34 ilin şahidi: Samirə Məmmədovanın Xocalı hekayəsi

26 Fevral, 2026 - 12:01
34 ilin şahidi: Samirə Məmmədovanın Xocalı hekayəsi

Xocalı... Səslənişində bir ağrı, bir durğunluq var. Sakinlərinin bəşər tarixinin ağlasığmaz dəhşətlərini yaşadığı Xocalı. 

Fevralın 25-dən 26-na keçən gecə qarlı meşələr, qaranlıq gecələr insanların ah-naləsi ilə doldu. Bu gecə təkcə insanlar deyil, Xocalı da fəryad edirdi. Gördüklərinə, yaşadıqlarına, divan tutulan sakinlərinə ağlayırdı. Xocalı həmin vaxt baş verənlərə sanki bir şəhər deyil, insan kimi şahidlik edirdi. 

30 ilə yaxın vandallığa məruz qalan Xocalı artıq azaddır. Yenilənir. Gördüklərini, yaşadıqlarını, yaralarını sağaldır. Abadlaşır. Hər qayıdış bir ümiddir indi. Mərhələli şəkildə sakinlər öz doğma yurdlarına köçürülür, onlar hər cür şəraitlə təmin edilir. 
Bu il Xocalı faciəsinin 34-cü ildönümüdür. Nə az, nə çox. 34 il ötməsinə baxmayaraq, hadisə şahidləri həmin faciəni xatırlamaqda çətinlik çəkirlər. Belə şahidlərdən biri də Samirə Məmmədovadır. 

“Azərbaycan müəllimi” Xocalı sakini Samirə Məmmədova ilə həmsöhbət olub. Onunla söhbət üçün fəaliyyət göstərdiyi, 2024-cü ilin sentyabrından fəaliyyətə başlayan Xocalı şəhəri 1 nömrəli tam orta məktəbə yollanırıq.  

Xocalını, başına gətirilən müsibətləri ya şəkillərdən görmüş, ya da ekranlaşdırılmış filmlərdən izləmişdim. İndi isə tamam fərqli idi. Addım atdığımız hər qarışı, başına gələnləri dil olub anlatmağa çalışırdı. Bir tərəfi yaralı olsa da, digər üzündə azadlığın vurduğu hava ilə abadlığa, dirçəlişə yol alıb. 

Hər daşında bir xatirə həkk olunduğunu düşünə-düşünə gəlib çatırıq məktəbə. Samirə müəllim bizi elə həyətdə qarşılayır. Hiss edirik ki, illər əvvələ dönmək,  onun xatirələrini yenidən oyatmaq çətin olacaq. 

S.Məmmədova Xocalıda doğulub, burada məktəbə yollanıb. Faciə zamanı isə cəmi 11 yaşı olub. Uşaqlıq illərinin yerini məcburi köçkünlük dövrü alıb. Onun xatirələrində doğma yurdu hər zaman abad olub. Ta ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecəyə qədər.

Xocalını gözəl xatırlayıram. Köhnə halını, insanlarını...

Xocalı çox ağır faciələr, günlər yaşayıb. Deyilməyəcək, izah olunmayacaq qədər ağır günlər, kitablar yazsan, vərəqləri az olacaq qədər. 34 il keçir o dəhşətdən, amma, buna baxmayaraq hər il eyni ağrı ilə xatırlayıram. O günlərdən rahat, sakit şəkildə danışmaq çətindir.

11 yaşında taleyin digər sakinlər kimi onun da çiyinlərinə yüklədiyi faciə yaddaşında əbədi həkk olur. Danışdıqca səsi gah boğulur, gah qəhərlənir. Dediyi kimi sakit şəkildə danışmaq çox çətindir. 

