60 tələbə təqaüd proqramından yararlanıb - İlqar Bayramlı

18 Fevral, 2026 - 14:27
60 tələbə təqaüd proqramından yararlanıb

“Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “AzerGold” QSC arasında 2021-ci ildə imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində formalaşan strateji tərəfdaşlıq sayəsində tələbələrin bu şirkətdə təcrübə keçməsi, rezerv kadrların hazırlanması və ixtisaslı təhsil kadrlarının yetişdirilməsi baxımından uğurlu nəticələr əldə olunub”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı ali və peşə təhsili üzrə təqaüd proqramlarının qaliblərinin təltifolunma mərasimində səsləndirib. 

İ.Bayramlının sözlərinə görə, indiyədək peşə təhsili müəssisəsinin 60-a yaxın tələbəsi bu təqaüd proqramından yararlanıb və şirkətdə işlə təmin olunublar: “Bu tələbələr təhsil aldıqları müddətdə təqaüd almaqla yanaşı, “AzerGold” şirkətində istehsalat təcrübəsi keçmək və praktiki bacarıqlarını inkişaf etdirmək üçün unikal imkan əldə ediblər.

Peşə təhsili və insan kapitalının inkişafı dövlətimizin təhsil siyasətində prioritet istiqamətlərdən biridir. Son illər ərzində bu sahədə mühüm islahatlar həyata keçirilmiş, strateji sənədlərdə peşə təhsilinin inkişafı xüsusi yer almışdır. Peşə təhsilinin inkişafı, müasir infrastrukturun qurulması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi əsas hədəflər kimi müəyyən edilmişdir. Bu yanaşma peşə təhsilinin nüfuzunun artmasına və gənclərin dayanıqlı məşğulluğunun təmin edilməsinə mühüm töhfə verəcək”, – deyə direktor qeyd edib.