Avropa çempionu yenidən çempion oldu - MRİO-nun yeni qalibləri

25 İyun, 2026 - 17:21
Avropa çempionu yenidən çempion oldu - MRİO-nun yeni qalibləri

Məktəblilərin Respublika İdman Olimpiadasında yunan-Roma güləşi üzrə çempionlar müəyyənləşib.

“Azərbaycan müəllimi” xəbər verir ki, məktəblilər 41, 48, kq çəki dərəcələrində bürünc, gümüş və qızıl medallar əldə ediblər.

Medallar məktəblilərə Elm və Təhsil Nazirliyinin rəsmiləri və tanınmış idmançılar tərəfindən təqdim edilib.

41 kq çəki dərəcəsində çempion olan Hacı Hüseynzadə öz təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüb:

“Mən Lənkərandan gəlmişəm, çempion olmaq çox gözəl hissdir. Bu yolda məni dəstəkləyən məşqçilərimə və valideynlərimə öz təşəkkürümü bildirirəm”. 

Daha bir çəki dərəcəsində çempion olan Aslan Paşa bildirib ki, Məktəblilərin Respublika İdman Olimpiadası yüksək səviyyədə keçirilib:

“Avropada qazandığım çempionluqdan sonra bu çəkidə də özümü doğrultduğum üçün sevinirəm. Buradan üzərimdə əziyyəti olan hər kəsə öz dərin təşəkkürlərimi bildirirəm. Mənə dəstək olan məşqçilərimə və məktəbimizin direktoruna minnətdaram. Bundan sonrakı hədəfim ikiqat Avropa çempionu olmaqdır”.

Digər çəki dərəcəsi üzrə çempion Yusif Məmmədov isə yenidən çempion olduğu üçün özünü çox xoşbəxt hiss etdiyini bildirib:

“Azərbaycanda ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında çempion olmaq çox xoşdur. Bundan sonra respublika və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edərək çempionluqlarımın sayını artırmaq istəyirəm”.

Olimpiadanın yunan-Roma güləşi üzrə digər çempion Murad Novruzzadə onu dəstəkləyən hər kəsə təşəkkürlərini bildirib:

“Başda məşqçilərim olmaqla məni dəstəkləyə  hər kəsə minnətdarlığımı bildirirəm. Yarış çox gözəl keçdi. Qələbəmin ardının gəlməsi üçün çalışacağam”.

Olimpiadada yunan-Roma güləşi üzrə ən yüksək çəki dərəcəsində çempion olan İsmayıl Məmmədov da bu uğurda onu dəstəkləyən hər kəsə təşəkkür edib:

“Bu, son deyil, yeni başlanğıclar ilk addımdır. Ölkəmizi Avropada və digər beynəlxalq turnirlərdə təmsil etmək istəyirəm. Əminəm ki, yüksək nəticələr göstərəcəyəm”.