Zəfərdən qayıdışa: Qarabağda milli təhsil quruculuğu

12 Noyabr, 2026 - 10:38
Zəfərdən qayıdışa: Qarabağda milli təhsil quruculuğu

Xalqımızın taleyində mühüm dönüş yaradan hadisələrdən biri 8 Noyabr – Zəfər Günüdür. Bu gün milli birliyimizin, dövlətimizin gücünün və Silahlı Qüvvələrimizin qəhrəmanlığının rəmzidir. Eyni zamanda, Zəfər Günü ədalətin və beynəlxalq hüququn bərpasını ifadə edən əlamətdar tarixdir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi Zəfərin qazanılması ilə nəticələndi. 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Beləliklə, 2020-ci ildə qazanılan qələbə 2023-cü ildə suverenliyimizin tam bərpası ilə daha böyük tarixi məna qazandı. Zəfərin əhəmiyyəti yalnız torpaqlarımızın işğaldan azad edilməsi ilə məhdudlaşmır. Bu, həmçinin dövlətimizin suverenliyinin möhkəmlənməsi, milli ləyaqətimizin və tarixi ədalətin bərpası, xalqımızın öz gücünə inamının artması baxımından böyük əhəmiyyət daşıyır. Tarixi Zəfər bir daha göstərdi ki, milli məqsədlər ətrafında birləşən, güclü dövlətə və qüdrətli orduya malik olan xalq ən çətin sınaqlardan uğurla çıxa bilər. Bu şanlı Zəfərin arxasında şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, Azərbaycan xalqının birliyi dayanır. Buna görə də Zəfər Günü hər bir azərbaycanlı üçün həm qürur, həm minnətdarlıq, həm də məsuliyyət günüdür. Şəhidlərimizin xatirəsini yaşatmaq, qazilərimizə ehtiram göstərmək və onların uğrunda mübarizə apardıqları Vətənin inkişafına töhfə vermək hər birimizin mənəvi borcudur.  

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun “Xalq qəzeti”ndə dərc olunan məqaləsini təqdim edirik:

Böyük Qayıdışın zəka cəbhəsi

Tarixi Zəfər qarşıda yeni vəzifələr müəyyənləşdirdi. Yeni mərhələdə işğaldan azad edilmiş ərazilərin bərpası, iqtisadi potensialının reallaşdırılması, infrastrukturun yenidən qurulması, əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi və bölgədə dayanıqlı həyatın formalaşdırılması istiqamətində genişmiqyaslı fəaliyyətlərə başlanıldı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf mərhələsinin əsasını qoydu. Yolların, tunellərin, körpülərin və hava limanlarının tikintisi, enerji və kommunikasiya infrastrukturunun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin istifadəyə verilməsi bu prosesin əsas istiqamətləridir.

Görülən işlər yalnız dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzur müasir şəhərsalma prinsipləri, yeni texnologiyalar, yaşıl enerji və rəqəmsal həllər əsasında inkişaf etdirilir. Başqa sözlə, bu ərazilərdə təkcə keçmişin dağıntıları aradan qaldırılmır, həm də gələcək üçün yeni iqtisadi və sosial inkişaf modeli qurulur.

Bu prosesdə təhsil və elm xüsusi əhəmiyyət daşıyır. Çünki quruculuq işlərinin uzunmüddətli uğuru yalnız yolların, binaların və digər infrastruktur obyektlərinin yaradılmasından deyil, həm də bu imkanları idarə edə və inkişaf etdirə bilən insan kapitalından asılıdır. Regionun iqtisadiyyatının şaxələndirilməsi, yeni texnologiyaların tətbiqi, sahibkarlığın inkişafı, sosial xidmətlərin yaxşılaşdırılması və innovasiya mühitinin formalaşdırılması bilikli və peşəkar mütəxəssislər tələb edir. Bu reallıq Qarabağda müasir ali təhsil və elmi-tədqiqat mühitinin formalaşdırılmasını və inkişafını strateji zərurətə çevirir.

