DP çərçivəsində oxumaq istəyənlərin NƏZƏRİNƏ
Xaricdə təhsil üzrə Dövlət Proqramı əsasında sənədlərin qəbul prosesinin avqustda başa çatacağı gözlənilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026–2027-ci tədris ili üzrə aprelin 15-dən sənəd qəbuluna başlanılacaq:
"Bildiyiniz kimi, hər il 500 nəfər üçün belə bir imkan yaradılır. Bu baxımdan, sənədlər uğurla yerləşdirdikdən sonra müsahibə mərhələsi başlayacaq. Prosesin avqustda yekunlaşması nəzərdə tutulur".
T.Topalova qeyd edib ki, 2025-ci ildə 33 nəfər xaricdə təhsil üzrə dövlət proqramında qalib olsa da, bundan imtina edib.
Həmin yerlərə daha əvvəl proqram üzrə qalib olan ehtiyat siyahıdakı şəxslər daxil edilib.
Proqramda qalib olduqdan sonra imtina edənlərin yenidən xaricdə təhsil üzrə dövlət proqramına müraciətinə şərait yaradılır.



