“5 ildir ki, bu günü böyük həvəslə gözləyirdim” - İmtahandan uğurla çıxanlar

18 İyun, 2026 - 17:08
“5 ildir ki, bu günü böyük həvəslə gözləyirdim”

Sertifikatlaşdırma imtahanı zalında hər müəllim eyni suallarla qarşılaşır. Amma həmin zala gələnə qədər keçilən yol hər kəs üçün fərqli olur. Kimi bu günü illərlə gözləyir, kimi isə onilliklərə söykənən təcrübəsinə baxmayaraq son ana qədər qeydlərini təkrar edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu gün keçirilən sertifikatlaşdırma imtahanında Xəzər rayonu 156 nömrəli tam orta məktəbin musiqi müəllimi Pərvin Niyazova 58 bal toplayıb. 13 illik pedaqoji fəaliyyətə malik müəllim nəticəsindən olduqca məmnundur.

“İmtahan çox şəffaf keçdi. Suallar düşündürücü, məntiqi təfəkkürə əsaslanan suallar idi. Buna baxmayaraq, yüksək nəticə əldə etdim və çox sevinirəm”, – deyə o bildirib.

Pərvin müəllimin sözlərinə görə, musiqi müəllimlərinin ilk dəfə sertifikatlaşdırmaya cəlb olunması onun uzun müddətdir gözlədiyi bir məqam olub: “Düzü, 5 ildir ki, bu günü böyük həvəslə gözləyirdim. Gözləyirdim ki, bizim də növbəmiz çatsın və özümüzü sınayaq, yüksək nəticə əldə edək”.

Bu onun qiymətləndirmə proseslərində ilk uğuru deyil. Müəllimlərin işə qəbulu müsabiqəsində də yüksək nəticə göstərən müəllim həmin imtahanda mümkün 60 baldan 57 bal toplayıb. Bu dəfə isə sertifikatlaşdırmada 58 bal əldə edib.

Pərvin Niyazova hesab edir ki, sertifikatlaşdırma müəllimlər üçün mühüm motivasiya vasitəsidir və onların peşəkar inkişafına müsbət təsir göstərir.

8 nömrəli tam orta məktəbin musiqi müəllimi Yeganə Əhmədova isə sertifikatlaşdırmaya uzun müddətdir ki, hazırlaşırmış. 27 illik pedaqoji təcrübəyə malik müəllim imtahanda 57 bal toplayıb.

O etiraf edir ki, hazırlıq prosesinə aylar öncədən başlayıb və imtahan gününə qədər çalışmalarını davam etdirib: “Keçən ildən hazırlaşırdım. Hətta bu səhərə qədər oxuyurdum. Evdə hər tərəf konspekt və qeydlərlə dolu idi. Özüm üçün vacib hesab etdiyim məqamları əlimlə yazmışdım ki, yadımda qalsın. Səhər də durub təkrar etdim, yolda da oxuyurdum”.

Müəllimin sözlərinə görə, suallar asan olmasa da, hazırlıqlı müəllimlər üçün cavablandırılması mümkün idi: “Bilən müəllim üçün cavablandırmaq mümkün idi, amma çətin suallar da var idi. Hətta mənim üçün də bir neçə sual düşündürücü oldu. Amma hiss olunurdu ki, hazırlıqlı olan müəllim bu sualların öhdəsindən gələ bilər”.

Yeganə Əhmədova sertifikatlaşdırmanın əsas üstünlüyünü müəllimləri yenidən öyrənməyə sövq etməsində görür: “Ən böyük faydalarından biri biliklərin yenilənməsi və təkrarlanmasıdır. Bu proses müəllimləri yenidən oxumağa, öyrənməyə sövq edir. Çünki bəzən bəzi həmkarlarım zamanla oxumaq vərdişindən uzaqlaşırlar, sertifikatlaşdırma isə ona yenidən oxumağa istiqamətləndirir.”

Birinin bu günü 5 il gözləməsi, digərinin isə 27 illik təcrübəsinə baxmayaraq son ana qədər hazırlaşması göstərir ki, sertifikatlaşdırma müəllimlər üçün özünü sınamaq və bilikləri yeniləmək üçün imkan yaradır.