33 ildir çalışan 64 yaşlı müəllim sertifikasiyada yüksək nəticə topladı
Naxçıvanda dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.
"Azərbaycan müəllimi" AzEdu-ya istinadən xəbər verir ki, mayın 4-də kimya müəllimləri üçün keçirilən imtahanda yaşı 60-dan yuxarı müəllimlər də iştirak edərək uğurlu nəticə göstəriblər. Onlardan biri də 64 yaşlı Culfa rayon Əlincə kənd tam orta məktəbin kimya müəllimi Əli Məmmədovdur. Əli müəllim sertifikasiyadan 55 bal toplayıb.
O, 1993-cü ildən Xanəgah kənd orta məktəbində kimya-biologiya müəllimi kimi fəaliyyətə başlayıb: "Hazırda isə Əlincə kənd orta məktəbində və Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən kimya-biologiya təmayüllü gimnaziyada kimya müəllimi işləyirəm. Fəaliyyətimi davam etdirirəm. Hələ pensiyaya çıxmağıma bir il qalır.
Sertifikasiya imtahanında ilk dəfə iştirak etmişəm. Həmin vaxt ixtisas üzrə 40, kurikulum üzrə isə 8 bal toplamışam. Müsahibə mərhələsindən də 40 bal əldə etmişəm və ümumi nəticəm 88 bal olub.
Bu il də sertifikasiya imtahanında könüllü şəkildə iştirak etmişəm. İmtahandan çəkinmədiyim və özümü sınamaq istədiyim üçün yenidən iştirak etdim. Əvvəlki illərdə yüksək nəticə göstərən müəllimlərin fərqləndirilməsi məsələsi də mənim qərarıma təsir etdi.
1993-cü ildən bu günə qədər, yəni 33 ildir müəllim kimi fəaliyyət göstərirəm. Sertifikasiya imtahanına hazırlaşmaq üçün heç bir kursa getməmişəm və xüsusi hazırlıq keçməmişəm. Sadəcə, illərlə dərs dediyim biliklərə əsaslanaraq imtahanda iştirak etmişəm. Uzun illər repetitor kimi də fəaliyyət göstərdiyim və abituriyent hazırladığım üçün özümü hər zaman imtahana hazır hiss etmişəm".