Zəfərin açdığı yollar

Hərbi və diplomatik müstəvidə qazanılmış tarixi Zəfər hazırda iqtisadiyyat, elm, texnologiya, mədəniyyət və sosial sahələrdə yeni uğurlarla möhkəmləndirilir. Bu baxımdan, elm və təhsil milli inkişafın əsas amilləri kimi xüsusi əhəmiyyət daşıyır. Müasir dünyada dövlətlərin rəqabət qabiliyyəti yalnız təbii resurslarla deyil, daha çox insan kapitalının keyfiyyəti, elmi potensialı, texnoloji imkanları və innovasiya bacarığı ilə müəyyən olunur. Süni intellekt, rəqəmsal transformasiya, yaşıl enerji, biotexnologiya, mühəndislik və digər qabaqcıl sahələrdə əldə olunan nailiyyətlər ölkələrin gələcəyinə birbaşa təsir göstərir.

Bu qlobal çağırışlar fonunda Qarabağ Universitetinin yaradılması tarixi Zəfərdən sonra ölkəmizdə həyata keçirilən quruculuq və inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılan Qarabağ Universiteti ölkəmizin ali təhsil sistemində yeni mərhələnin başlanğıcını qoydu. Universitet yalnız ali təhsil müəssisəsi kimi deyil, həm də Zəfərdən sonra bölgədə başlayan yeni həyatın, inkişafın və intellektual dirçəlişin mühüm mərkəzlərindən biri kimi yaradılmışdır. Onun məhz tarixi Zəfərin əldə olunduğu və ölkəmizin suverenliyinin bərpa edildiyi ərazidə fəaliyyət göstərməsi rəmzi əhəmiyyət daşıyır və universitetin missiyasına xüsusi tarixi və mənəvi məna verir. Bir vaxtlar işğalın və dağıntıların yaşandığı bu torpaqlarda bu gün müasir auditoriyaların, laboratoriyaların, kitabxanaların və tələbə həyatının formalaşması Zəfərin yaratdığı yeni reallığın aydın göstəricisidir.

2024-cü il sentyabrın 20-də Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetinin Xankəndi şəhərində açılışı ölkəmizin həyatında mühüm hadisə oldu. Bu hadisə dövlətimizin Qarabağın gələcəyinə, bölgənin intellektual potensialına və gənclərin inkişafına verdiyi strateji əhəmiyyətin əyani ifadəsi idi. Universitetin yaradılması bir daha göstərdi ki, tarixi Zəfərin davamı azad edilmiş ərazilərdə müasir təhsil, elm, mədəniyyət, iqtisadiyyat və sosial həyatın qurulmasından keçir. Bu baxımdan, əsas məqsədlərimizdən biri gəncləri bilikli, bacarıqlı və rəqabətqabiliyyətli mütəxəssislər kimi yetişdirməkdir.

Qarabağ Universiteti Böyük Qayıdışın təhsil sahəsindəki mühüm dayaqlarından biri olmaqla yanaşı, bölgənin intellektual, sosial və mədəni inkişafına da töhfə verir. Universitetin fəaliyyəti Xankəndinin və bütövlükdə, Qarabağın müasir bilik və innovasiya mərkəzinə çevrilməsinə xidmət edir. Qarşımızda duran əsas vəzifə universiteti yeni biliklərin yaradıldığı, yüksək ixtisaslı mütəxəssislərin hazırlandığı və ölkəmizin intellektual potensialının gücləndirildiyi müasir ali təhsil müəssisəsi kimi inkişaf etdirməkdir.

Bu böyük missiyanın həyata keçirilməsi universitetin bütün akademik və inzibati heyətinin, eləcə də tələbələrinin birgə fəaliyyətini tələb edir. Tələbələrimiz öyrənmə, tədqiqat və yaradıcılıq fəaliyyəti ilə, professor-müəllim heyətimiz keyfiyyətli tədris və elmi araşdırmalarla, inzibati və texniki heyətimiz isə universitetin fəaliyyətinin səmərəli təşkili ilə ümumi məqsədə töhfə verir. Biz universitetin hər bir tələbə və əməkdaşını bu missiyanın mühüm iştirakçısı hesab edirik.

Eyni zamanda, bu missiyanın uğurla həyata keçirilməsində dövlətimizin dəstəyi, tərəfdaş qurumların, işəgötürənlərin, yerli və xarici universitetlərin birgə fəaliyyəti mühüm rol oynayır. Qarabağ Universitetinin inkişafını yalnız bir ali təhsil müəssisəsinin tərəqqisi kimi deyil, bütövlükdə, Qarabağda yeni intellektual və sosial mühitin formalaşmasına, regionun davamlı inkişafına xidmət edən strateji proses kimi qiymətləndiririk.

