"Yüksək nəticə göstərən müəllimin savadına inam artır" - 54 bal toplayan müəllim
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gün yekunlaşır. Son imtahan gününün iştirakçıları arasında ilk dəfə sertifikatlaşdırmaya cəlb olunan fiziki tərbiyə müəllimləri də var.
Bakı şəhəri Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə, eyni zamanda Abşeron rayonu Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışan Hüsən İsmayılzadə imtahanda 54 bal toplayıb.
Müəllim imtahanı təxminən yarım saata tamamlayıb. Onun sözlərinə görə, sualları ilk 20 dəqiqə ərzində cavablandırsa da, sonradan vaxtını cavabları yenidən yoxlamağa sərf edib.
“Təxminən 18-20 dəqiqəyə sualları cavablandırmışdım. Daha sonra cavablarımı yenidən yoxladım ki, hər hansı texniki və ya diqqətsizlikdən yaranan səhv olmasın”, – deyə o bildirib.
Altıillik pedaqoji fəaliyyətə malik olan Hüseyn müəllim nəticəsinin təsadüfi olmadığını, müəyyən müddətdir bu imtahana hazırlaşdığını qeyd edib:
“Bu nəticəni gözləyirdim, hətta bir qədər yüksək nəticə də gözləyirdim. Bununla belə, 54 bal mənim üçün qənaətbəxş nəticədir. Sualların hamısı çərçivə sənədində yer alan mövzulardan idi”.
Onun fikrincə, sertifikatlaşdırma müəllimlərin peşəkar səviyyəsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Mən MİQ ilə işə qəbul olmuşam, o zaman da 51 bal toplamışdım. Valideynlər və cəmiyyət müəllimin nəticələrini gördükdə ona daha çox etibar edir. Yüksək nəticə göstərən müəllimin həm savadına, həm də dərs keçmək bacarığına inam artır”.




