31 Dekabr - Milli həmrəylik bizim ən böyük sərvətimizdir

31 Dekabr, 2025 - 09:35
31 Dekabr - Milli həmrəylik bizim ən böyük sərvətimizdir

“Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır”.

Ümummilli Lider Heydər Əliyev

“Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”

Prezident İlham Əliyev 

Müasir dövrdə milli birlik və ictimai həmrəylik dövlətlərin daxili sabitliyinin və xarici siyasətdə uğurlu mövqeyinin əsas şərtlərindən biri kimi çıxış edir. Milli birliyin qorunması dövlət siyasətinin strateji prioritetinə çevrilib. 

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ölkəmiz üçün həlledici məqamlarda həmrəylik nümayiş etdirərək haqq səslərini ucalda bilirlər. Bu birlik və həmrəyliyin təməlinin qoyulduğu tarix hər il böyük təntənə ilə qeyd olunur. Həmin tarix 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu günün qeyd olunması Ümummilli Lider Heydər Əliyevin xalqımızın tarixi taleyi ilə bağlı qəbul etdiyi mühüm qərarlardan biridir. Ulu Öndərin bütün dünya azərbaycanlılarına ən böyük əmanətlərindən biri müstəqil dövlətimiz və vahid məqsəd ətrafında sıx birləşmək ideyası artıq öz həyati təsdiqini tapıb.

Məhz Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması haqqında qanun qəbul edib  və bu tarix bütün azərbaycanlılar tərəfindən rəsmi bayram kimi qeyd edilməyə başlanıb. 

Milli birliyin və bərabərliyin simvolu

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü sovet imperiyasının süqutundan sonra Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədləri aşaraq birləşmək istəyi Azərbaycan xalqının dirçəlişinin, milli özünüdərkinin və müstəqil dövlətçilik uğrunda mübarizəsinin simvoluna çevrilib.  

Uzun müddət bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində həyata keçirdiyi sərhəd yürüşləri, Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərinin sökülməsi, Araz qırağında gecə-gündüz səsləndirilən birləşmək çağırışları əslində azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha nümayiş etdirmək və Azərbaycanı bütövləşdirmək cəhdi idi. Həmrəylik Günü bu istəklərin və arzuların təntənəsidir. 

Qədim və zəngin tarixə malik Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən bu gün hər bir azərbaycanlı üçün inam və ümid rəmzidir. 

Dünya azərbaycanlılarının həmrəyliyi və təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev bu günü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə nail olub. 31 Dekabr dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlının əlaqələndirilməsi, onlar arasında birlik və həmrəyliyin yaradılması baxımından mühüm rol oynayır. Həmrəylik Günü təkcə etnik azərbaycanlılar deyil, eyni zamanda Azərbaycanda doğulub böyümüş, ölkəmizlə mənəvi bağları olan diaspor nümayəndələri tərəfindən də qeyd olunur.

Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. 

“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib. 

Bu gün milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərə hörmət və Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, zəngin mədəni irsimizin təbliği və erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınması istiqamətində qətiyyət nümayiş etdirirlər. 

Ümummilli Lider Heydər Əliyev 9 noyabr 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında çıxış edərək bildirmişdir: “Bu gün keçirilən Qurultay xaricdə yaşayan soydaşlarımızın daha da həmrəy olması və təşkilatlanması üçün yeni mərhələnin başlanğıcıdır”. 

Doğrudan da, Ulu Öndərin qətiyyətli səyləri nəticəsində Qurultay soydaşlarımızın milli özünüdərkinin güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına ciddi təsir göstərib. Bu təşəbbüs dövlət siyasətinin yeni istiqaməti kimi qiymətləndirilməlidir. Qurultaydan sonra Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, həmin ilin dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edilmişdir. Bu addımlar dünya azərbaycanlılarının milli birliyinin və təşkilatlanmasının daha da möhkəmlənməsinə xidmət edib. 

