75 illik bina yeniləndi: Yeni Suvagilin müasir bağçası balacaların ixtiyarında
Zaqatala rayonu ölkəmizdə multikultural dəyərlərin, tolerantlığın və müxtəlif xalqların əsrlər boyu birlik və mehribanlıq şəraitində yaşamasının bariz nümunələrindən biridir. Rayonun ayrı-ayrı kəndlərində müxtəlif etnik qrupların nümayəndələri öz milli adət-ənənələrini qoruyaraq, Azərbaycan cəmiyyətinin ayrılmaz parçası kimi vahid ailə şəraitində yaşayırlar. Bu tolerantlıq mühitinin daha bir parlaq nümunəsi isə əsasən saxurların məskunlaşdığı Yeni Suvagil kəndidir.
Kənddə sakinlərin rahat yaşayışı üçün lazımi infrastruktur yaradılıb. Burada sosial obyektlərin fəaliyyəti də diqqət mərkəzində saxlanılır. Bu baxımdan 2 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsi kənd sakinləri, xüsusilə də uşaqlar və valideynlər üçün əlamətdar hadisəyə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri Yeni Suvagildəki uşaq bağçasında olub, fidanların sevincinə şərik çıxıb, burada yaradılan şəraiti yerində izləyib, valideyn və tərbiyəçilərin təəssüratlarını öyrənib.
Gül-çiçəklə qarşılanan qonaqlar və balaca Nəcibənin şeiri
Bağçanın həyətinə qədəm qoyarkən bizi ilk qarşılayan əlvan gül-çiçəklər və balaca fidanların sevinc dolu gülüşləri olur. Qonaqlar bir-bir kəndə təşrif buyurur. Balaca fidanları təbrik etməyə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Zaqatala rayonu üzrə təhsil sektorunun müdiri Kəmalə Əhmədova və digər qonaqlar gəliblər.
Çıxış edənlər son illərdə məktəbəqədər təhsil müəssisələrində aparılan yenidənqurma işlərini, maddi-texniki bazanın gücləndirilməsini və uşaqların təhsilə cəlb olunma göstəricilərinin artmasını xüsusi vurğulayırlar. İcra hakimiyyətinin uşaqlara xüsusi hədiyyələri təqdim edildikdən sonra qonaqlar bağçadakı şəraitlə tanış olublar.
Tədbirin ən kövrək anı isə 90 fidanın adından çıxış edən balaca Nəcibənin ürək sözləri və səsləndirdiyi şeir olur:
“Millətin qeyrətli, bol-bol sərvətli,
Azərbaycan adlı dövlətimiz var.
Dünyada tanınmış şanlı-şöhrətli,
Heydər baba kimi liderimiz var...”
“İndi biz övladlarımızı rahatlıqla bura həvalə edib, işimizə gedə bilirik”
Yaradılan səliqə-sahman və gigiyenik şərait, ilk növbədə, valideynlərin ürəyincədir. Üç övlad anası Aynur Əhmədova sevincli təəssüratlarını bizimlə bölüşür: “Bir valideyn kimi çox xoşbəxtəm. Hər cür şəraiti olan, gigiyenik qaydalara tam riayət olunan bir bağçanın açılması böyük köməkdir. İndi biz övladlarımızı rahatlıqla bura həvalə edib, işimizə gedə bilirik”.
Təmirdən sonra bağçada pedaqoji heyətin də sayı artırılıb. 10 ildən artıqdır tərbiyəçi işləyən Könül Turacova deyir ki, təmir bitəndən sonra bütün kollektiv böyük həvəslə işə girişib. “Mənim kimi bir çox tərbiyəçi gəncdir. Hətta elə valideynlərimiz oldu ki, təmir başa çatandan sonra köməyini əsirgəmədi. Müdirimiz Bənövşə xanımın diqqət və qayğısı ilə həyətimiz əsl cənnət məkana bənzəyir. Bu həyətə daxil olanda insan əsl tərbiyə müəssisəsinə gəldiyini hiss edir”, - deyə o vurğulayır.
75 illik tarixdən müasir uşaq bağçasına...
Bəs, bu müəssisənin tarixi necə başlayıb? Bağçanın müdiri, ömrünü fidanların tərbiyəsinə həsr etmiş Bənövşə Hüseynova binanın maraqlı keçmişindən söz açır: “Bu bina 1953-cü ildə inşa olunub və qonaq evi kimi fəaliyyət göstərib. 1968-ci ildən orta məktəb, 1988-ci ildən isə 2 nömrəli uşaq bağçası kimi istifadəyə verilib. Əvvəl 2 yaş qrupu ilə başlamışdıq, sonra tələbat artdıqca qrup sayını 5-ə çatdırdıq. Hazırda burada 90 uşaq tərbiyə alır, 30 pedaqoji işçi çalışır. Lakin növbədə 20-dən çox uşaq var, əlavə qrupun açılmasına da ehtiyac duyulur”.
Son illər baş verən təbii fəlakətlərdən sonra demək olar ki, yararsız hala düşən bu bina artıq tam yenilənərək uşaqların ixtiyarındadır.
Həyətdəki gül-çiçək təravəti bağçanın daxilinə də yayılır. Uşaqların sağlam qidalanması, gigiyenası və təhlükəsizlik qaydalarına əməl olunması ən yüksək səviyyədədir.
Fidanlara, onların qayğıkeş tərbiyəçilərinə uğurlar arzulayaraq uşaq bağçasından ayrılırıq.




