36 ilin müəlliminə hazırlıq lazım deyil – Sertifikasiyada 56 bal toplayan müəllim
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə yekun vurulub. İlk dəfə olaraq texnologiya və fiziki tərbiyə müəllimləri də bu prosesə cəlb olunublar.
İmtahandan sonra həmsöhbət olduğumuz müəllimlər arasında 36 illik pedaqoji təcrübəyə malik Şəhla Əliyeva da var idi. O, 56 ballıq nəticəsindən danışarkən nə əməkhaqqı artımından, nə də imtahanın çətinliyindən söz açdı. Ən çox qürur duyduğu məqam başqa idi…
R.Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyinin texnologiya müəllimi Şəhla Əliyeva sertifikatlaşdırma imtahanında 56 bal toplayıb. Təhsildə uzun illər çalışmaq müəllimi həyəcan hissindən uzaqlaşdırmır. Elə Şəhla müəllim də təbii olaraq həyəcan hissinin olduğunu qeyd edir: “Təbii ki, həyəcan var idi. Amma sualları gördükdən sonra həyəcan yox oldu. Suallar çərçivə sənədlərinə uyğun idi. Asan, orta və çətin formada suallar var idi”.
Onun sözlərinə görə, metodika üzrə tapşırıqlar əsasən müəllim-şagird münasibətləri formasında tərtib olunmuşdu və imtahan ümumilikdə şəffaf şəkildə keçirilib: “İmtahan çox şəffaf keçirildi. İmtahan məntəqəsi Yasamal rayonu 158 nömrəli məktəbdə idi. Hər şey qaydasında təşkil olunmuşdu”.
36 illik pedaqoji təcrübəyə malik olan Şəhla müəllim imtahana heç bir hazırlıq kursuna qatılmadan hazırlaşıb: “İmtahana özüm hazırlaşmışam. Heç bir hazırlığa getməmişəm. 36 ilin müəlliminə hazırlıq lazım deyil”.
Bununla belə, o hesab edir ki, sertifikatlaşdırma prosesi müəllimlər üçün faydalıdır və insanın öz biliklərinə yenidən nəzər salmasına imkan yaradır: “Hər kəs hər zaman öz üzərində işləməlidir. Mənə elə gəlir ki, bu sertifikasiya mənə bilmədiklərimi, bəlkə də, yaddan çıxanları bir daha yada saldı”.
Şəhla müəllim əldə etdiyi nəticənin ona həm də mənəvi rahatlıq verdiyini vurğulayır: “Əlbəttə, bundan sonra şagirdlərimin, məktəbimizin qarşısına qürurla çıxacağam”.
36 illik müəllimlik fəaliyyətindən sonra sertifikatlaşdırmada əldə olunan 56 bal Şəhla müəllim üçün illərin təcrübəsinin, həm də peşəsinə sədaqətinin göstəricisidir. Və görünür, bu uğurun ən böyük dəyəri onu şagirdləri və məktəbinin qürurla qarşılayacaq olmasıdır.




