Zəfərin poetikası

12 Noyabr, 2025 - 10:48
Zəfərin poetikası

Vətən fəlsəfəsinin mahiyyəti vətəni fərdi tarix və xalqla bağlayan mənəvi, mədəni-əxlaqi dəyər olmasındadır. Bu, təkcə insanın doğulduğu yerə sevgi hissi deyil, həm də onun ideallarına fəal bağlılıq, onu mənəvi və fiziki təməli olan sosial ideal kimi anlamaqdır. O, istər ontoloji, istərsə də aksioloji obyekt, fərd və sosial qrupla əlaqəli baxışların sistemidir. Buna görədir ki, təfəkkür tariximizin ən böyük simaları haqlı olaraq öz yaradıcılıqlarında Vətənin təbiətcə ekzistensial və maddi olan bütün təriflərini rədd edirdilər. Onlar bu məhfumu nə insanların məkan yaxınlığı, nə mənşəyin qan bağları, nə milli və irqi mənsubiyyət, nə adət-ənənəvi həyat tərzi, nə iqtisadi birlik, nə təbiət, nə də müsbət hüquq və ya dövlət icması ilə bağlamırlar. Millət olmağın fəlsəfəsi bu amildən qidalanır.

Bu dünyanın yaşı qədər tarixin var,

Sonu qədər, başı qədər tarixin var.

Dağı qədər, daşı qədər tarixin var,

Ha baş vursam bitməz qatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim!

Vətən - insanın və yaxud insanlar qrupunun intellektual və mənəvi quruluşunun, dəyərlər sisteminin təcəssümüdür. Vətən, beləcə torpaq, yaşayış yeri olmaqdan çıxaraq onun ruhuna çevrilir, insanların və insan qrupunun mənəvi həyatı, onlar üçün həyat məhvərinə çevrilir. Məhz o məhvərdir insanların tutduğu xəyali xətti təyin edir və beləcə millət olaraq o xətt boyunca taleyimizi müəyyənləşdirən taleyüklü məqamlardan keçərək gəlmişik. İstər 1918-ci ildə, xalqımızın iradəsi ilə dövlətçiliymizin yeni mərhələsinin bərqərar olduğu vaxtlarda, istərsə də dövlətçiliyinə təkrar qovuşan xalqın 23 ay sonradan dövlətçilik duyğularının beşiyində boğulması təhlükələrinin real olduğu vədələrdə bir daha imtahan qarşısında dayandıq. Qərinələr boyu öz milli varlığı ilə bərabər, şüurunda yuva qurmuş dövlətçilik duyğularını qoruyaraq saxlayan xalq Sovet Sosialist Respublikalar İttifaqının süqutunun üfüqdə göründüyü məqamlarda bir daha yetmiş il əvvəlki situasiya ilə üzbəüz qaldı. 70 il əvvəl olduğu kimi, ərazi iddiaları ilə çıxış edən erməni millətinin böyük bir qrupu Sovet İttifaqının dağılma perspektivində Xankəndi, Şuşa da daxil olmaqla ərazilərimizə ölüm gətirdilər. Bu, həmin vaxtlar idi ki, SSRİ-nin, sözdə beynəlmiləlçilikdən danışan, əməldə ancaq dini və milli mənsubiyyətinə görə böldükləri xalqları diskriminasiya siyasəti yürüdürdü və o xalqların ön sırasında azərbaycanlılar daha çox diqqət çəkirdi.

Yurd yaratdın, xalqıma ev-eşik oldun,

Laylalarla ruhumuza beşik oldun.

Dünyamızın sərhədinə keşik oldun,

Millət etdin el-elatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim!

