Yeni pedaqoji təfəkkür işığında: düşündürən məqamlar

3 Noyabr, 2025 - 10:37
Yeni pedaqoji təfəkkür işığında: düşündürən məqamlar
Yeni pedaqoji təfəkkür işığında: düşündürən məqamlar

XXI əsrdə təhsil anlayışı klassik çərçivələri aşaraq yeni məzmun, yeni yanaşma tələb edir. Əgər keçmişdə məktəbin əsas vəzifəsi şagirdə məlumat ötürmək idisə, bu günün məktəbi şəxsiyyət formalaşdırmaqdan, həyati bacarıqlar yaratmaqdan, gələcəyi öyrətmək kimi daha mürəkkəb missiyanın həyata keçirilməsindən ibarətdir. Məşhur təhsilşünas Pasi Salberq müasir təhsil düşüncələrini bölüşərkən yazırdı ki, “təhsilin məqsədi şagirdlərə məlumat ötürmək deyil, onların düşünmə və əməkdaşlıq bacarığını inkişaf etdirməkdir”. Odur ki, qloballaşma, rəqəmsal inqilab, əmək bazarının dəyişməsi və süni intellektin həyatımıza sürətlə daxil olması artıq sadəcə bilik əldə etməyi deyil, öyrənməyi öyrətməyi zəruri edir. Bu isə öz növbəsində müasir təhsilin tamamilə yeni fəlsəfə əsasında formalaşdığını göstərir. Bu fəlsəfə isə aşağıdakı prinsiplərin nəzərə alınmasını tələb edir.

Şəxsiyyətyönümlülük. Təhsil hər bir şagirdin fərdi potensialını üzə çıxarmağa, onun maraq və ehtiyaclarına cavab verməyə yönəlir.

Kompetensiya əsaslılıq. Təhsilin məqsədi yalnız məlumat toplamaq deyil, onu tətbiq etmək, problem həll etmək, yaradıcılıq və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Bərabər imkanlar və inklüzivlik. Təhsil hər kəs üçün əlçatan, ədalətli və maneəsiz olmalıdır.

Dayanıqlı inkişaf dəyərləri. Təhsil cəmiyyətin sosial-iqtisadi rifahı ilə yanaşı, ekologiya, mədəni irs və insan haqları kimi sahələrə də məsuliyyətlə yanaşmanı öyrədir.

Ömürboyu öyrənmə fəlsəfəsi. XXI əsrin təhsili insanın yalnız məktəb illəri ilə məhdudlaşmır, bütün həyat boyu davam edən prosesə çevrilir.

Bu fəlsəfə həm də müəllimlərin rolunu dəyişir. Məlum olduğu kimi, müəllim indi yalnız bilik mənbəyi deyil, öyrənmə mühitinin təşkilatçısı, bələdçi, ilhamverici bir şəxsdir. Müəllim-şagird münasibətləri tərəfdaşlıq xarakteri daşıyır, şagird passiv dinləyici yox, öyrənmənin aktiv iştirakçısı kimi formalaşır.

Azərbaycan təhsilində aparılan son islahatlar - ümumi təhsil kurikulumları, müəllimlərin diaqnostik qiymətləndirilməsi, STEAM layihələri, rəqəmsal resursların istifadəsi, inklüziv təhsilin genişlənməsi göstərir ki, ölkəmiz bu fəlsəfəni qəbul etmiş və onun tətbiqi istiqamətində addımlar atmaqdadır. Lakin XXI əsr çağırışları bitmir. Süni intellekt, “ağıllı” texnologiyalar, distant və hibrid öyrənmə modelləri, sosial-emosional öyrənmə kimi sahələr təhsil fəlsəfəmizin daha da yenilənməsini tələb edir. Doğrudur, yeni elektron vasitələr, xüsusən  “Süni intellekt müəllimləri əvəz etmir, amma onların işini dəyişdirir. Müasir təhsil fəlsəfəsi insanın yalnız bilik daşıyıcısı deyil, həm də yaradıcı qərar verən varlıq kimi yetişməsini hədəfləməlidir” (Andreas Şleyxer). 