"Xocalıda raket səsləri ilə yatıb, oyanan, dərsə gedən uşaqlar olmuşuq. Bir sözlə, bu bizim həyatımızın parçası olmuşdu. Uşaq ağlımızla oyun kimi gəlirdi bizə. Bəzən hansı gecədə səs gəlməyəndə, fikirləşirdik ki, nə oldu?. Sanki yolunu gözləyirdik. Bu səslərin, bu qorxuların içində sevdiklərimiz yanımızda idi. Bütöv ailəli günlərimiz var idi. Bütün gurultuları müvəqqəti bilirdik. Valideynlərimiz  bunun keçib gedəsi olduğunu deyirdilər. Xoşbəxt uşaqlığımız var idi. Bəlkə də düşünərsiz ki, top, tüfəng səsləri içərisində xoşbəxtlik olur? 

Axı sevdiklərimiz sağlam idi, yanımızda idi. 34 il vaxt keçib, az müddət deyil. İndi əzizlərim yanımda deyil, indi gözlərim doğma torpaqda o gecə itirdiyim insanları axtarır. O dəhşət dolu gecəni xatırlamaq, onun ağırlığını hiss etmək çox çətindir. Ailə üzvlərimizdən şəhidlər oldu. Atam əsir düşdü. Ona dəhşətli işgəncələr verilmişdi. Təsəvvür edirsiniz, atamı elə görmək mənim üçün nə deməkdir? Xatırlamaq çətindir. Amma, unutmaq olmaz. Unutmamalıyıq, unutdurmamalıyıq".

Həmsöhbətim facidən sonra ailəsi ilə birgə Naftalan şəhərində məskunlaşır. Təhsilini burda müvəqqəti yerləşdirilmiş Xocalı rayon 1 nömrəli tam orta məktəbdə davam etdirir.  "Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul oldum, ibtidai sinif müəllimi ixtisasını bitirdim. Şagirdi olduğum məktəbə müəllim kimi gəldim. Evimizi tərk edəndə heç nə götürməmişdik. Naftalan şəhəri, camatı bizi səmimi, doğmalıqla qarşıladı, dəstək oldu, qucaq açdı. O ağrılı günləri birgə dəf etməyə çalışdıq. Təsəllimiz "bir gün mütləq qayıdacağıq" cümləsi idi.  Bir müddət sonra köçlə əlaqədar Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində məskunlaşdıq. Burada isə Xocalı rayon 4 nömrəli tam orta məktəbdə fəaliyyətimə davam etdim.  Torpaqlar azad edildikdən, təhsil sistemi bərpa olunduqdan sonra ərizə ilə müraciət etmişəm imtina edib, könüllü olaraq buraya- azad Xocalıya gəlmişəm.  Son 2 ildir ki, öz doğma torpağımda tədris prosesinin iştirakçılarındanam. Qürurvericidir burada olmaq. Sual ünvanlananda ki, harada işləyirsiniz? Hara sakinisiz? Cavabım “doğma elimdəyəm, Xocalıda işləyirəm”dir.

Samirə müəllim şagirdlərə vətənpərvərlik ruhunda böyüməyi, onlara vətən sevgisini azad torpaqda aşılamağın məsuliyyətinin bir ayrı olduğunu deyir: "Mən sizə danışıram, ancaq haradasa o duyğularımı ifadə etmədiyimi, o sevinci göstərə bilmədiyimi də düşünürəm. Xocalı gözəldir. Gündən-günə abadlaşır. Vətəndəyik. Vətən gözəldir. Müzəffər Ali Baş Komandanımızın, güclü ordumuzun sayəsində bu gün evimizdəyik, məktəbimizdə fəaliyyətimizə davam edirik. Biz qayıtmışıq. Biz evimizdəyik. Biz Xocalıdayıq".

İndi o, bayaqdan bəri sıxıb saxladığı göz yaşlarına hakim ola bilmir. Bu göz yaşları 11 yaşında evindən, uşaqlığından uzaq düşən uşağın göz yaşlarıdır. Bu göz yaşları illərdir gözləyən qızcığazın təsəlli tapdığı "qayıdacağıq" sözünün gerçəkliyə dönüşüdür.