Yeni riyaziyyat dərslikləri hazırlanıb: Hansı dəyişikliklər var?
Texnologiyanın sürətlə inkişaf etdiyi, süni intellektin həyatın müxtəlif sahələrinə nüfuz etdiyi müasir dövrdə riyaziyyat gələcəyin əsas bacarıqlarından biri kimi qiymətləndirilir. Analitik düşünmə, problem həll etmə, məntiqi mühakimə yürütmə və qərarvermə kimi qabiliyyətlərin formalaşmasında mühüm rol oynayan riyaziyyatın tədrisinin təkmilləşdirilməsi dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da təhsil siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur.
Bəs hazırda ölkəmizdə riyaziyyat necə tədris olunur? Tədris proqramları beynəlxalq standartlara nə dərəcədə uyğundur? Şagirdlərin riyazi savadlılığının artırılması üçün hansı addımlar atılır?
Təhsil İnstitutunun mütəxəssisləri “Azərbaycan müəllimi”nin bu suallarına aydınlıq gətiriblər.
Riyaziyyatın tədrisi hansı prinsiplərə əsaslanır?
Təhsil İnstitutunun məlumatına görə, müasir riyazi təhsilin əsas məqsədi şagirdlərdə məsələ və problem həll etmə bacarıqlarının formalaşdırılmasıdır. Bu yanaşma riyaziyyatın sadəcə qaydaların əzbərlənməsi və ya əməllərin mexaniki icrası kimi deyil, düşünmə, araşdırma və tətbiqetmə vasitəsi kimi öyrədilməsini nəzərdə tutur.
Mütəxəssislər bildirirlər ki, əsas məqsədlərdən biri şagirdlərin hər hansı problemi həll etmək üçün formal riyazi yanaşmaları və həll üsullarını mənimsəməsi, sonradan isə həmin üsulları müxtəlif situasiyalarda tətbiq edə bilməsidir. Bunun üçün riyazi təhsildə mühüm anlayışların və əsas ideyaların öyrənilməsinə xüsusi önəm verilir. Həmin anlayışların həm gündəlik həyatla, həm də bir-biri ilə əlaqəli şəkildə mənimsənilməsi vacib hesab olunur.
XXI əsrin tələblərinə uyğun olaraq riyaziyyat tədrisində şagirdlərdə problem həlli, riyazi təfəkkür, riyazi əlaqələndirmə, ünsiyyət qurma və riyaziyyata dəyər vermə kimi bacarıqların inkişaf etdirilməsi əsas hədəflər sırasında yer alır.
Bu bacarıqlar şagirdlərin gündəlik həyatda qarşılaşdıqları problemlərin həllində də məntiqi və əsaslandırılmış qərarlar verməsinə xidmət edir.
Riyazi savadlılıq yeni kurikulumun əsas istiqamətlərindən biridir
Təhsil İnstitutunun məlumatına görə, son illərdə dünyada “fənn bilikləri” anlayışından daha çox “savadlılıq” anlayışı ön plana çıxıb. Bu yanaşma Azərbaycanda da aparılan kurikulum islahatlarında nəzərə alınıb.
Belə ki, 2023-cü ildə təkmilləşdirilmiş riyaziyyat fənn kurikulumunda riyazi savadlılığın inkişafı əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu yanaşma məzmun standartlarının hazırlanmasında, sinifdaxili fəaliyyətlərin təşkilində, təlim strategiyalarının müəyyənləşdirilməsində və qiymətləndirmə metodlarının seçilməsində də öz əksini tapıb.
Məqsəd şagirdlərin riyaziyyatı müxtəlif həyat situasiyalarında tətbiq edə bilməsi, riyazi məlumatları təhlil etməsi və əsaslandırılmış nəticələr çıxarmasıdır.
Riyaziyyat kurikulum beynəlxalq qiymətləndirmə çərçivələrinə uyğunlaşdırılıb
Son illərdə aparılan yeniliklərin mühüm istiqamətlərindən biri də riyaziyyat kurikulumunun beynəlxalq qiymətləndirmə mexanizmləri ilə uyğunlaşdırılması olub.
Təhsil İnstitutundan verilən məlumata görə, 2023-cü ildə riyaziyyat fənn kurikulumu təkmilləşdirilərkən mövcud proqram PISA və TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədləri ilə müqayisə olunub. Müqayisə zamanı müəyyən edilmiş fərqlər təhlil edilib və yerli şərait nəzərə alınmaqla onların aradan qaldırılması istiqamətində dəyişikliklər aparılıb.
Bu dəyişikliklərin nəticəsi kimi TIMSS çərçivəsinə uyğun olaraq onluq kəsrlərin ibtidai təhsil səviyyəsində tədrisinə başlanılıb. Yenilik əvvəlcə iki il ərzində pilot formada tətbiq olunub, daha sonra isə kütləvi tədrisə keçirilib.
Mütəxəssislər qeyd edirlər ki, 2021-ci ildən etibarən ölkədə fənn kurikulumlarının təkmilləşdirilməsi prosesi sistemli şəkildə davam etdirilir və bu zaman beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədləri əsas istinad mənbələrindən biri kimi istifadə olunur.
Şagirdlərin riyazi bacarıqlarının beynəlxalq qiymətləndirmələrdə nəticələri necədir?
Hazırda Azərbaycan şagirdləri riyaziyyat üzrə iki əsas beynəlxalq qiymətləndirmə proqramında – PISA və TIMSS tədqiqatlarında iştirak edirlər.
Məlumatlara görə, 15 yaşlı şagirdlərin PISA qiymətləndirməsində riyaziyyat üzrə nəticəsi 2009-cu ildə 431 bal, 2018-ci ildə 420 bal, 2022-ci ildə isə 397 bal olub.
