22 yaşımda artıq ABŞ şirkəti ilə işləyirdim – Oksford Universitetinə qəbul olan Nəzrin

5 May, 2026 - 09:11
22 yaşımda artıq ABŞ şirkəti ilə işləyirdim

Bəzən düşünürük ki, böyük uğurlar təsadüfən, şans nəticəsində baş verir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) auditoriyalarından dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri olan Oksford Universitetinə uzanan yolun müəllifi Nəzrin Abbaslı ilə söhbət edəndə görürsən ki, Oksford kimi zirvələr, əslində, illər öncədən atılan cəsarətli addımların nəticəsidir.

“Təhsil müddətində daha çox praktik yanaşmaya üstünlük verən tələbə olmuşam”

“Marketinq” ixtisası üzrə təhsil alan Nəzrin bakalavr illərindən standart tələbə profilindən fərqlənməyi bacarıb. O, nəzəriyyənin vacibliyini bilsə də, marketinqin əsl gücünün praktikada gizləndiyinə inanırdı. Elə bu inam onu 22 yaşında okeanın o tayındakı ABŞ şirkəti ilə distant (remote) çalışmağa qədər aparıb çıxarır: “Təhsil müddətində daha çox praktik yanaşmaya üstünlük verən, özüm üçün əlavə yollar axtaran tələbə olmuşam. Yəni sadəcə dərslərlə kifayətlənmirdim, paralel olaraq real iş təcrübəsi qazanmağa çalışırdım. Universitet illərində ən böyük üstünlüklərimdən biri erkən yaşda iş həyatına başlamağım olub. 22 yaşımda artıq ABŞ şirkəti ilə işləyirdim. Bu həm məsuliyyət hissimi, həm də fərqli bazarları anlama qabiliyyətimi ciddi şəkildə inkişaf etdirdi. 
Bundan əlavə, beynəlxalq layihələrdə də iştirak etmişəm. Məsələn, fotojurnalist Reza Deqati ilə sosial media və sərgi layihəsi üzərində işləmişəm. Bu kimi təcrübələr mənə marketinqin yalnız nəzəriyyə deyil, həm də real təsir gücü olduğunu göstərdi”.

Bu ilin sentyabr ayında Nəzrin üçün yeni bir fəsil başlayacaq: Oksford Universitetinin Said Biznes Məktəbində MBA proqramına başlayacaq. O bu proqramı həm akademik gücü, həm də fərqli düşüncə tərzlərini birləşdirən beynəlxalq mühitinə görə seçib. Qəbul prosesi esse yazılarından müsahibələrə qədər kifayət qədər intensiv keçsə də, Nəzrin öz məqsədlərini aydın ifadə edərək bu baryeri aşa bilib.

Həm təqaüd qazanıb, həm mükafat, həm də xüsusi statusa layiq görülüb...

Nəticə isə gözləniləndən də uğurlu olub. O həm universitetin təqaüdünü və mükafatını qazanıb, həm də biznesdə qadın liderliyini dəstəkləyən “Forte Fellow” statusuna layiq görülüb. Bu status ona həm maliyyə dəstəyi, həm də iyun ayında Atlantada keçiriləcək nüfuzlu liderlik konfransında iştirak imkanı qazandırıb.

Nəzrinin gələcək hədəfləri isə kifayət qədər dərindir. O, marketinqə sadəcə "reklam" gözü ilə baxmır: “Marketinq sahəsində məni ən çox cəlb edən istiqamət istehlakçı davranışı və neyromarketinqdir. Yəni insanların qərarları necə verdiyini, hansı faktorların seçimlərinə təsir etdiyini anlamaq. Azərbaycanda, məncə, ən böyük boşluqlardan biri məhz bu dərinlikdə yanaşmanın olmamasıdır. Çox zaman marketinq daha səthi və taktiki şəkildə aparılır. Mən isə gələcəkdə daha data əsaslı və psixoloji yanaşmanı tətbiq edərək bu boşluğu doldurmaq istəyirəm”.

Nəzrinin fikrincə, Oksford mühitini özəl edən cəhət dərslərin real biznes hadisələri üzərində qurulması və insanların müxtəlifliyidir. O inanır ki, orada sadəcə müəllimlərdən deyil, həm də dünyanın dörd bir yanından gələn qrup yoldaşlarından öyrəniləcək çox şey var. Sentyabrda başlayacaq bu macəra Nəzrin üçün yalnız bir başlanğıcdır.