməti üzrə mütəxəssislər tərəfindən tələbələrin şəxsi inkişafı və karyera bacarıqlarının formalaşdırılması istiqamətində “Səni fərqləndirən bacarıq – özünüifadə” mövzusunda təlim təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlim zamanı tələbələrə iş müsahibəsinin əhəmiyyəti, özünü düzgün təqdimetmə yolları, verbal və qeyri-verbal ünsiyyət formaları, müsahibə zamanı diqqət edilməli məqamlar və namizədlərin yol verdiyi geniş yayılmış səhvlər haqqında məlumat verilib.
İnteraktiv müzakirələr və praktiki tapşırıqlar vasitəsilə tələbələr müsahibə suallarına cavab hazırlamaq, şəxsi bacarıq və keyfiyyətlərini düzgün təqdim etmək, fikirlərini aydın və inamlı ifadə etmək imkanları əldə ediblər.
Təlimin əsas məqsədi tələbələrin özünüifadə, ünsiyyət və təqdimetmə bacarıqlarını inkişaf etdirmək, onları əmək bazarına və gələcək iş müsahibələrinə hazırlamaqdır.