XX əsr Azərbaycan xalqının tarixində yetişmiş əvəzolunmaz dövlət xadimi, iqtidarda olan Sovet İttifaqı Kommunist Partiyasının tarixində onun ali siyasi rəhbərliyində təmsil olunan 11 nəfərdən biri, SSRİ hökuməti sədrinin I müavini Heydər Əlirza oğlu Əliyevi məhz belə məqamlarda xalqından ayrı salmaq üçün unikal dövlət xadimini istefaya vadar etmək, Moskvada təcrid vəziyyətində saxlamaqla göz bəbəyi kimi sevdiyi Azərbaycanı təslimçiliyə sürükləmək SSRİ rəhbərliyinin əsas vəzifəsinə çevrildi. Bu, “demokratik dəyərlərin” daşıyıcısı kimi özünü dünyada tanıda bilən Mixail Sergeyeviç Qorbaçovun postsovet mərhələsinə hazırlığı, Azərbaycanın total hərbi-siyasi hücumlara məruz qaldığı məqamlar üçün xalqımıza vurulan ən ağır zərbə oldu. Növbəti zərbə 1988-ci ilin əvvəllərində Ermənistan Sovet Sosialist Respublikasının ölkəmizə qarşı apardığı, sonu müharibəyə getdiyi açıq-aydın görünən siyasətə, həmçinin istər Respublikamızdakı separatçılıq hərəkətlərinə, istərsə də bu hərəkətlərin qarşılığında seyrçi mövqeyində qalan İttifaq rəhbərliyinə etiraz edən insanların qan içində boğmaq oldu. 1990-cı il yanvarın 20-nə keçən gecə müxtəlif qoşun növlərindən formalaşdırılaraq vahid komandanlığın idarəsi ilə Bakıya silahlı qüvvələr yeridildi. Bu, İttifaqın mövcudluğu tarixində nadir rast gəlinən ən qanlı cinayətlərdən biri kimi də tarixə düşdü.  Həmin qanlı cinayət hadisəsindən sonra həyati təhlükələrə baxmayaraq, Ümummilli Lider ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasının Moskva şəhərindəki Nümayəndəliyinə gələrək, hər bir ağır şəraitdə xalqı ilə bir yerdə olduğunu nümayiş etdirməklə, Sovet İttifaqı Kommunist Partiyası və SSRİ rəhbərliyinin əməllərini qınadı, baş vermiş cinayət hadisəsi ətrafındakı informasiya blokadasının yarılmasına müvəffəq oldu. O hadisələrin ən pis tərəfi isə onunla izah oluna bilər ki, Azərbaycan ona qarşı hazırlanan hibrid müharibənin hədəfinə çevrilir və belə situasiyada xalqımızı təmsil etdiklərini bəyan edən, əslində SSRİ xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən marginal “siyasi liderlər” xalq adından danışmaq üçün müxtəlif platformalarda görünmək imkanı qazanırdılar. Bunlardan əlavə, o zamankı Azərbaycanın siyasi ab-havasını müəyyənləşdirən hakimiyyət qulları və psevdovətənpərvərlər İttifaq rəhbərliyinin Ümummilli Lider Heydər Əliyevə münasibətini ölkədə bərqərar etmək üçün dəridən-qabıqdan çıxırdılar.

Mənəviyyat xırdalaşdıqca Vətən kiçilir. Bu həqiqəti müdrik Heydər Əliyev həyatı boyu yaşamışdı və buna görə idi ki, O, Vətən- deyəndə, ayr-ayrı nankorların naqis hərəkətlərini yox, xalqının gələcək taleyini rəhbər tutaraq Azərbaycan Respublikası üçün taleyüklü məqamda qərarını verdi:

Kimə doğma dedin, kimə yad dedin,

Nə haray istədin, nə imdad-dedin.

Qürbətin havası verməz dad-dedin,

Adının hər adı-sanı vətəndir.

1993-cü ilin iyun ayına qədər davam edən bu qorxunc tendensiya, nəhayət, dövlətçiliyi təhlükə altında olan ölkəni xilas etmək üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi rəhbərliyə dəvət olunmasına qədər davam etdi. Həmin il iyun ayının 15-də Böyük Dövlət Xadimi Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi.

1993-cü ilin oktyabr ayında Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilərkən ölkəmizin ərazisinin 20 faizi Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunmuş, 1 milyondan artıq vətəndaşımız məcburi köçkünə çevrilmişdi. Prezident Heydər Əliyevin dövlətçilik təfəkkürü ilk olaraq yaranmış şəraitdən bəhrələnərək insanların öləziməkdə olan ümidlərinin doğrulmasına nail olmaq və mövcud vəziyyətdən çıxış yollarını müəyyənləşdirməyin formulasının tətbiqini zəruri sayırdı. 

O həqiqət mübahisəsizdir ki, Ümummilli Lider mənən düşkün, tənəzzülə uğramış iqtisadiyyatın, əsaslı olaraq yenidən formalaşmalı olan silahlı qüvvələr, məğlubiyyət sindromu yaşayan cəmiyyətin problemləri ilə üz-üzə qalmışdı. Vəziyyətin ümidsiz göründüyü situasiyada Prezident Heydər Əliyev Azərbaycan dövlətinin dayaqları hesab olunan üç amil üzərində işləməklə birinci mərhələyə başladı. Həmin anların psixoloji testlərindən çıxan cəmiyyət yaşamaq haqqını təsdiq etmiş olurdu və o anları yaşayan insanlardan biri olaraq fikrimi poetik konfiqurasiyada bu cür ifadə edirdim:

Yasaların kəmfürsətə ox olacaq,

Yadlar səndə əriyəcək, yox olacaq.

