6 ildə 3 ölkədə müəllimlik etdi
Biri məktəb dəyişdirir, biri rayon, bölgə. Ucqar kənddə başlayıb paytaxtda müəllimliyi davam etdirənlərlə çox rastlaşmışıq. Budəfəki qəhrəmanımız isə birbaşa ölkə dəyişdirib. Təkcə son 6 ildə Azərbaycandan başqa artıq 3 ölkə dəyişdirib. Qəhrəmanımızı siz də tanıyın.
“Pedaqogikada əsas prinsipim davamlı öyrənməkdir. Neçə illik təcrübəmə baxmayaraq, hər gün yeni metodologiyaları araşdırıram. Uşaqların qavrama dünyası və öyrənmə vərdişləri dəyişdiyi üçün riyaziyyatı 10 il əvvəlki üsullarla deyil, müasir interaktiv metodlarla tədris edirəm”, - bu fikrin müəllifi Gülnar Cavaddır. O, 2026-cı ilin yanvarından etibarən Özbəkistanın Daşkənd şəhərində yerləşən aparıcı beynəlxalq məktəblər şəbəkəsində çalışır: ““Nord Anglia Taşkent International School”un Daşkənddəki filialı “The British School of Tashkent”də (BST) çalışıram. 2026-cı ilin yanvar ayından etibarən ailəmlə birlikdə məktəbin kampusunda yaşayırıq. Təhsil müəssisəsinin peşəkar inkişaf üçün yaratdığı geniş imkanlar işimi daha da məhsuldar edir Övladlarım buradakı mühiti çox sevir”.
Özünü ilk gündən beynəlxalq təhsil sisteminə hazırlayıb
Gülnar müəllim Özbəkistandan əlavə bir çox başqa məktəblərdə, hətta müxtəlif ölkələrdə çalışıb: “2020-ci ilin sonlarında artıq özümü beynəlxalq arenada sınamaq, fərqli ölkələrin məktəb mədəniyyətini, iş rejimini öyrənmək və müxtəlif millətlərdən olan şagird, valideyn və rəhbərlərlə çalışmaq qərarına gəldim. Onlayn müsahibələrdən sonra ilk olaraq Omanın Sohar şəhərindəki beynəlxalq məktəbdə yuxarı siniflər üzrə riyaziyyat müəllimi və departament rəhbəri kimi 2 il yarım fəaliyyət göstərdim. Daha sonra, 2024–2025-ci illərdə Səudiyyə Ərəbistanındakı Beynəlxalq qız məktəbində yuxarı siniflərə riyaziyyat fənnini tədris etdim və riyaziyyat departamentinə rəhbərlik etdim”.
Təsadüflə başlayan müəllimlik sevgisi
Gülnar Cavad müəllim ailəsində doğulsa da, özü müəllimliyi seçməyib, əksinə, müəllimlik onu “tapıb” desək, lap yerinə düşər. Belə ki, ilk ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Tətbiqi riyaziyyat” ixtisası üzrə alıb. Müəllimlik fəaliyyətinə tamamilə təsadüfən başlayıb: “2008-ci ildə bacım Bakıdakı beynəlxalq məktəblərin birində dərslərə kömək etməyi təklif etdi. İnsanlara yardım etməyi sevdiyim üçün həmin məktəbdə II sinif şagirdlərinə gün ərzində bir neçə saat dəstək olmağa başladım. Balaca uşaqlarla işləmək mənim üçün o qədər maraqlı oldu ki, 3 ay sonra məktəb rəhbərliyi aşağı siniflərdə rəsmi olaraq köməkçi müəllim kimi fəaliyyətə başlamağımı təklif edəndə dərhal qəbul etdim. Beynəlxalq məktəb mühitinin dinamikasında müəllimliyə qəlbən bağlandım”.
Odur ki, 2 il köməkçi müəllim kimi çalışdıqdan sonra qarşısına daha böyük hədəf qoyub: “Tədris ingilis dilində aparılan təhsil müəssisələrində riyaziyyat müəllimi olmaq istəyirdim. Bunun üçün qarşımda iki mühüm addım vardı. Əvvəlcə ingilis dili üzrə biliyimi təkmilləşdirməli idim. 2010-cu ildə Böyük Britaniyaya getdim. Londonun “Wimbledon Academy” dil mərkəzində bir ay ərzində gecə-gündüz yorulmadan çalışaraq dil biliklərimi yüksəltdim və sertifikat əldə etdim. Bu uğur mənə böyük motivasiya verdi. Sonra 2010–2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Riyaziyyat və informatika fakültəsində yenidən hazırlanma təhsili aldım. 2011-ci ildən riyaziyyat müəllimi kimi fəaliyyətə başladım”.
Gülnar müəllim Bakıda ümumilikdə 3 fərqli beynəlxalq məktəbdə müəllim işləyib. Müəllim olaraq öz üzərində daim çalışıb: “Paralel olaraq, Böyük Britaniyanın Derbi Universitetinin (University of Derby) onlayn formada PGCE (Postgraduate Certificate in Education) beynəlxalq pedaqoji sertifikatını əldə etdim”.
“Beynəlxalq məktəblərə azərbaycanlı müəllimlərin cəlb olunmasına dəstək verirəm”
Bu gün ölkəmizi beynəlxalq səviyyədə təmsil edən Gülnar Cavad deyir ki, Azərbaycan müəllimi özünün bir çox xüsusiyyətləri ilə beynəlxalq miqyasda seçilir: “İllərin təcrübəsi mənə göstərdi ki, öz üzərində davamlı çalışan Azərbaycan müəllimi işgüzarlığı, peşəkarlığı, dürüstlüyü və şagirdlərə olan səmimi qayğısı ilə xaricdə hər zaman yüksək qiymətləndirilir. Xaricdə qazandığım nüfuz və beynəlxalq rəhbərlərlə qurduğum etibarlı əlaqələr sayəsində Malayziyaya, Özbəkistana və digər ölkələrin beynəlxalq məktəblərinə dəyərli azərbaycanlı müəllim həmkarlarımın cəlb olunmasına dəstək verirəm”.
Peşəkarlığınıza inanırsınızsa…
Gülnar Cavadın həmkarlarına tövsiyəsi də var: “Xaricdə karyera qurmaq istəyən həmkarlarıma tövsiyəm odur ki, beynəlxalq məktəblərə inteqrasiya vaxt, səbir və böyük əzm tələb edir. Peşəkarlığınıza inanırsınızsa və zəhmət çəkirsinizsə, ayırdığınız hər bir dəqiqə mütləq dəyərləndiriləcək və bəhrəsini verəcək”.




