Yeni rəqəmsal baza nə vəd edir? – Alimlərin gözləntiləri
Ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqları haqqında məlumatların vahid rəqəmsal bazası yaradılıb. “Rəqəmsal repozitariyaların inkişafına dəstək” layihəsi çərçivəsində yaradılan bu platformaya 29 müəssisəyə aid 2000-ə yaxın laboratoriya avadanlığı haqqında məlumat yerləşdirilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin laboratoriya avadanlıqları üzrə mərkəzi rəqəmsal repozitariyanı istifadəyə verməsinin bir çox faydaları sadalanır. İlk növbədə tədqiqatçıların bu avadanlıqlara çıxışını asanlaşdıracaq bir platforma, ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqlarını vahid bazada birləşdirən ilk açıq çıxışlı rəqəmsal repozitariya olduğu bildirilir.
Hesablamalara görə, rəqəmsal baza sayəsində laboratoriya avadanlıqlarından daha səmərəli istifadə olunacaq, eyni avadanlığı müxtəlif qurumlar həmin avadanlıqları təkrar almayacaq, nəticədə büdcə vəsaitlərinə qənaət ediləcək. Eyni zamanda, platforma alim və tədqiqatçıların elmi fəaliyyətini dəstəkləməklə yanaşı, elmi, sənaye və korporativ müəssisələr arasında əməkdaşlıq imkanlarını da genişləndirəcək.
Gülü Abbasova: Elmi fəaliyyətin daha koordinasiyalı inkişafına xidmət edəcək
“Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazasının yaradılması çox mühüm və vaxtında atılmış addımdır”, – deyən Kimya İnstitutunun Fiziki kimyəvi analiz mərkəzinin aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Gülü Abbasovanın fikrincə, hər sahədə olduğu kimi, burada da sistemləşdirmə və təsnifat işi səmərəliliyi əhəmiyyətli dərəcədə artıracaq.
Onun sözlərinə görə, bu baza Azərbaycanın elm və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqları barədə vahid informasiya məkanı yaradır: “Sadə dillə desək, alim tədqiqat apararkən sintez etdiyi maddənin hər hansı xüsusiyyətini öyrənmək üçün ona lazım olan cihazın axtarışına vaxt itirir. Bu da öz növbəsində elmi nəticələrin əldə olunmasını gecikdirir. Rəqəmsal platforma isə bir neçə dəqiqə ərzində həmin avadanlığın hansı müəssisədə olduğunu müəyyənləşdirməyə imkan verir və vaxt itkisini minimuma endirir”.
Bu bazadan istifadə etməklə alimlər, müəllimlər, tələbələr və ümumilikdə tədqiqatla məşğul olan hər kəs yararlanacaq: “Lazım olan avadanlıq haqqında məlumat əlçatanlığı tədqiqat prosesinin daha operativ və səmərəli təşkilinə şərait yaradacaq”.
Eyni zamanda, platforma elmi əməkdaşlığı gücləndirəcək: “Müxtəlif institut və universitetlər arasında avadanlıqdan birgə istifadə imkanları genişlənəcək ki, bu da daha keyfiyyətli və sanballı elmi nəticələrin əldə olunmasına töhfə verəcək”.
Bazada tədqiqatçı profillərinin və elmi nəşrlərin yerləşdirilməsi əlavə imkanlar açır: “Bu, alimlər arasında əlaqələri gücləndirəcək, yeni əməkdaşlıqların qurulmasını asanlaşdıracaq və ümumilikdə ölkədə elmi fəaliyyətin daha koordinasiyalı inkişafına xidmət edəcək”.
“Bu, elmi infrastrukturun idarə olunmasını sistemli və optimallaşdırılmış formaya keçirəcək”
Fizika İnstitutunun laboratoriya rəhbəri, professor Rasim Cabbarov “Azərbaycan müəllimi”nə bildirib ki, bu platforma, əslində real tədqiqatçıların çoxdankı arzusudur: “Bilirsiniz ki, ölkəmizdə laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası ilk dəfə yaradılıb. Atılan bu addım təqdirəlayıqdir”.
Professorun fikrincə, bu platformanı invertar siyahısı kimi başa düşmək böyük səhvdir: “Laboratoriya avadanlıqları üzrə mərkəzi rəqəmsal repozitariya “dSpace” platformasında istifadəyə verilib. Bu, elmi infrastrukturun idarə olunmasını sistemli və optimallaşdırılmış formaya keçirən “tədqiqat infrastrukturunun” sistemi kimi qiymətlədirilməlidir. Bu, resusların optimallaşdırılması baxımından böyük önəm daşıyır. Belə ki, eyni tipli bahalı cihazların təkrar alınmasının qarşısı alınacaq, mövcud avadanlqların real istifadə dərəcəsi ölçülə biləcək. Bu, özlüyündə kapital xərclərini optimallaşdırmağa imkan verəcək”.