“Azərbaycan”, “Heydər baba” çox olacaq,

Onlar övlad hesabatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim!

İllər keçəcək, Ümummilli Liderin siyasi irsinin varisi Prezident İlham Əliyev yaradılmış fundamental bazis üzərində Azərbaycan Respublikası üçün əhəmiyyətli mərhələnin qurulmasını ölkənin strateji hədəfəi elan edərkən ağlıma ilk gələn bu işlərin yekunu olaraq gedəcəyimiz yerlər oldu və “Salam” şeiri

Bu cür yarandı:

Dönüb başına dolannam,

Salam, Qarabağım, salam.

Qadan allam, balan allam,

Salam, Qarabağım, salam.

De, Vaqifin sözünnən de,

Şairlərin yüzünnən de.

Səslən, Cıdır düzünnən de,

Salam, Qarabağım, salam.

 Adla yağının fəndini,

Keç bərəsini, bəndini.

De, oxşayıb Xankəndini,

Salam, Qarabağım, salam.

Nə nazlanır Xarı bülbül,

Görüb ömrə yarı bülbül.

Oxu, ona sarı bülbül,

Salam, Qarabağım, salam.

Hər bir düşüncə potensialı olan azərbaycanlı kimi, mənim üçün də ölkəmizdə aparılan islahatların və quruculuq işlərinin bir hədəfə yönəldiyini görmək heç də hansısa xüsusi istedad tələb etmirdi. Uçunan qəlbimiz Vətənimizin bütün oğul-qızlarını nə zamandan bəri havasını udmadığımız, suyundan içmədiyimiz, cığırından keçmədiyimiz yerlərə tərəf çəkirdi:

 Könlüm uçur Kəlbəcərə,

Çəmən sala, gül becərə.

Umudum sənnən cücərə,

Salam, Qarabağım, salam.

 Qayasında xına qanım,

Gətirəcək cana qanım.

Halalındır sana qanım,

Salam, Qarabağım, salam.

 Prezident İlham Əliyevin apardığı siyasətin, quruculuğuna başladığı işlərin statistik azərbaycanlılar üçün görünən tərəfinin son ucunda Qarabağ dayanırdı: istər Azərbaycan diplomatiyasının fəaliyyət yönümü, istər ordu quruculuğunun adi adamlara qədər gəlib çatan vüsəti, haqq işimizə dəstək verən dövlətlərin sıralarının genişlənməsi, beynəlxalq təşkilatlarda formalaşan ikili standartların üstünü örtmüş buzların əriməsi Müzəffər Ali Baş Komandanın strateji xəttindəki irəliləyişlərdən xəbər verirdi. Bütün müşahidə olunan tendensiyalar bütöv, tam Vətənimizə qucaq açmaq məqamının uzaqda olmadığı hissini hər bir azərbaycanlı kimi mənə də yaşadırdı:

 Fərmanını İlham verdi,

Dağa-dərəyə can verdi.

İgiddər imtahan verdi,

Salam, Qarabağım, salam.

 Mahirə sevincdən ağlar,

Sinəsində ümman çağlar.

Dinər saza həsrət dağlar,

Salam, Qarabağım, salam.

 Psixologiya elminə ilkin marağım oyanan tələbəlik illərində insanla əbədi yol yoldaşı olan təhtəlşüurun genetik yaddaş olduğu qənaətinə gəlmişdim. Sonralar məni əmin edəcəklər ki, şüur-ağıl və məntiqin iştirak etmədiyi emosiyalar, düşüncələr və davranışlardan bəhrələnən şüuraltı beyin fəaliyyətinin genetik olduğunu elm hələ ki, əsaslandırmır, amma mən haçansa gəldiyim qənaətdən əl çəkmək fikrində deyiləm. Bir sözlə, şüur, insanın həyatda iştirak etdiyi bütün növ planlaşdırılmış davranışları əhatə edirsə, şüuraltı fəaliyyət barədə bunu demək olmaz. Bütün bunlara baxmayaraq, təhtəlşüurda genetik kodların oynadığı rola daxili inamım hələ də qalmaqdadır. Bəlkə də daxili inamımın bələdçiliyi ilə 2018-ci il fevral ayının 2-də yazacağım “Dur gedək” şeirində 25 ay sonra çıxacağımız yola xəyali səyahətə çıxıram:

 Axı, mən deyirdim ötəcək bu qış,

Soyuq-sazağınnan itəcək bu qış,

Vaxtı-vədəsi var, bitəcək bu qış,

Bu da bahar səsi, gedək, dur gedək,

Çağırır nəfəsi, gedək, dur gedək!