Bütün bunlar göstərir ki, XXI əsrin təhsili yalnız nəticəyə, prosesə, məzmuna deyil, dəyərlər sisteminə də yönəlməli, milli kimlik və ümumbəşəri dəyərlər arasında balansı qoruyaraq hər bir gəncin inkişafına xidmət etməlidir.

İnnovativ pedaqogika nədir?

“İnnovativ” sözü latınca innovatio - “yenilik, dəyişiklik gətirmə” deməkdir. Pedaqogika elmində isə bu anlayış təhsil prosesinin məqsəd, məzmun, metod, texnologiya və idarəetmə baxımından yenilənməsi, daha səmərəli və yaradıcı yanaşmaların tətbiqi kimi başa düşülür. Yəni innovativ pedaqogika sadəcə texniki vasitələrin sinfə gətirilməsi deyil, öyrətmə və öyrənmənin fəlsəfəsini dəyişmək deməkdir.

Ənənəvi pedaqogika uzun illər şagirdin əsasən bilik əldə etməsini və bu bilikləri yadda saxlamasını hədəfləyirdi. İnnovativ pedaqogika isə şagirdi öyrənmə prosesinin mərkəzinə qoyur və onun tənqidi düşünmə, əməkdaşlıq, kommunikasiya, yaradıcılıq, rəqəmsal savadlılıq kimi bacarıqlarını inkişaf etdirməyə yönəlir. Bu yanaşmada müəllim artıq məlumat ötürən deyil, öyrənmənin təşkilatçısı və motivasiyaedici lider rolunda çıxış edir.

İnnovativ pedaqogikanın əsas xüsusiyyətlərini belə qruplaşdırmaq olar:
Texnologiyaların inteqrasiyası: rəqəmsal platformalar, virtual laboratoriyalar, süni intellekt əsaslı öyrənmə sistemləri.

Şagirdmərkəzli metodlar: layihə əsasında öyrənmə, “problem həlli” yanaşması, tədqiqat fəaliyyətləri.
Fənlərarası inteqrasiya: STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) və digər inteqrativ modellər.

Diferensiallaşdırılmış təlim: fərqli qabiliyyət və maraqlara uyğun fərdiləşdirilmiş öyrənmə yolları.

Emosional və sosial bacarıqların inkişafı: empatiya, ünsiyyət, əməkdaşlıq və liderlik keyfiyyətlərinə diqqət.

Kompentensiya əsaslı qiymətləndirmə: şagirdlərin yalnız biliyinə deyil, tətbiqetmə, yaradıcılıq və problem həlletmə bacarıqlarına qiymət verilməsi.

Müasir dünya təcrübəsi göstərir ki, innovativ pedaqogika həm akademik nəticələri, həm də şagirdlərin təhsilə marağını artırır. Ken Robinsona görə, innovativ pedaqogika yaradıcılığı və marağı inkişaf etdirir, bu isə nəticədə daha dərin öyrənmə və yüksək nəticələr doğurur. Məsələn, Finlandiya, Sinqapur, Estoniya kimi ölkələrdə təhsil uğurlarının əsas səbəblərindən biri məhz innovativ yanaşmaların sistemli tətbiqidir.

Azərbaycan təhsilində də son illərdə kurikulum islahatları, elektron dərsliklər, “Rəqəmsal bacarıqlar” və STEAM mərkəzlərinin yaradılması, inklüziv və distant təhsil imkanlarının genişlənməsi, müəllimlərin peşəkar inkişaf proqramları bu istiqamətdə mühüm addımlar kimi dəyərləndirilə bilər. Lakin innovativ pedaqogika yalnız texnologiya gətirməklə bitmir. Bu, həm də müəllim hazırlığı, dərslərin məzmunu, məktəb mühiti və qiymətləndirmə mexanizmlərinin yenilənməsi ilə sıx bağlıdır.

