“Təhsil haqqında” Qanunda idmanla bağlı məsələlərin öz əksini tapması təklif olunub

4 Mart, 2026 - 12:35
“Təhsil haqqında” Qanunda idmanla bağlı məsələlərin öz əksini tapması təklif olunub

Təhsildə idman məsələsi, başqa sözlə, orta və ali məktəblərdə idmanın inkişafı mühüm istiqamətlərdən biridir. Dünyada “universitet idmanı” anlayışı geniş yayılıb.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Milli Məclisdə 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə keçirilən görüşdə deyib.

O qeyd edib ki, ABŞ, Böyük Britaniya kimi böyük dövlətlərdə universitet komandaları mövcuddur, ali məktəblərarası yarışlar keçirilir və bəzi idman növləri məhz təhsil müəssisələrində formalaşır.

“Məsələn, bəzi idman növləri var ki, əsasən universitetlərdə inkişaf etdirilir. Buna atletika və basketbolu misal göstərmək olar. Bizdə isə qanunvericilikdə idmanın əsas fənn olması ilə bağlı konkret müddəalar yoxdur. Mən hesab edirəm ki, “Təhsil haqqında” Qanunda idmanla bağlı müəyyən məsələlər öz əksini tapmalıdır”, - deyə Ç.Hüseynzadə bildirib.