Zəfər nəslinin intellektual gələcəyi

Qarabağ Universitetinin əsas xüsusiyyətlərindən biri onun tarixi Zəfəri yaşamış, bu qələbənin yaratdığı yeni reallıqda formalaşan gənclər üçün fəaliyyət göstərməsidir. Universitetin tələbələri müstəqil və suveren Azərbaycanın gəncləridir. Onlar torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşamış, milli birliyimizin və dövlətimizin gücünün tarixi nəticələrinə şahidlik etmiş bir nəslin nümayəndələridir.

Bu gənclər üçün Qarabağ yalnız coğrafi məkan deyil. Qarabağ onların milli kimliyinin, mənəvi dəyərlərinin, tarixi yaddaşının və gələcəklə bağlı arzularının bir hissəsidir. Xankəndidə təhsil almaq və Qarabağ Universitetinin tələbəsi olmaq onlara keyfiyyətli ali təhsil əldə etmək imkanı verməklə yanaşı, bölgənin gələcək inkişafında iştirak etmək məsuliyyəti də aşılayır.

Universitetdə formalaşan tələbə mühiti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Müxtəlif bölgələrdən gələn gənclər burada eyni məqsəd ətrafında birləşir, bilik və təcrübə qazanır, dostluq münasibətləri qurur, fərqli düşüncə və dünyagörüşləri ilə tanış olurlar. Dövlət hesabına yaşayış şəraiti ilə təmin olunan tələbələrimiz üçün yaradılan sosial və akademik imkanlar onların təhsilə və şəxsi inkişafa daha çox diqqət ayırmasına şərait yaradır.

Biz tələbələrimizi yalnız gələcəkdə müəyyən peşəyə yiyələnəcək gənclər kimi deyil, Qarabağın inkişafında, Azərbaycanın elmi və iqtisadi potensialının güclənməsində iştirak edəcək əsas insan resursu kimi görürük. Buna görə də universitetdə yalnız ixtisas biliklərinin öyrədilməsinə deyil, tələbələrin tənqidi və analitik düşünmə, yaradıcı yanaşma, komanda ilə işləmək, təşəbbüskarlıq, liderlik və sosial məsuliyyət bacarıqlarının inkişafına da xüsusi diqqət yetirilir.

Qarabağın ilk universiteti

Qarabağ Universitetinin əsas vəzifələrindən biri müasir biliklərə malik mütəxəssislər hazırlamaqla yanaşı, Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafına elmi və intellektual töhfə verməkdir. Universitetin təhsil, elmi-tədqiqat və innovasiya fəaliyyəti də bu məqsədə xidmət edir.

Bu istiqamətdə universitetdə müxtəlif elm və təhsil sahələri üzrə akademik fəaliyyət genişləndirilir. Mühəndislik, informasiya texnologiyaları, riyaziyyat, təbiət elmləri, biznes, iqtisadiyyat, turizm, humanitar və sosial elmlər, pedaqogika, incəsənət, tibb və sağlamlıq elmləri üzrə formalaşdırılan akademik potensial regionun inkişaf ehtiyacları ilə əlaqələndirilir.

Universitetin inkişafı üçün müasir maddi-texniki bazanın yaradılması da əsas prioritetlərdəndir. Tədris binaları, laboratoriyalar, kitabxana, tələbə yataqxanaları və digər akademik məkanlar universitetin gələcək fəaliyyətinin əsaslarını təşkil edir.
İnnovasiya və sahibkarlıq mühitinin inkişafı da universitetin mühüm fəaliyyət istiqamətlərindəndir. Tələbə və tədqiqatçıların ideyalarının praktik həllərə çevrilməsi, yeni texnologiyaların sınaqdan keçirilməsi, universitet, sənaye, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaradılır. Məqsədimiz universitetdə əldə olunan bilik və ideyaların yalnız akademik mühitdə qalması deyil, həm də real iqtisadi və sosial fayda yaratmasıdır.

Beynəlxalq və yerli əməkdaşlıq

Qarabağ Universitetində keyfiyyətli tədris, beynəlxalq təcrübənin tətbiqi və əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı əsas prioritetlərdəndir. Universitetin inkişafı tələbəyönümlü təhsil, tədqiqat əsasında öyrənmə, praktiki bacarıqların inkişafı və beynəlxalq standartlara uyğun akademik mühitin yaradılması prinsiplərinə əsaslanır.