Nəticə olaraq demək olar ki, innovativ pedaqogika gələcəyin məktəbinin əsas dayağıdır. Onun uğurlu tətbiqi üçün həm elmi-metodoloji bazanın yaradılmasi, həm də dəyişikliklərə açıq məktəb mühiti və pedaqoqların yeni düşüncə tərzinin olması zəruridir.

Biz onu yarada bilmişikmi?

İnnovativ pedaqogika haqqında danışmaq asandır, amma onu gerçək məktəb həyatına tətbiq etmək hər zaman çətin olmuşdur. İslahatların uğuru yalnız yeni sənədlər, qərarlar, proqramlarla ölçülmür. Əsas göstərici sinif otaqlarında baş verən dəyişikliklərdir. Elə buna görə də hər dəfə belə sual meydana çıxır: “Biz innovativ pedaqogikanı yaratmağa nə dərəcədə nail olmuşuq?”.

Əvvəla, etiraf etməliyik ki, son onilliklərdə Azərbaycan təhsili böyük yol keçmişdir. 2008-ci ildən tətbiq olunan ümumi təhsil kurikulumları şagirdyönümlü yanaşmanı gücləndirmişdir. Elektron dərsliklərin və onlayn platformaların yaradılması dərs prosesini daha çevik etmişdir. STEAM mərkəzləri, robototexnika dərsləri, rəqəmsal bacarıq kursları şagirdlərə yeni öyrənmə mühiti bəxş etmişdir. Müəllimlərin sertifikasiya və diaqnostik qiymətləndirilməsi, onların peşəkar inkişafına diqqət də vacib addımlar  kimi dəyərləndirilməlidir.
Bu nailiyyətlər göstərir ki, innovativ pedaqogikanın əsas elementləri artıq ölkəmizin təhsil sisteminin gündəlik praktikasına daxil olmuşdur. Bütün bunlarla yanaşı, qarşıda həllini gözləyən bir sıra mühüm çağırışlar da qalmaqdadır: 

- metodik təminatda boşluqlar: kurikulumlarda nəzərdə tutulan layihə əsaslı öyrənmə, yaradıcı tapşırıqların bəzən sinifdə tam həyata keçirilməməsi; 
- müəllim hazırlığı: müəllimlərin bəzilərinin texnologiyadan istifadə etməsində qarşıya çıxan çətinliklər, innovativ dərs modellərinə keçidin bəzən formal xarakter daşıması; 
- qiymətləndirmə mexanizmləri: şagirdin bacarıqlarının və yaradıcılığının qiymətləndirilməsində qarşıya çıxan çətinliklər; 
- infrastruktur fərqləri: regionlar arasında məktəblərin texniki təchizatı, internet imkanları və əlavə təhsil resurslarına çıxışın bərabər olmaması.

Bu reallıqlar bizə göstərir ki, innovativ pedaqogika bir prosesdir və onun yaradılması uzunmüddətli ardıcıl iş tələb edir. Ənənəvi düşüncədən tamamilə uzaqlaşmaq üçün müəllimlər, valideynlər, idarəçilər və şagirdlər arasında vahid pedaqoji mədəniyyət və inam mühiti formalaşdırılmalıdır.

Düşündürən başqa bir məqam da budur ki, innovativ məktəb təkcə texnologiya ilə zəngin otaq deyil, yaradıcı düşüncənin, azad ünsiyyətin, əməkdaşlığın hökm sürdüyü mühitdir. Bu mühit olmadan texnologiyalar və yeni dərsliklər yalnız forma olaraq qalır.

Beləliklə, bu gün biz deyə bilərik ki, Azərbaycan təhsili innovativ pedaqogikanın əsaslarını qoymuşdur, amma onu tam formalaşdırmaq üçün qarşıda keyfiyyət dəyişikliyi və pedaqoji mədəniyyətin formalaşdırılması üçün xeyli iş aparılması tələb olunur. 

(Ardı var)
Ənvər ABBASOV,
Bakı Slavyan Universitetində rektorun məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim