80 faizdən daha çox nəticə göstərənlərin maaşları 35 faiz artırılsın – Sertifikasiya ilə bağlı TƏKLİF 

17 Mart, 2026 - 12:19
80 faizdən daha çox nəticə göstərənlərin maaşları 35 faiz artırılsın

“Mövcud qaydalara əsasən, sertifikatlaşdırmanın imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqları 10 faiz, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faiz artır. Daha çox təhsilverənin sertifikaslaşdırmaya cəlb ediləcəyini nəzərə alaraq bu qaydaların da dəyişdirilməsi məqsədəuyğundur. İmtahanlarda 51 baldan deyil, 80 faizindən daha çoxunu toplayanların maaşlarının sonuncu pillə, yəni 35 faiz artırılması uyğun olardı”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Deputat qeyd edib ki, bu halda 48 və daha çox bal toplayan müəllimlərdə maaş artımları 35 faiz olar, bu da sözügedən sektorda əməyin daha yaxşı qiymətləndilməsinə imkan verə bilər: “Hazırda 48-51 ballar toplayan müəllimlərdə əməkhaqqı artımı 35 deyil, 10 faizdir. Mövcud qaydalarda 50 bal toplayan müəllimin maaşında 10 faiz, cəmi 1 bal çox toplayanda isə 35 faiz artım olur. Beynəlxalq qiymətləndirmə standardlarına uyğun olaraq, 80 faizdən daha çox nəticə göstərənlərin maaşların 10 deyil, 35 faiz artırılması məqsədəuyğundur”.

Deputat bildirib ki, Əmək Məcəlləsinin 67.2 maddəsinə təklif edilən dəyişikliklərə əsasən, bütövlükdə incəsənət məktəblərində çalışan təhsilverilənlər də sertifikatlaşdırma imtahanlarına cəlb olunacaqlar. Həmin maddəyə əsasən, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür və eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər: “Bununla belə, təklif edərdim ki, həmin maddə üzrə sertifikatlaşdırmaya cəlb edilməyən vətəndaşlarımızın siyahısı genişləndirilsin”.

V.Bayramlının sözlərinə görə, müzakirə edilən layihə üzrə incəsənət sektorunda beynəlxalq müsabiqə qaliblərinin sertifikatlaşdırmadan azad edilməsi məqsədəuyğun olar: “Eyni zamanda, Məcəllənin 67-ci maddəsində 3 dəfə deyil, ən azı 2 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslərin sertifikatlaşdırmaya cəlb edilməməsini təklif edərdim. Razılaşaq ki, 2 dəfə sertifikatlaşdırmadan uğurla keçmək təhsil müəssisəsində keyfiyyətli təhsil vermək üçün kifayət edir. Həmin şəxslərin yenidən 3-cü dəfə sertifikatlaşdırmaya cəlb edilməsinə xüsusi ehtiyac qalmır”.