Bu istiqamətdə Türkiyənin İstanbul Texniki Universiteti ilə həyata keçirilən ikili diplom proqramı xüsusi əhəmiyyət daşıyır. Proqram çərçivəsində mühəndisliyin müxtəlif istiqamətləri üzrə tələbələrə beynəlxalq akademik təcrübəyə əsaslanan təhsil imkanları yaradılır. Bu layihə iki universitet arasında əməkdaşlıq olmaqla yanaşı, Qarabağda mühəndislik təhsilinin, elmi-tədqiqat imkanlarının və texnoloji biliklərin inkişafına xidmət edən mühüm təşəbbüsdür.

Beynəlmiləlləşmə siyasətimiz çərçivəsində xarici tələbə və müəllimlərin universitetə cəlb edilməsinə də diqqət yetirilir. Müxtəlif ölkələrdən olan tələbə və akademik heyətin universitetdə təmsil olunması beynəlxalq və çoxmədəniyyətli təhsil mühitinin formalaşmasına kömək edir. Xarici universitetlərlə əməkdaşlıq, beynəlxalq konfranslarda iştirak, birgə elmi layihələr və təcrübə mübadiləsi isə universitetin beynəlxalq akademik əlaqələrini genişləndirir.

Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla tamamlanması məqsədilə dövlət və özəl sektorla əməkdaşlığa da xüsusi önəm verilir. Müxtəlif qurumlarda təcrübə proqramları, birgə tədris təşəbbüsləri və tərəfdaşlıq layihələri tələbələrə real iş mühitini tanımaq, müasir texnologiyalardan istifadə etmək və əmək bazarına daha hazırlıqlı daxil olmaq imkanı yaradır.

Bu əməkdaşlıqların əsas məqsədi universitetlə əmək bazarı arasında əlaqələri gücləndirmək, tələbələrin peşəkar inkişafına dəstək vermək və əldə olunan biliklərin praktikada tətbiqini genişləndirməkdir. Hesab edirik ki, müasir universitet yalnız bilik verən deyil, həm də yeni bilik yaradan, innovativ ideyaları dəstəkləyən və cəmiyyətin inkişafına töhfə verən bir qurum olmalıdır.

Azad bölgənin tələbə dünyası

Qarabağ Universitetinin fəaliyyətinin ən mühüm nəticələrindən biri tələbələrimizin yerli və beynəlxalq platformalarda qazandıqları uğurlardır. Bu nailiyyətlər universitetdə formalaşan akademik mühitin, tələbələrimizin potensialının və onların öyrənməyə olan marağının göstəricisidir.

Tələbələrimizin TEKNOFEST çərçivəsində keçirilən sosial innovasiya yarışmasında üçüncü yerə layiq görülməsi, beynəlxalq ACCA sertifikatlaşdırma proqramında uğurlu nəticələr əldə etməsi və müxtəlif intellektual yarışlarda mükafatlar qazanması onların fərqli sahələrdə inkişaf etdiyini göstərir.

Bununla yanaşı, cari tədris ilində tələbələrimizin Beynəlxalq Astronavtika Konqresində iştirakı, ACM WomENcourage beynəlxalq konfransında mükafat qazanması, “Rebuild Garabagh” sərgisi çərçivəsində keçirilən hakatonda birinci yerə layiq görülməsi universitetimizin elmi, texnoloji və innovativ fəaliyyətinin yerli və beynəlxalq səviyyədə təmsil olunmasının nümunələridir.
Tələbələrimizin müasir texnologiyalar sahəsində qazandıqları uğurlar arasında “Holberton School Azerbaijan” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədris proqramının nəticələri də xüsusi yer tutur. Proqramı uğurla başa vuran 50 tələbəmiz kompüter elmləri, tam proqram təminatının hazırlanması və Python proqramlaşdırma dili üzrə əldə etdiyi bilik və bacarıqları 13 praktiki layihənin hazırlanmasında tətbiq edib.

Tələbələrin öz ideyalarını işlək texnoloji həllərə çevirməsi, layihələrini təqdim etməsi və qarşılaşdıqları problemlərə yaradıcı yanaşması onların peşəkar inkişafı baxımından mühüm təcrübədir. Bu proqram bir daha göstərir ki, tədrisin praktiki fəaliyyətlə əlaqələndirilməsi, tələbələrin müasir texnologiyalara yiyələnməsi və yaradıcı düşüncəsinin inkişaf etdirilməsi gələcək uğurların əsas şərtlərindəndir. İnanırıq ki, tələbələrimizin proqramlaşdırma və rəqəmsal texnologiyalar sahəsində qazandıqları bilik və bacarıqlar gələcəkdə ölkəmizin texnoloji inkişafına, rəqəmsal transformasiyasına və innovasiya potensialının güclənməsinə töhfə verəcəkdir.