TIMSS tədqiqatında isə IV sinif şagirdlərinin nəticələri 2011-ci ildə 463 bal, 2019-cu ildə 515 bal, 2023-cü ildə isə 494 bal təşkil edib. VIII sinif şagirdlərinin TIMSS 2023 nəticəsi isə 479 bal olub.
Ümumiyyətlə, beynəlxalq qiymətləndirmə tədqiqatları təhsil sisteminin riyaziyyat üzrə nailiyyət meyillərini izləməyə, güclü və zəif tərəfləri müəyyən etməyə, təhsil siyasətinin effektivliyini qiymətləndirməyə və yeni islahat istiqamətlərini müəyyənləşdirməyə imkan verir.
Sinqapur təcrübəsi və yeni nəsil dərsliklər
2021-ci ildən etibarən Azərbaycanda fənn kurikulumlarının təkmilləşdirilməsi prosesi gedir. Riyaziyyatın tədrisində aparılan yeniliklər dərsliklərin hazırlanması prosesinə də təsir göstərib.
Məlumata görə, 2020–2023-cü illərdə Elm və Təhsil Nazirliyinin dəstəyi, Təhsil İnstitutu və Sinqapurun Alston və Marşal Kavendiş Təhsil Mərkəzlərinin təşkilatçılığı ilə təbiət və riyaziyyat fənləri üzrə yerli mütəxəssislər üçün xüsusi təlimlər keçirilib. Təlimlər beynəlxalq qiymətləndirmə tədqiqatlarının tələb etdiyi bacarıqların şagirdlərdə formalaşdırılması və savadlılığın artırılması məsələlərini əhatə edib.
Bu prosesin davamı olaraq yeni kurikulumlar əsasında yeni nəsil dərsliklərin hazırlanmasına başlanılıb. 2020–2026-cı tədris illərində V və VI siniflər üçün yeni riyaziyyat dərslikləri hazırlanaraq iki il müddətində pilot sınaqdan keçirilib və daha sonra ölkə üzrə kütləvi tətbiqə verilib. Hazırda 2026/2027-ci tədris ili üçün pilot sınağından və ETN-nin ekspert qiymətləndirilməsindən uğurla keçən “Riyaziyyat 7”, “Fizika 9”, “Kimya 9”, “Biologiya 9” və “Coğrafiya 8” dərsliklərinin kütləvi istifadəyə təqdimetmə prosesi tamamlanmaq üzrədir.
Təhsil İnstitutunun bildirdiyinə görə, riyaziyyat dərsliklərinin elmi-pedaqoji redaktoru ABŞ-nin Corciya Universitetində təhsil almış ODTÜ professoru Kürşat Erbaşdır. İbtidai sinif dərslikləri Sinqapur mütəxəssislərinin rəy və tövsiyələri əsasında hazırlanıb.
Orta təhsil səviyyəsində isə ABŞ, Avropa, Çin, Sinqapur, Yaponiya və Avstraliya nəşriyyatlarının qabaqcıl təcrübələrindən istifadə olunub. Tapşırıqlar hazırlanarkən PISA və TIMSS çərçivələrində tələb olunan bacarıqlar nəzərə alınıb.
“Məzmunun şagirdlərə çatdırılmasında hələ də nöqsanlar müşahidə edilir”
Təhsil İnstitutunun apardığı təhlillər maraqlı bir nəticəni ortaya qoyub. Qurumun məlumatına görə, həm yerli, həm də beynəlxalq təcrübənin müqayisəli təhlili göstərib ki, hazırda tədris olunan riyaziyyat məzmununda ciddi nöqsan müşahidə edilmir və müəyyən edilmiş təlim nəticələri müasir tələblərə cavab verir. Lakin əsas çətinlik həmin məzmunun şagirdlərə çatdırılması mərhələsində ortaya çıxır.
Məhz buna görə də son illərdə dərsliklərin yenilənməsi, müəllimlərin peşəkar inkişaf proqramlarına cəlb olunması, təlim strategiyalarının dəqiqləşdirilməsi və qiymətləndirmə metodlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Riyaziyyata marağı artıran müsabiqə və olimpiadalar
Şagirdlər arasında riyaziyyata marağın artırılması məqsədilə müxtəlif layihə və yarışlar da həyata keçirilir.
Bunlar sırasında "Sabahın alimləri" Respublika Layihə Müsabiqəsi, Respublika Fənn Olimpiadaları, Respublika Fənn Müsabiqələri, Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadası və "Kenquru" Beynəlxalq Riyaziyyat Müsabiqəsi yer alır.
Respublika Fənn Olimpiadaları VIII–XI sinif şagirdləri arasında keçirilir və xüsusi istedada malik şagirdlərin müəyyənləşdirilməsinə, onların beynəlxalq olimpiadalara hazırlanmasına xidmət edir.
VI–VII sinif şagirdləri üçün təşkil olunan Respublika fənn müsabiqələri isə istedadlı uşaqların daha erkən yaşlarda aşkar olunmasına və gələcək olimpiada hazırlığına yönəldilməsinə imkan yaradır.
V sinif şagirdləri arasında keçirilən Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadası məntiqi təfəkkürün inkişaf etdirilməsi və xüsusi qabiliyyətli şagirdlərin erkən yaşlarda müəyyən olunması məqsədi daşıyır.
Beləliklə, son illərdə həyata keçirilən kurikulum yenilikləri, beynəlxalq təcrübənin tətbiqi, yeni nəsil dərsliklərin hazırlanması və müxtəlif olimpiada-müsabiqə mexanizmləri Azərbaycanda riyaziyyat təhsilinin inkişaf etdirilməsi istiqamətində aparılan işlərin əsas istiqamətlərini təşkil edir.




