13 yaşında 30 medal: atasının arzusunu gerçəkləşdirən çempion

8 İyun, 2026 - 10:41
13 yaşında 30 medal: atasının arzusunu gerçəkləşdirən çempion

Bəzən böyük uğurlar kiçik yaşlardan başlayan böyük məqsədlərin nəticəsi olur. Təhsildə və idmanda fərqlənən məktəbliləri oxucularına tanıtmaq ənənəsini davam etdirən “Azərbaycan müəllimi”nin budəfəki həmsöhbəti yaşının az olmasına baxmayaraq, saysız uğurları olan Masallı şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi Elvin Məmmədovdur. O, son olaraq Almaniyada keçirilən nüfuzlu beynəlxalq turnirdə qazandığı qələbə ilə həm ailəsinin, həm müəllimlərinin, həm də ölkəmizin qürur mənbəyinə çevrilib.

Elvin mayın 16-da Almaniyanın Lüdviqshafen şəhərində keçirilən 18-ci ənənəvi “Paul Klein II–Heiner Langknecht” beynəlxalq turnirində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən Masallı UGİM-in yetirməsi olan Elvin Məmmədov U15 yaş kateqoriyasında 35 kq çəki dərəcəsində çempion olub.

“Atam həmişə mənə dəstək olur”

13 yaşlı Elvinin idmana gəlişi təsadüfi olmayıb. O deyir ki, güləşə başlamasının əsas səbəbi atasının vaxtilə yarımçıq qalan arzusunu davam etdirmək istəyidir:
“Atamın idmanda yarımçıq qoyduğu işi tamamlamaq üçün bu idman növünü seçmişəm. Atam həmişə mənə dəstək olur, həmişə yanımdadır”.

Gənc idmançı üçün yarışın ən yaddaqalan məqamı bütün rəqiblərinə üstünlüklə qalib gəlməsi olub. Qələbə sevincini isə ilk olaraq sinif rəhbəri Könül Sadiqova ilə bölüşmək istəyib. Beynəlxalq turnirə yollanarkən özünə inansa da, xarici ölkədə ilk yarış təcrübəsi onu həyəcanlandırıb:
“Özümə güvənirdim, çempion olacağıma inanırdım, amma ölkə xaricində ilk dəfə yarışdığım üçün həyəcanlı idim”.

Elvin indiyə qədər bir sıra daxili turnirlərin də qalibi olub. Lakin Almaniyada qazandığı çempionluq onun indiyədək əldə etdiyi ən böyük nailiyyət hesab olunur. Gənc idmançının kolleksiyasında artıq 30 medal və 40 diplom var.

“İdmançı həm də savadlı olmalıdır”

İdmanla yanaşı təhsilə də xüsusi diqqət ayıran Elvin məktəb həyatının maraqlı keçdiyini bildirir. Ən çox sevdiyi fənn ingilis dilidir. O, məşqlərlə dərslərini uğurla uzlaşdırmağa çalışdığını deyir:
“Məşqlə dərslər eyni vaxta düşmür. Məşqdən sonra mütləq dərslərimlə də məşğul oluram. Düşünürəm ki, idmançı həm də savadlı olmalıdır”.
Boş vaxtlarında kitab oxumağı və dostları ilə vaxt keçirməyi sevən Elvin üçün ən böyük hobbi yenə də güləşdir. Onun idealı isə dünya güləşinin əfsanələrindən biri olan Buvaysar Saytiyevdir.

“Ancaq idmanla məşğul olmaq istəyirəm”

Elvinin gələcəklə bağlı planları da kifayət qədər iddialıdır. O, özünü gələcəkdə Avropa, dünya çempionatlarında və Olimpiya Oyunlarında görmək istəyir:
“Doğrusu, ancaq idmanla məşğul olmaq istəyirəm. Məqsədim əvvəlcə respublika çempionu olmaq, sonra isə Azərbaycanı Avropa, dünya çempionatlarında və Olimpiya Oyunlarında layiqincə təmsil etməkdir”.

Gənc idmançı qazandığı uğurlarda məşqçilərinin peşəkarlığını və ailəsinin dəstəyini xüsusi vurğulayır. Onun fikrincə, uğurun əsas sirri zəhmət, intizam və düzgün istiqamətləndirmədir. Həm məktəbdə, həm də idmanda öz sözünü deməyə çalışan Elvin yaşıdlarına da tövsiyə edir ki, boş vaxtlarını səmərəli keçirsinlər, idmanla məşğul olsunlar.

Elvinin qazandığı beynəlxalq uğur göstərir ki, məqsədinə inanan, zəhmətdən çəkinməyən gənclər gələcəkdə ölkəmizi ən mötəbər arenalarda uğurla təmsil edə bilərlər. Bu gün Almaniyada qazandığı qələbə ilə sevindirən Elvinin qarşısında hələ daha böyük zirvələr var.

13 yaşında 30 medal: atasının arzusunu gerçəkləşdirən çempion
13 yaşında 30 medal: atasının arzusunu gerçəkləşdirən çempion
13 yaşında 30 medal: atasının arzusunu gerçəkləşdirən çempion
13 yaşında 30 medal: atasının arzusunu gerçəkləşdirən çempion