700 bal toplayan abituriyent: Əziyyət çəkən hər bir abituriyent bunun bəhrəsini görür
"Nəticələr açıqlananda ilk olaraq telefonuma mesaj gəldi, daha sonra xəbər saytlarında 700 bal topladığımı oxudum. Əslində, bu nəticəni gözləyirdim, çünki imtahandan sonra bütün sualları yoxlamışdım. Sadəcə situasiya tipli suallarda nə qədər bal veriləcəyinə əmin deyildim. Amma bu gün maksimum bal topladığımı gördüm. Çox sevincliyəm. Ona görə sevinirəm ki, valideynlərimin, müəllimlərimin gözləntilərini doğrulda bildim".
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Bakı şəhəri 272 nömrəli tam orta məktəbin məzunu Sona Nurməmmədli deyib.
O bildirib ki, imtahana hazırlıq böyük zəhmət tələb edir. Hazırlıq prosesində mənim üçün ən çətini vaxtı düzgün bölüşdürmək idi.
"Çünki elə bölüşdürmək lazımdır ki, bütün fənlərə ən yaxşı şəkildə hazırlaşa biləsən. İstirahətə çox az vaxt ayıra bilirdim. Amma nailiyyət də zəhmətsiz mümkün deyil. Düşünürəm ki, əziyyət çəkən hər bir abituriyent onun bəhrəsini görür.
Təhsilimi vətənimdə davam etdirmək istəyirəm. Məqsədim Azərbaycan Tibb Universitetində Tibb fakültəsində təhsil almaqdır. Sonda cəmiyyətə, insanlara faydalı bir kadr olmaq istəyirəm".