Qeyd etmək istərdim ki, bu uğurlar yalnız ayrı-ayrı tələbələrin fərdi nailiyyətləri deyil. Onlar Qarabağ Universitetində formalaşan yeni düşüncə tərzinin, təşəbbüskarlığın və sağlam intellektual rəqabət mühitinin göstəricisidir. Tələbələrimizin hər bir uğuru universitetin inkişafına və Qarabağın gələcəyinə qoyulan intellektual sərmayənin nəticəsidir.

Qarabağ Universitetinin tələbələrinin qarşılarında dayanan vəzifə yalnız şəxsi karyera qurmaqdan ibarət deyil. Onlar əldə etdikləri bilikləri ölkəmizin inkişafına, doğma bölgələrinin tərəqqisinə və cəmiyyətin rifahına yönəltməlidirlər. Zəfəri qazanan qəhrəman nəslin davamçıları kimi gənclərimiz bu şanlı qələbəmizi elm, təhsil, texnologiya, sahibkarlıq, mədəniyyət və digər sahələrdə yeni uğurlarla davam etdirməlidirlər.

Gələcək hədəflər

Bu gün Qarabağ Universiteti tarixi Zəfərin yaratdığı imkanlar və üzərimizə qoyduğu məsuliyyət əsasında gələcəyə doğru inamla irəliləyir. Qısa müddət ərzində universitetin akademik strukturunun genişləndirilməsi, yeni fakültə və ixtisasların yaradılması, tələbə sayının artması, müasir tədris və tədqiqat infrastrukturunun formalaşdırılması, beynəlxalq əməkdaşlığın inkişafı bu istiqamətdə görülən işlərin mühüm nəticələridir.

Hazırda universitetdə 9 fakültə üzrə 3300-dən çox tələbə təhsil alır. Tədris prosesinə 200-dən çox pedaqoji heyət üzvü cəlb olunub, universitetin ümumi əməkdaşlarının sayı isə 560 nəfəri ötüb. Bu göstəricilər Qarabağ Universitetinin qısa müddətdə əhəmiyyətli inkişaf yolu keçdiyini və regionda böyük akademik potensiala malik ali təhsil müəssisəsinə çevrildiyini göstərir.
Lakin bizim üçün bu rəqəmlər son məqsəd deyil, daha böyük hədəflərə doğru irəliləyişin göstəriciləridir. Qarşıdakı dövrdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, beynəlxalq akademik əməkdaşlığın dərinləşdirilməsi, innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, tələbələrin hərtərəfli formalaşması və universitetin regionun sosial-iqtisadi inkişafında rolunun artırılması əsas prioritetlərimiz olaraq qalacaqdır.

Əminik ki, Qarabağ Universiteti zaman keçdikcə yalnız Azərbaycanın deyil, bütövlükdə, regionun tanınan elm, təhsil və innovasiya mərkəzlərindən birinə çevriləcəkdir. Universitetin auditoriyalarında yetişən gənclər gələcəkdə Qarabağın iqtisadiyyatında, elmi mühitində, dövlət idarəçiliyində, səhiyyəsində, mədəniyyətində və digər sahələrində mühüm rol oynayacaqlar. Onların uğurları Azərbaycanın Zəfərdən sonrakı inkişaf tarixinin yeni səhifələrində yer alacaqdır.

Beləliklə, 8 Noyabr – Zəfər Günü bizə yalnız qürur duymaq üçün deyil, həm də üzərimizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirmək üçün böyük mənəvi güc verir. Şəhidlərimizin əziz xatirəsinə ən böyük ehtiramımız onların uğrunda canlarından keçdikləri Vətəni daha güclü, daha inkişaf etmiş və daha firavan görməkdir. Bu məqsədə çatmağın mühüm yollarından biri isə elm və təhsilin inkişafıdır. İnanırıq ki, Zəfərin qazanıldığı torpaqlarda bilik və elm əsasında qurulan gələcək Azərbaycanın davamlı inkişafına, Qarabağın intellektual dirçəlişinə və yeni nəsillərin uğurlarına mühüm töhfə verəcəkdir.


Şahin Bayramov,
Qarabağ Universitetinin rektoru