 Sualnan-cavabnan doludu sevda,

Əhdinə sadiqin quludu sevda.

Niyyətin mənzilə yoludu sevda,

Aparmaz hər kəsi, gedək, dur gedək,

Çağırır nəfəsi, gedək, dur gedək!

 Aradan 5 ildən artıq müddət keçsə də, sonuncu qış gecələrinin birində, pəncərəsi aylı gecəyə açılan isti otağımda duyduğum qış sazağının verdiyi inamın qulağıma pıçıldadığı həmin misraların içimdə yaratdığı inamın gücü ilə bərabər yaratdığı sehri indi də unuda bilmirəm. Həmin inam isə sehrli səslə pıçıltısına davam edirdi:

 Dolsun sinəmizə ətri gülünün,

Dönək qəvvasına umud gölünün.

Astadan səsləyən bahar yelinin

Gücdü hər kəlməsi, gedək, dur gedək,

Çağırır nəfəsi, gedək, dur gedək!

 Qışdan çıxardımmı olmasa əlin,

Təpər vermədinmi sən ləvin-ləvin?

Tonqalın dilində danışsın ilin

Axır çərşənbəsi, gedək, dur gedək,

Çağırır nəfəsi, gedək, dur gedək!

 Bu, həmin zamanlarda artıq yaşamaq sevdasından bezən kimi görünən, öləziməyə başlayan Qarabağa qovuşmaq istəyimizin israrı, qəlbimizi titrədən hayqırtısı idi və həmin hayqırtılar ancaq mənə deyil, batan xalqımıza üz tutur, 30 ilə yaxın müddətdə girov götürülmüş ancaq torpaqlarımızın deyil, heysiyyatı qarşısında gündən-günə əriyən mənliyimizin ölüm-qalım sualı qarşısında qaldığı məqamları xatırlatmasından başqa bir şey deyildi. Az qala, qışın sonuncu ayının sazağında əlimdən tutaraq məni əsir torpaqlarımızın başına dolandıran məkkəmisalı yerlərimizə aparmaq üçün inad dolu təkidlə deyirdi:

 Qəlbimdə yuva tik, ümid ol, cücər,

Bu torpaq sinəmdə ağac ək, becər.

Yolumuz üstündə Laçın, Kəlbəcər,

Səngimir tənəsi, gedək, dur gedək,

Çağırır nəfəsi, gedək, dur gedək!

 Nələr qoyub gəldin dağın, düzündə,

Ahındı qaynayan bulaq gözündə.

Bülənddi göylərə Cıdır düzündə

Xanın şikəstəsi, gedək, dur gedək,

Çağırır nəfəsi, gedək, dur gedək!

O yan Qubadlıdı, bu yan Zəngilan,

Boynu bükük qalıb əsir Maralyan,

Ölüm yuxusunda uyuma, oyan!

Bu ana naləsi, gedək, dur gedək,

Çağırır nəfəsi, gedək, dur gedək.

 Elə 7 il əvvəl, indinin özündə də ağlıma gəlmir ki, bu, ancaq tək mənim yaşadığım hisslər olub.

Buna görədir ki, 2020-ci il sentyabrın 27-si şəxsən mənim üçün deyil, qəlbən Azərbaycanla bağlı olan hər kəsə unudulmaz tarixdir və nəticənin nə cür olmasından asılı olmayaraq bir xalqın Ali Baş Komandanın sərkərdəliyi ilə başlatdığı heysiyyat savaşı günü kimi artıq tarixə dönüb. Bu tarixin birinci mərhələsi 44 gün çəkən Vətən müharibəsinin başlandığı 27 sentyabr, bu gün də həmin fikirdəyəm ki, xalqımızın tarixinə yazılan ən yaddaqalan gündür. Bu tarix, özümüzə qayıdışın yol tarixçəsi, bir millətin 30 illik kompleksi üstündən kənara atdığı məqamdır. “Görünür” şeirində mən millət olaraq gedəcəyimiz müqəddəs ünvanları vahid üzvi bağlılığını təmin edən Bir Nəfərə çevrildiyini göstərməyə çalışırdım və etiraf etmək nə qədər xoşdur ki, o, möhtəşəm anlar idi:

 Cəbrayılda qaldırdığın bayrağın,

Əsgər, sənin, dörd bir yandan görünür.

