5000-ə yaxın uşaq dövlət dəstəyi ilə özəl bağçalarda təhsil alıb

23 İyul, 2026 - 11:36
5000-ə yaxın uşaq dövlət dəstəyi ilə özəl bağçalarda təhsil alıb

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri tətbiq edilməklə məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu məqsədlə həyata keçirilən mühüm fəaliyyətlərdən biri də özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından istifadə edilməsidir. Elm və Təhsil Nazirliyi tərəfindən 2024-2025-ci illərdə həyata keçirilən "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində 24 özəl məktəbəqədər təhsil müəssisəsində 1300-ə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.
 
2025-2026-cı tədris ilində keçirilən qrant müsabiqəsində isə 63 özəl məktəbəqədər təhsil müəssisəsi qalib olub. Həmin müəssisələrin Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin dövlət tərəfindən qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Müsabiqə çərçivəsində 5000-ə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilmişdir.