94 nəfər RFO-nun qızıl medalçısı olub
Respublika fənn olimpiadalarında 2025/2026-cı təhsil ili üzrə ümumilikdə 73 193 nəfər şagird iştirak edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, iştirakçı aktivliyi daha çox iki fəndə müşahidə olunub: riyaziyyat (20 026), Azərbaycan dili və ədəbiyyat (18 835). Fizika fənni ən az (4 389) iştirakçı sayı ilə yadda qalır.
İştirakçıların 40 269 nəfəri qız, 32 924 nəfəri oğlan olub. Ümumilikdə 94 nəfər qızıl, 169 nəfər gümüş, 257 nəfər bürünc mükafatçı müəyyənləşdirilib.
Builki mükafatlandırma mərasimi üç universitetdə - Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (9 iyun, təbiət fənləri üzrə), ADA Universitetində (10 iyun, texniki fənlər üzrə) və Bakı Dövlət Universitetində (11 iyun, humanitar fənlər üzrə) keçiriləcək. Bütün tədbirlər saat 16:00-da başlayır.
Mükafatlandırma mərasimində Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri, universitet rektorları, millət vəkilləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, Respublika fənn olimpiadaları hər tədris ilində bir dəfə olmaqla Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır.
Olimpiada ümumilikdə dörd mərhələdə təşkil edilir. Məktəb mərhələsi, rayon (şəhər) mərhələsi, respublika mərhələsinin yarımfinal turu və respublika mərhələsinin final turu.
Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla 8 müxtəlif fənn üzrə keçirilir.
Respublika Fənn Olimpiadalarında sadəcə VIII, IX, X və XI sinif şagirdləri iştirak edə bilirlər.
Qeyd edək ki, Respublika fənn olimpiadaları proqramı məktəb proqramı ilə məhdudlaşmır. Olimpiadalarla əlaqədar müvafiq proqram tədris ilinin əvvəlində təhsil idarələri vasitəsilə məktəblərə göndərilir və www.arti.edu.az saytında yerləşdirilir.
AR Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Respublika fənn olimpiadalarının qalibləri universitetlərə bir çox ixtisaslar üzrə müsabiqədənkənar qəbul oluna bilirlər.