Uzaq deyil can atdığın oylağın,

Beş addımda, Zəngilandan görünür.

Savalanda yatan igid oyandı,

Bayrağıdır, qan-qırmızı boyandı.

Yağı düşman qaçaraqda dayandı,

Əhvalından, qırımından görünür.

Böyük Zəfərə gedən yolda qaldırılan ilk qələbə bayrağı qaldırılması xəbərini 2020-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev telemüraciəti vasitəsilə xalqına bu sözlərlə çatdırdı: “Bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan canı-qanı bahasına qovur.

Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”. “Görünür” şeirində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanının Müzəffər Azərbaycan Ordusu ilə birlikdə xalqımıza yaşatdığı ilkin qələbələrin daha çox mənəvi tərəflərini göstərməyə çalışır, həmin anların psixoloji məqamlarını göstərməyə çalışırdım: 

Nə möhtəşəm tarix yazdın dəftərə,

Oxunacaq, deyiləcək min kərə.

Adımızı ucaltmısan göylərə,

Bütün Qafqaz dağlarından görünür.

İçindəki duyğuların dil açdı,

Yetər!- dedin ki, millətim əl açdı.

Qədəm basdın, küll Qarabağ gül açdı,

Dağın-daşın novrağından görünür.

Kim deyirsə, şeir bir anda yazılır, o fikirləri azından 40 ildən artıqdır ki, onun emalatxanasında olan şəxs kimi birmənalı olaraq yaxına buraxmıram: Şeir insanın ancaq duyğularının deyil, günlər, hətta aylarla onun həmdəminə çevrilən narahat günlərinin bir anda ortaya çıxartdığı poetik hadisədir. 2020-ci il oktyabrın 4-də sentyabrın 27-dən hamı kimi, mənim də gözldiyim o xəbəri Ali Baş Komandanın dilindən eşidərkən yaşadığım duyğuları minnətdar xalqımızın adından ifadə etməkdən gözəl nə ola bilərdi:

Hanı gəlir, hanı gəlir?- dedilər,

Xankəndinin Xanı gəlir- dedilər.

Adı gəlir, sanı gəlir- dedilər,

Çıxsan, Cıdır Meydanından görünür.

İlham yazdı yeni dövrü, zamanı,

Odur xalqın umud yeri, gümanı.

Bu Mullətin tarixinin hər anı,

Heydər baba dastanından görünür.

Cəbrayıl ərazisində Ermənistan silahlı qüvvələri haqqında mif yaranmış “keçilməz istehkamlarının” ordumuzun döyüşən hissələri tərəfindən kağız qutular kimi darmadağın edilməsi düşmən ölkənin rəhbərliyi və ordusunda xof yaratması həmin ölkənin himayədarları arasında da “vəziyyətdən çıxış yolları axtarmaqdan başqa yol” olmadığı qənaətini möhkəmləndirirdi. Bunları nəzərdə tutan Azərbaycan lideri yaranmış vəziyyəti telemüraciətində bu cür təsvir edirdi: “İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”.

Ümumiyyətlə, Vətən müharibəsinin getdiyi 44 gün ərzində və ondan sonra hər bir diqqətəlayiq müharibə hadisəsi haqqında xalqını məlumatlandıran Prezident Əliyev fikrini bütün dünyanın bu müraciətləri diqqətlə izləyən güc mərkəzlərindəkilərə də çatdırır, xalqının pozulmuş hüquqlarının bərpasından savayı yol görmədiyini bəyan edirdi: “Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı - BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə - danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib”.

