Zorakılıqla bağlı xəbərlər uşaqları ona təşviq edirmi?
Zorakılıq halları ilə bağlı məlumatların davamlı şəkildə yayılması uşaqlara müxtəlif formalarda təsir göstərir. Bəzi uşaqlarda qorxu, narahatlıq, güvənsizlik və sosial çəkilmə halları müşahidə olunur. Digər bir qrup uşaqlarda isə bu davranışların normallaşdırılması və hətta təkrarlanması riski yaranır.
Bu fikirləri "Azərbaycan müəllimi"nə müsahibəsində Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiə İdarəsinin rəis müavini Günel Səfərova söyləyib.
Onun sözlərinə görə, xüsusilə həssas psixoloji vəziyyətdə olan uşaqlarda imitasiya meyli daha yüksək olur:
"Yəni onlar gördükləri və ya eşitdikləri davranışları təkrarlamağa meyilli olurlar. Bu isə zorakılığın zəncirvari şəkildə yayılmasına səbəb ola bilər.
Eyni zamanda zorakılığa məruz qalan uşaqlarda uzunmüddətli psixoloji travmalar, özünəgüvən hissinin itkisi, sosial adaptasiya problemləri və akademik geriləmə halları da müşahidə edilə bilər".



