“57 ilin necə keçdiyini hiss etmədim” - Təhsilə həsr olunan bir ömür

30 İyun, 2026 - 16:30
“57 ilin necə keçdiyini hiss etmədim”

Bir insanın ömür yolu təkcə işlədiyi illərlə deyil, eyni zamanda peşəkar fəaliyyəti ilə dəyərləndirilir. Elə şəxslər var ki, onilliklər ərzində öz peşəsinə sədaqəti, məsuliyyəti və zəhməti ilə çalışdığı qurumun tarixinin ayrılmaz hissəsinə çevrilirlər. Ömrünün 57 ilini Azərbaycan təhsil sisteminin inkişafına həsr etmiş Gülnaz Arıxovanın keçdiyi yol da məhz belə nümunələrdəndir. O, uzun illər ərzində iqtisadiyyat, planlaşdırma, maliyyə və statistika sahələrində səmərəli fəaliyyət göstərərək təhsil sisteminin idarə olunması və inkişafına mühüm töhfələr verib.

İyunun 29-da Elm və Təhsil Nazirliyinin nəzdində “Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri üzrə” elmi-tədqiqat laboratoriyasının təhsilin iqtisadiyyatı qrupunun mütəxəssisi Gülnaz Arıxova uzunmüddətli səmərəli fəaliyyətinə görə elm və təhsil nazirinin əmri ilə “Fəxri fərman”la təltif olunub.

Elm və Təhsil Nazirliyində keçirilən mükafatlandırma mərasimində nazirliyin Aparat rəhbəri Mətin Kərimli Gülnaz Arıxovanın 57 illik fəaliyyətinə nəzər salaraq təhsil sisteminin inkişafına verdiyi töhfələrdən, dövlət qulluğunda keçdiyi şərəfli əmək yolundan və peşəkarlığından bəhs edib. Qeyd olunub ki, nazirliyin coxillik təcrübəyə malik əməkdaşı uzun illər ərzində təhsil sahəsində iqtisadiyyat, maliyyə, statistika və planlaşdırma istiqamətlərində məsuliyyətlə çalışaraq özünü peşəkar mütəxəssis, etibarlı dövlət qulluqçusu kimi təsdiqləyib, yüksək işgüzarlığı ilə həmkarlarının böyük hörmətini qazanıb. Aparat rəhbəri qeyd edib ki, Gülnaz Arıxovanın 57 illik fasiləsiz əmək fəaliyyəti peşəsinə, dövlətə və təhsil sahəsinə sədaqətin ən gözəl nümunələrindən biridir: “57 il eyni dövlət qurumunda Azərbaycan təhsilinə xidmət etmək artıq peşə fəaliyyəti deyil, eyni zamanda sədaqət tarixidir”.

Sonra mərasimdə iştirak edən əməkdaşlar, Gülnaz xanımın həmkarları onun peşəkarlığından söz açıblar. Çıxışlarda bildirilib ki, Gülnaz Arıxova təhsilin iqtisadiyyatı, maliyyə planlaşdırılması və statistika sahələrində zəngin təcrübəyə malik mütəxəssis olmaqla yanaşı, gənc əməkdaşlara hər zaman dəstək göstərən, bilik və təcrübəsini bölüşən nümunəvi dövlət qulluqçusudur. 

Çıxışlarda həmçinin qeyd olunub ki, Gülnaz Arıxova təkcə peşəkar iqtisadçı deyil, həm də təhsil sisteminin müxtəlif inkişaf mərhələlərinin canlı şahidi və iştirakçısıdır. Onun təhsilin iqtisadiyyatı, maliyyə planlaşdırılması və statistika sahəsində topladığı zəngin təcrübə bu gün də öz aktuallığını qoruyur. Bildirilib ki, dövlət qulluğuna sədaqətlə xidmət edən Gülnaz xanım öz vicdanlı əməyi, zəhmətkeşliyi və yüksək insani keyfiyyətləri ilə gənc əməkdaşlar üçün örnəkdir.

Gülnaz Arıxova çıxış üşün söz alaraq ona göstərilən yüksək diqqət və etimada görə elm və təhsil naziri Emin Əmrullayevə, nazirliyin kollektivinə təşəkkürünü bildirib, ömrünün ən dəyərli illərini Azərbaycan təhsilinə həsr etməkdən hər zaman qürur duyduğunu qeyd edib.

Sonda nazirliyin Aparat rəhbəri Mətin Kərimli Gülnaz Arıxovaya Elm  və Təhsil Nazirliyinin “Fəxri fərmanı”nı təqdim edərək elm və təhsil nazirinin ən xoş arzularını çatdırıb.

Səslənən fikirlər sanki mərasimin ümumi ovqatını belə ifadə edirdi: “Belə insanların qazandığı ən böyük mükafat illər boyu qazandıqları hörmət və etimaddır”.

Mükafatlandırmanın arxasında dayanan ömür

Hər bir mükafatın görünən tərəfi bir mərasim, təltif və alqışdır. Görünməyən tərəfində isə illərin zəhməti, peşəyə sədaqət, insanlara xidmət və ömürboyu qazanılmış etibar dayanır. Gülnaz Arıxovaya  təqdim olunan “Fəxri fərman” da məhz belə bir həyat yolunun qiymətidir. 

Təltifetmə mərasimindən sonra qərara gəldik ki, “Azərbaycan müəllimi” olaraq 57 illik ömür və fəaliyyət tarixçəsini ən səmimi şəkildə elə onun öz dilindən dinləyək.