İlham Əliyevin milli birlik strategiyası

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu prosesində milli birlik və həmrəylik məsələsinə xüsusi önəm verilib. Xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu istiqamət sistemli, davamlı və institusional xarakter alıb. İlham Əliyevin milli birlik strategiyası azərbaycançılıq ideologiyası, multikulturalizm siyasəti, güclü dövlətçilik konsepsiyası və sosial inkişaf modeli üzərində formalaşmışdır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirən Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. 

Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına mühüm töhfə verir.

Xaricdə yaşayan azərbaycanlıların uğurlu lobbi siyasəti

Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 8 fevral 2006-cı il tarixli Sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda keçirilən mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayıb.

Ulu Öndərin başladığı ənənəni davam etdirən Prezident İlham Əliyev bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələr verir və diaspor nümayəndələri ilə fikir mübadiləsi aparır. 

Xüsusilə qeyd olunmalıdır ki, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmləndirilməsi konsepsiyası xaricdə Azərbaycan diasporunun formalaşması, eləcə də onun Türkiyə diaspor təşkilatları ilə sıx əməkdaşlığının qurulması və möhkəmləndirilməsi baxımından mühüm istiqamət olmuşdur. Bu illər ərzində “Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əsasını təşkil edib. 

2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Prezident İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşüb. 17 noyabr 2014-cü ildə İstanbulda “Qarabağda üç nəslin bir soyqırımı” mövzusunda keçirilən beynəlxalq konfransda da Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. 

Digər ölkələrdə də Türk və Azərbaycan diasporları eyni mövqedən çıxış edərək erməni diasporunun yalanlarını birgə ifşa edirlər. Eyni zamanda, Azərbaycanda yəhudi icması ilə dinc yanaşı yaşamaq təcrübəsi ABŞ-da da tətbiq olunur, diasporumuz oradakı yəhudi təşkilatları ilə müntəzəm əməkdaşlıq edir.

Bu sahədə fəaliyyətin daha da genişləndirilməsi məqsədilə Prezident İlham Əliyev 19 noyabr 2008-ci il tarixində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin bazasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalamışdır. Bununla da dövlətimizin diaspor siyasətində yeni inkişaf mərhələsi başlanıb. 

Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 18 dekabr 2008-ci ildə Bakıda keçirilən iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbul edilməsi birlik və mütəşəkkilliyin artmasını, tarixi Vətənlə əlaqələrin möhkəmlənməsini və diaspor potensialının güclü amilə çevrildiyini, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu bir daha təsdiqləyib.  

Növbəti mərhələdə diaspor fəaliyyətinin inkişafı istiqamətində daha bir mühüm təşəbbüs reallaşdırılıb. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq məqsədilə Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb.  

Hazırda dünyanın müxtəlif ölkələrində Azərbaycan icmaları fəaliyyət göstərir. Aparılmış məqsədyönlü işlər nəticəsində bu gün 51 ölkəni əhatə edən, 561 diaspor təşkilatını birləşdirən 15 Koordinasiya Şurası (Alyansı), eləcə də 20 ölkədə 31 Azərbaycan Evi fəaliyyət göstərir. Xarici ölkələrdə yeni icma və birliklərin yaradılması çağdaş diaspor quruculuğu siyasətinin mühüm nailiyyəti kimi qiymətləndirilir.

Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq çərçivəsində diaspor fəaliyyətində yeni mərhələ başlanmışdır. Təşkilata üzv dövlətlərin diaspor məsələlərinə məsul qurum rəhbərlərinin 2 dekabr 2025-ci ildə Budapeştdə keçirilmiş 7-ci görüşündə 2026-cı il üçün “Diaspor üzrə Birgə Fəaliyyət Planı” qəbul edilmişdir.