Yeniliyin alimlərə qazandıracağı imkanlar isə genişdir: “İstənilən tədqiqatçı ayrı-ayrı elm və təhsil qurumunun cihazlarına çıxış əldə edəcək, mərkəzləşmiş imkanlar avtomatik qurulacaq. Elmi məhsuldarlıq artacaq, tədqiqatçı cihaz axtarmağa vaxt itirməyəcək, layihələrin icra müddəti avtomatik azalacaq, məqalə və patent çıxışları artacaq. Digər tərəfdən, şəffaflıq və idarəetmə daha da yaxşılaşacaq. Hər cihaz üzrə yerləşməni, onun texniki vəziyyətini, kalibrasiya statusu və istifadə tarixcəsini izləmək mümkün olacaq. Nəticə olaraq hansı sahəyə investisiya lazım olduğu “data” ilə müəyyən ediləcək”.
Alim deyir ki, beynəlxalq layihələr üçün mümkün infrastruktur çox önəm daşıdığından rəqəmsal baza ölkənin elmi hazırlıq səviyyəsini müyyən edir: “Xüsusən sənaye ilə əməkdaşlıq baxımından olduqca önəm daşıyacağına inanıram. Çünki şiaclbdirrkətlər hansı cihazın mövcud olduğunu görə biləcək, elmi müqavilələr və sınaq xidmətləri inkişaf edəcək. Bu da innovasiya ekosisteminin formalaşmasına səbəb olacaq. Hansı sahədə boşluqların olduğu aydın görünəcək, prioritet istaqamətlər formalaşacaq və planlaşdırma asanlaşacaq”.
“Ən kritik məqam ondan ibarətdir ki, bu sistem yalnız baza yaratmaqla effektiv olmur”, - deyən Rasim Cabbarovun sözlərinə görə, burada onlayn rezervasiya, qiymət və istifadə modeli (internal/external istifadəçi üçün) aktiv olmalıdır: “Bu, texniki operatorların təminatı, ya da “data” inteqrasiyası baxımından vacibdir. Düşünürəm ki, bunlar həyata keçiriləcək”.
“Rəqəmsal repozitariya elmi, texniki və institusional məlumatların mərkəzləşdirilmiş şəkildə toplanması, saxlanması və idarə olunması üçün qurulan sistemdir və elmi ekosistemin əsas infrastrukturlarından biridir”, – deyə vurğulayan professorun fikrincə, burada elmi məqalələr, dissertasiya və tezislər, tədqiqat dataları, laboratoriya protokolları, patent və texniki hesabatlar da saxlanıla bilər və o, uzunmüddətli arxiv rolunu oynayır. Açıq giriş təmin olunur, tədqiqatların sitat sayı arta bilir, beynəlxalq görümlülük yüksəlir, layihə və qrantlarda tələb olunan “Data Management plan” rəqəmsal depozitariya ilə avtomatik qarşılanır. Sənaye və texnoloji transfer baxımından şirkətlər mövcud nəticələri görə bilir, texnologiya kommersiyalaşması sürətlənir”.
Rasim Cabbarovun hesab edir ki, milli elmi infrastruktur forması olaraq “Cihaz+Data+Məqalə” ekosistemi yaranacaq: “Sistemdə tədqiqatçı profillərinin yerləşdirilməsi, sadəcə bio məlumat deyil, araşdırma, “intelligence”+əməkdaşlıq infrastrukturu rolunu oynayacaq. Bu da layihə qurarkən düzgün tərəfdaş tapmaqda kömək olacaq. Mültidissiplinar layihələr üçün uyğun ekspertlərin seçilməsi və s. problemlərin həllində mühüm rol oynayacaq. Bununla elmi məhsuldarlıq ölçülə bilən olmaqla, məqalələr, sitatlar, h-index, layihələr izlənilə bilən hala gəlir, əsas performans göstəriciləri (Key performance İndicators) qurula bilir və “data“analiz ilə “hansı institut daha effektifv işləyir?”, - sualına cavab avtomatik tapılır”.
Avadanlıq bazası, rəqəmsal repozitariya, tədqiqtçı profili birləşərək Milli Elmi Rəqəmsal Ekosistem yaradır
Rasim Cabbarov layihənin gələcək inkişaf üstünlüklərdən biri olaraq yerləşdirilən profillərin ORCİD, “Scopus” və “WOS” ilə sinxronizasiya oluna biləcəyini deyib: “Bu da tədqiqatçıların qlobal identifikasiyasını təmin edəcək. Qrant və layihələrdə “Consortium quality” əsas meyardır ki, burada profil sistemi komandanın gücünü strukturlaşmış şəkildə göstərə biləcək. Ən güclü senari olaraq avadanlıq və data ilə inteqrasiyadır. Tədqiqatçı profili, laboratoriya avadanlığı və rəqəmsal repozitariyanın birləşməsi nəticəsində kimin hansı cihazdan istifadə etməsi, nəticələrin hansı layihəyə aid olduğu bilinəcək. Sistemin vaxtında yenilənməsi vacibdir və sistem inkişafa meyillidir”.
Mütəxəssis Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin bu addımının aktual olduğunu vurğulayır və elmin inkişafı üçün təqdirəlayiq hesab edir: “Strateji nəticə olaraq avadanlıq bazası, rəqəmsal repozitariya, tədqiqatçı profili birləşərək Milli Elmi Rəqəmsal Ekosistem yaradır ki, bu da Q1 səviyyəli elmi nəticə, beynəlxalq qrantlar və sənaye inteqrasiyası üçün fundametal platformadır”.