Bu, Prezident İlham Əliyevin bütün dünyaya keçdiyi açıq dərs idi. Dünyanın nüfuzlu universitetlərindən birini qurtarmaqla, beynəlxalq aləmdə dünyanın ən nəhəng siyasətçilərindən biri kimi tanınan Heydər Əliyevdən dərs alan Prezidentimiz müasir dünyanın “xəritəsini yenidən çəkmək” iddiasında olanlara əvvəlki problemlərin “dondurulmuş vəziyyətdə qalmasının” bugünkü reallıqlarla tərs mütənasib olduğunu xatırladır, Azərbaycanın 30 il əvvəlki ölkə olmadığını diqqətə çatdırırdı. Yekun olaraq Prezident özünəxas inamla bir daha bütün dünya qarşısında ölkəsinin təbii haqlarının bərpa olunacağının hər hansı söhbətin mövzusu olmayacağını, Azərbaycan ordusunun dövlət sərhədlərimizin hüdudlarına qədər getməyində Ali Baş Komandan kimi israrlı olduğunu bəyan edirdi. Nəhayət, Zəfər poetikasının ən möhtəşəm səhifələrinin yazılma anı yetişdi və “Xoş görmüşük” şeiri beləcə dünyaya  gəldi:

Möhnətimiz sona yetdi,

Şuşa, xoş görmüşük səni.

Vüsal gəldi, həsrət bitdi,

Yaşa, xoş görmüşük səni.

Daha mənim dərd-sərim yox,

Sənə bağlı diləyim çox.

Dəydi düşmən atdığı ox

Daşa, xoş görmüşük səni.

Oğlun yağı beli əyən,

Zəfər libasını geyən.

Gəldi Heydər baba deyən

Başa, xoş görmüşük səni.

Bu, son 300 illik tariximizin ən parlaq səhifəsi idi. Həmin səhifəni 2020-ci il noyabr ayının 8-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəl Şəhidlər xiyabanına gələrək orada uyuyanlara ehtiramlarını ifadə etdilər. Daha sonra Fəxri xiyabana yollanaraq bütün qələbələrimizin əsasını qoyan Ümummilli Liderin ziyarətindən sonra Ali Baş Komandan təkcə Azərbaycanda deyil, Ermənistanın özündə belə, baxış rekordlarını qıran tarixi telemüraciətini bu sözlərlə başladı: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”. 

Vaxt oldu imtahan kimi,

Qərinə keçdi an kimi.

Millətim qəhrəman kimi,

Coşa, xoş görmüşük səni.

Gedə İlham Laçın sarı,

Köməyi göy duaları.

Mahirə də mahnıları,

Qoşa, xoş görmüşük sən.

Bu, 28 ildən sonra müqəddəs torpağımızla ilk görüşdən doğan, təhtəlşüurumuzda özünə yuva salmış xəyallarımızın gerçəkləşməsi idi. Bu yaşadığımız ağrı-acıları aparacaq bir içim su, yaralarımıza məlhəm olacaq tam bir nəslin dastanı idi. Belə məqamlar yaşadığımız, ürəkdən şadyanalıq etdiyimiz məqamlarda həmin xoşbəxtliyi bizlərə verən insanlarımızı və onların uğrunda canlarını verdikləri Vətən qədər sevimli analarını gözlərim qarşısına gətirdim, özüm və xalqımız adından onlara üz tutan “Şəhid Anasına məktub”la minnətdar xalqın duyğularını ifadə etməyə çalışdım:

Duyuram ağrını, çəkilənləri,

Hansı yük düşübdür zərif çiyninə.

Bir ana qəlbində əkilənləri,

Ancaq qəlbin bilər, danışar sənə.

Bilirəm, onunla tək danışarsan,

Gizlicə tutaraq oğul yasını.

Ancaq ürəyində özün qoşarsan,

Balana yaraşan oxşamasını.

Yadına salarsan ağrı, sızıyla,

Dönüb, keçənlərin hər saatına.

Gözaltı etdiyin qonşu qızıyla,

Tamaşa edərsən toy-büsatına.

Arzular dillənər gələn şabaşda,

Nəğmə istəyərlər, nəğmələr xası.

Oturar məclisdə, yuxarı başda,

O balan, əynində şəhid libası.

İllər dəyişəcək, zaman keçəcək,

An ana calanıb dönər keçmişə.

Nəsillər dəyişər, vaxt dəyişəcək,

Dəyişməz qalacaq balan həmişə.

Millətlə bölüşdün ciyarparanı,

Bu da bir qədərmiş- istəmə,istə...

O özü istədi, verdiyin qanı,

Axıtdı sevdiyi torpağın üstə.

Bu cavan yaşında ağaclar əkdi,

Qanıyla suvardı- bitən göyərsin.

Xalqın namusunu, arını çəkdi:

Təkim üzü gülsün, Vətən göyərsin. 

Mahirə HÜSEYNOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya elmləri doktoru, professor