Milli həmrəyliyin real təzahürü kimi

 Qarabağ mövzusu Prezident İlham Əliyevin milli birlik strategiyasında xüsusi yer tutur. Uzun illər davam edən münaqişə Azərbaycan cəmiyyətində ümummilli məqsəd formalaşdırmışdır. 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı cəmiyyətin bütün təbəqələrinin vahid mövqedən çıxış etməsi milli həmrəyliyin real təzahürü kimi qiymətləndirilir. 

Vətən müharibəsi Azərbaycan xalqının hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini bir daha nümayiş etdirib.  Bu müharibə zamanı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da misilsiz fəallıq göstərmiş, Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsi üçün səylərini əsirgəməmişlər. 

“Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”, - deyə İlham Əliyevin  2020-ci il 29 dekabr tarixində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə  dünya azərbaycanlılarına müraciətində bildirib. 

Şübhəsiz ki, Böyük Zəfər Dünya Azərbaycanlıların həmrəyliyinin təcəssümüdür. II Qarabağ müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olub.  II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirib. Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. 

Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu həmrəylik ideyası daha da möhkəmləndirib, dünya azərbaycanlılarının təşkilatlanması və fəallığının artırılması prioritet siyasət sahəsinə çevrilib. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, mədəniyyətimizi tanıtmaq və vahid məqsəd ətrafında birləşmək səyləri dövlətimizin dəstəyi ilə daha da güclənib.  

Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı bu həmrəyliyin ən son təcəssümü olub.  Dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin nümayişində 22 aprel 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı mühüm əhəmiyyət kəsb edib. “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər Qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər Qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.

Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, dövlətimiz isə qalib dövlət kimi tarixə düşəcək. Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları və xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər”, – deyə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında bildirib.

Xalqı birləşdirən Qələbə

Vətən müharibəsində qazanılan tarixi Qələbə milli birliyi yeni mərhələyə yüksəldib. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev 2024-cü ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində qeyd edib. “Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Qələbə, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. ‘Dəmir yumruq’ bizim Zəfər salnaməmizin rəmzidir. Bu gün eyni zamanda ‘Dəmir yumruq’ birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, ‘Dəmir yumruq’ hər zaman yerində olacaq”. 

Prezident İlham Əliyevin milli birlik və həmrəylik strategiyası dövlət suverenliyinin qorunmasına, azərbaycançılıq ideologiyasının gücləndirilməsinə və “Dəmir yumruq” ətrafında sıx birləşmiş cəmiyyət modelinin formalaşdırılmasına əsaslanır. Bu strategiyanın mənəvi sütununu Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsi təşkil edir. Sözügedən konsepsiya həm ölkə daxilində yaşayan xalqları, həm də dünya azərbaycanlılarını vahid dövlətçilik maraqları ətrafında birləşdirir. 

Qarabağda qazanılan tarixi Qələbə milli birliyi yeni səviyyəyə yüksəldib.  Strategiya bu birliyi “Böyük Qayıdış” proqramı və azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri vasitəsilə daha da möhkəmləndirməyi nəzərdə tutur. Bu Qələbə, eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və milli maraqların müdafiəsində vahid qüvvə kimi çıxış etməsinin strategiyanın mühüm tərkib hissəsi olduğunu nümayiş etdirmişdir. 

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Vətənə bağlılıq, milli-mənəvi dəyərlərə hörmət və Azərbaycan dövlətinə sədaqət hisslərini özündə təcəssüm etdirir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü bizə bir daha xatırladır ki, xalqımız vahid və möhkəm iradə ətrafında birləşdikcə, qarşısında heç bir maneə dayana bilməz.

Milli birlik və həmrəylik strategiyasının ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi Azərbaycanın gələcək sosial-siyasi inkişafının, dövlətçilik ənənələrinin qorunmasının və milli identikliyin möhkəmləndirilməsinin əsas təminatçısıdır. Bu baxımdan Prezident İlham Əliyevin formalaşdırdığı milli birlik modeli təkcə bu gün üçün deyil, uzunmüddətli perspektiv üçün də mühüm əhəmiyyət daşıyır.