Yenidən imtahan verdilər, arzularına bir addım da yaxınlaşdılar
MİQ imtahanında yüksək nəticə göstərən müəllim namizədlərinin bəziləri üçün bu, ilk uğur deyil. Onların arasında əvvəlki illərdə də imtahanda iştirak edən, məktəblərdə müddətli müqavilə ilə çalışanlar var və onlar bu dəfə daha yüksək nəticə ilə daimi əsaslarla müəllim işləmək hədəfinə bir addım da yaxınlaşıblar.
Onlardan biri – Azərbaycan Müəllimlər İnstitutunun 2013-cü il məzunu Həlimə Əkbərli budəfəki imtahanda 95 bal toplayıb. O, 2023-cü ildə MİQ-də 77,175 bal toplayaraq bir il müddətli müqavilə ilə müəllim işlədiyini, bu dəfə isə uzunmüddətli hazırlığın bəhrəsini gördüyünü deyir:
“İmtahanda həm ixtisas, həm də kurikulum sualları mənə rahat gəldi. Düşünürəm ki, bunun səbəbi uzun müddət hazırlaşmağım və çox çalışmamdır”, – deyə Həlimə Əkbərli bildirir.
Onun sözlərinə görə, MİQ müəllimlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi üçün səmərəli və şəffaf mexanizmdir. Gələcəkdə Bakı məktəblərində fəaliyyət göstərmək istəyən müəllim hesab edir ki, bu sistem müəllim seçimi baxımından özünü doğruldur.
89 bal toplayan Nərmin Qürbətova isə MİQ imtahanında dördüncü dəfə iştirak edib. O, bundan əvvəl iki il müddətli müqavilə ilə Bakının 74 və 171 nömrəli tam orta məktəblərində müəllim kimi çalışıb.
“İxtisas sualları mənə rahat idi. Metodika suallarında isə bir qədər çətinlik çəkdim. Düşünürəm ki, işlədikcə həmin sahədə nəticələrim daha da yaxşı olacaq”, – deyə o bildirir.
Nərmin Qürbətova imtahanın təşkili və şəraitindən razı qaldığını, bütün prosesin rahat və şəffaf keçdiyini vurğulayır. O da gələcək fəaliyyətini Bakı məktəblərində davam etdirmək istəyir.
81,25 bal toplayan Zeynəb Rəhimova üçün isə bu nəticə tanışdır. O, 2023-cü ildə də eyni balı toplayaraq Bakı şəhərindəki 5 nömrəli məktəbdə müddətli müqavilə ilə müəllimlik fəaliyyətinə başlayıb.
“İmtahan nə çox çətin idi, nə də çox asan. Orta səviyyədə idi. Həyəcan olmasaydı, düşünürəm ki, daha yüksək nəticə göstərə bilərdim. Hazırlaşmaq üçün də çox vaxtım olmamışdı”, – deyə o bildirir.
Hazırda Bakı Qızlar Universitetində magistr təhsili alan Zeynəb Rəhimova gələcəkdə də Bakı məktəblərində müəllim kimi fəaliyyət göstərmək istəyir. Onun sözlərinə görə, uğurun əsas şərti intizamlı hazırlıqdır.