“İşə maarif naziri Mehdi Mehdizadənin əmri ilə qəbul olunmuşam”

Gülnaz xanımın 75 illik ömür kitabının səhifələrini birlikdə çevirirk. 1951-ci ildə Qazax rayonunda doğulan Gülnaz Arıxova elə orta təhsilini də orada alıb: “1968-ci ildə Yenigün kənd tam orta məktəbini bitirmişəm. Həmin il Azərbaycan Politexnik İnstitutunun (İndiki Azərbaycan Texniki Universiteti) Texnologiya fakültəsinin axşam şöbəsinə qəbul olundum. Həyatımın ən böyük dönüş nöqtəsi 18 yaşım tamam olan günün səhərisi o zamankı Maarif Nazirliyində işə başlamağım oldu. 

İşə pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, professor, Azərbaycan SSR-nin xalq maarif naziri Mehdi Mehdizadənin əmri ilə qəbul olunmuşam. Bunu həyatımın ən böyük xoşbəxtliklərindən biri sayıram. Mehdi Mehdizadə ilə işləmək, onu yaxından tanımaq, tövsiyələrini dinləmək mənim üçün böyük məktəb oldu”.

"İş yerim mənim üçün sadəcə çalışdığım məkan olmayıb"

Həmsöhbətimiz qeyd edir ki, elə həmin gündən taleyini bu qurumla bağlayıb. “İlk iş yeri nazirliyin Təsərrüfat şöbəsi olub: “Gənc idim, öyrənməyə böyük həvəsim vardı. İşimi sevirdim. Elə buna görə də mənə göstərilən etimadı doğrultmağa çalışırdım”, - deyir Gülnaz xanım. 

Onun sözlərinə görə, illər keçdikcə məsuliyyəti də artırdı. Sonralar bir müddət həmin şöbənin müdiri olub: “1978-ci ildə nazirlikdə Dərslik şöbəsi yaradıldı. Və mən həmin şöbənin ilk əməkdaşlarından biri olaraq iqtisadçı kimi fəaliyyət göstərdim”.

1988-ci ildə nazirlikdə gedən struktur dəyişiklikləri onun fəaliyyətinə öz müsbət təsirini göstərib. Belə ki, o, nazirliyin Maliyyə-iqtisad şöbəsində iqtisadçı kimi işləməyə başlayır. Təhsilin iqtisadiyyatı, maliyyə planlaşdırılması və statistika sahəsi onun əsas fəaliyyət istiqaməti olur: “Düzünü desəm, 57 ilin necə keçdiyini hiss etmədim. Çünki işimi sevirəm. Hər gün nazirliyə eyni həvəslə, eyni ruh yüksəkliyi ilə gəlirəm. Bura  mənim üçün sadəcə çalışdığım məkan olmayıb. Elm və Təhsil Nazirliyi mənim özümü təsdiqlədiyim doğma iş yerimdir”, -deyə Gülnaz xanım səmimi olaraq etiraf edir.

“Mənim üçün ən böyük qazanc hörmət, etibar və insanların sevgisidir”
 
Gülnaz Arıxova ilə söhbətimiz zamanı söyləyir ki, ömrünün ən gözəl illərini Azərbaycan təhsilinin necə inkişaf etməsini görmək və bu prosesin tam içində olmaqla keçib. Söhbət əsnasında bir anlıq xəyala dalır. Gözlərində qürur, danışığında isə təvazökarlıq sezilir:“İnsan gənc olanda elə bilir ki, qarşıda çox uzun yol var. Sonra bir gün dayanıb geriyə baxırsan və anlayırsan ki, illər necə də sürətlə ötüb. Mən də geriyə baxanda heç nəyə görə peşiman deyiləm, yalnız minnətdarlıq hissi keçirirəm. Əksinə, şükür edirəm ki, ömrümün ən gözəl illərini Azərbaycan təhsilinə xidmət etməyə həsr etmişəm”.

O deyir ki, işlədiyi illər ərzində çoxlu sayda həmkarlar qazanıb, müxtəlif nəsillərin formalaşmasına şahidlik edib, uğurlar əldə edib: “İnsan ömründə hər şey olur. Çətin günlər də, sevincli anlar da. Amma vicdanla işləyəndə heç nədən çəkinmirsən. Mən həmişə çalışmışam ki, işimi dürüst görüm, insanlara hörmətlə yanaşım. Elə bilirəm ki, insanın ən böyük sərvəti də məhz budur. Mənim üçün ən böyük qazanc hörmət, etibar və insanların sevgisidir”.

Gənclərə demək istəyirəm ki…

Yaşadığı 75 illik ömrünün 57 illik iş təcrübəsini bir cümlədə ifadə etmək çətin olsa da, Gülnaz xanım gənclərə ünvanladığı fikirlərini sadə, amma dərin mənalarla ifadə edir: “Gənclərə demək istəyirəm ki, hansı peşəni seçirlərsə seçsinlər, onu ürəklə sevsinlər. İşini sevən insan heç vaxt yorulmur. Vicdanla işləmək, daim öyrənmək və dövlətə sədaqətlə xidmət etmək insanı həm peşəkar, həm də şəxsiyyət kimi ucaldır”.

FOTO: Kənan Qafarov

“57 ilin necə keçdiyini hiss etmədim”
“57 ilin necə keçdiyini hiss etmədim”
“57 ilin necə keçdiyini hiss etmədim”
“57 ilin necə keçdiyini hiss etmədim”
“57 ilin necə keçdiyini hiss etmədim”
“57 ilin necə keçdiyini hiss etmədim”