57 balı cəmi 35 dəqiqəyə topladı - Bərdə müəlliminin uğuru

18 İyun, 2026 - 16:39
57 balı cəmi 35 dəqiqəyə topladı - Bərdə müəlliminin uğuru

Sertifikasiya imtahanında Qarabağ üzrə yüksək nəticələrdən biri cəmi 35 dəqiqəyə əldə edilib. Təsviri incəsənət müəllimi Şəbnəm Salahova sualları 35 dəqiqə ərzində cavablandıraraq 57 bal toplayıb.

"Azərbaycan müəllimi" qısa zamanda böyük uğur qazanan müəllimlə həmsöhbət olub. 

Şəbnəm Salahova Bərdə rayonu Xankişi İsmayilov adına Zümürxan kənd məktəbində fəaliyyət göstərir. 

"Yüksək nəticə toplamaq üçün ən əsası çətin testlər işləmək lazımdır ki, oxuduqlarımızı sınayaq. Çətin testləri məcburiyyət kimi yox, həvəslə etmək lazımdır. Qarşımıza da bir məqsəd qoymalıyıq ki, biz bu imtahanı keçməliyik.

​Mən qarşıma hədəf qoymuşdum: 55 balı keçməliyəm. Elə də oldu. 35 dəqiqəyə sualları cavablandırdım. Özümü daha çətin suallara hazırlaşmışdım, həyəcanlı idim. Amma sualları görəndə mənə bir rahatlıq gəldi və başladım tez-tez işləməyə. Heç geriyə də qayıtmadım, sadəcə düzgün cavabları bilirdim və irəliləyirdim. Sonra da nəticəni gördüm və xoşbəxt oldum".